Buraxılış və qəbul imtahanlarının keçirilməsinə başlanılır Hadisə

Buraxılış və qəbul imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır. DİM-dən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar. İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.
6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcəkdir.
Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s.) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
Sumqayıt şəhəri və Abşeron rayonunda 9 və 11, Bərdə rayonunda isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər. Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcəkdir.
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
İmtahan iştirakçıları tibbi maska taxmalıdırlar və imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni də çap edib özləri ilə gətirməlidirlər. “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamə Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imzalanır.
Beləliklə, imtahanlarda iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunacaq: imtahana buraxılış vərəqəsi; şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsi; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələri. Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır). Tibbi maska taxmayan, həmçinin qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan abituriyent imtahana buraxılmır.
İmtahanlara gələnlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusun olmaması barədə bəyannamə imzalamalıdırlar. DİM sədri Məleykə Abbaszadə deyib ki, ailəsində koronavirusa yoluxan şəxs olan abituriyentlər iyunda keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcəklər: “Onlar sentyabrda imtahan verərək attestat ala biləcəklər, amma ali məktəblərə qəbul olmaq üçün bu il imtahan verə bilməyəcəklər. Belə hal ilk dəfə baş vermir. Əvvəlki illərdə də suçiçəyi, qızılca kimi xəstəliyi olanlar imtahanlara buraxılmayıblar. Biz insanların təhlükəsizliyini qorumalıyıq və bu, daha vacibdir”.