““ASAN xidmət” qürur duyula bilinəcək nümunədir” Hadisə

““ASAN xidmət” qürur duyula bilinəcək nümunədir”

"Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi bu ölkənin Avropa Şurasına öz rolunu təqdim etməsinə imkan yaradır". APA-nın məlumatına görə, bunu Avropa Şurasının Demokratik Təsisatlar və İdarəçilik Departamentinin rəhbəri Alfonso Zardi "İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, konfransın keçirilməsində məqsəd dövlət qulluğu sahəsində müxtəlif təcrübələri təqdim etməkdir: "Bu mövzu bütün Avropa məkanı üçün vacib olan məsələdir. Bütün Avropa ölkələrində dövlət qulluğunun göstərilməsi və qeyri-mərkəzləşdirilməsi çox vacibdir. Bunun üçün isə mütəxəssislərin fikir, tövsiyə və müzakirələri vacib rol oynayır". Avropa Şurasının departament rəhbəri hesab edir ki, konfransın Bakıda keçirilməsi Azərbaycanın digər Avropa ölkələri ilə dövlət qulluğu sahəsində təcrübə mübadiləsinə, əlaqələrin genişləndirilməsinə şərait yaradacaq. ATƏT-in İqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən isə son illər Azərbaycanın həm ictimai, həm də özəl sahədə yaxşı idarəçilik tətbiq etdiyini söyləyib: "Azərbaycan vətəndaşlara dövlət qulluğunun göstərilməsində xeyli irəliləyişə nail olub. "ASAN xidmət" mərkəzlərinin yaradılması Azərbaycanın qürur duya biləcəyi nümunələrdəndir".