Rəqabət Məcəlləsinin qəbulu ləngiyir Hadisə

Rəqabət Məcəlləsinin qəbulu ləngiyir

Komitə sədri: "İqtisadiyyat və Sənaye Nazirliyi hökumətlə məsləhətləşmlər aparır"

Rəqabət Məcəlləsinin qəbuluna ciddi ehtiyac duyulur və nəhayət, bu sənəd parlamentin müzakirələrinə çıxarılıb qəbul olunmalıdır.
Bunu parlamentin İqtisadi siyasət komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2014-cü il payız sessiyası ilə bağlı sentyabrın 19-da keçirilən ilk iclasında çıxışı zamanı deputat Vahid Əhmədov dilə gətirib.
Onun qeyd etdiyinə görə, Azərbaycanda haqsız rəqabətin, monopoliyanın qarşısının alınması, bazar münasibətlərinin normal qaydada tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbulu olduqca zəruri və vacibdir: "Bu məcəllə artıq 10 ilə yaxındır ki, qəbul olunub başa çatdırılmır. Hər sessiya başlayanda bu haqda danışırıq, narahatlığımızı bildiririk, ancaq sonda dəyişən heç nə yoxdur. Məcəllənin qəbulu hər dəfə təxirə salınır. Belə olmaz. Hesab edirəm ki, nəhayət, Rəqabət Məcəlləsi payız sessiyasının müzakirələrinə çıxarılmalı və qəbul olunmalıdır".
V.Əhmədovun fikirləri həmkarı Əli Məsimli tərəfindən dəstəklənib: "Doğrudan da, belə bir məcəllənin qəbuluna böyük ehtiyac var. Bu məcəllənin qəbulu ölkədə haqsız rəqabətin, monopoliyanın aradan qaldırılmasına öz töhfəsini verəcək. Demirəm ki, bu məcəllənin qəbulu ilə hər şey düzələcək, amma hər halda onun çox böyük və müsbət təsiri olacaq".
Sözügedən komitənin sədri Ziyad Səməzadə də Rəqabət Məcəlləsinin qəbuluna tərəfdar olduğunu deyib və sözlərinə əlavə edib ki, bu sənədin təşəbbüsçüsü olan İqtisadiyyat və Sənaye Nazirliyi bu yöndə hökumətlə müzakirələr, məsləhətləşmlər aparır.