Koronavirusa yoluxmuş şəxslərin evdə müşahidəsinə dair qaydalar açıqlanıb Hadisə

Koronavirusa yoluxmuş şəxslərin evdə müşahidəsinə dair qaydalar açıqlanıb

Koronavirusa yoluxmuş şəxslərin evdə müşahidəsinə dair sənəd açıqlanıb.
Sənədə əsasən, COVID-19 xəstəliyinə götürülmüş analiz nəticələri pozitiv çıxan bütün şəxslərə dərhal SMS vasitəsilə müvafiq məlumat və evdə məcburi özünü təcridin davam etdirilməsi barədə xəbərdarlıq göndərilir. Sənəddə statistik göstəricilər və bir sıra ölkələrin tətbiq etdiyi təcrübəyə əsaslanaraq xəstələrin yaş qruplarına görə çeşidlənməsi aparılıb.
Bildirilib ki, 60 yaşdan yuxarı xəstələr 103/113 TTTY xidməti tərəfindən hospitalizasiya üçün birbaşa xüsusi rejimli xəstəxanalara təxliyyə edilir.
Qeyd olunub ki, yaş qrupundan asılı olmayaraq, xroniki xəstəliyi olan şəxslər TƏBİB-in koordinasiyası ilə 103/113 TTTY xidməti tərəfindən ambulator triaj üçün müvafiq xəstəxanalara təxliyyə edilir. COVID-19 xəstəliyinin laborator diaqnozu üçün nümunə götürən 103/113 TTTY xidmət həkimi tərəfindən “Molekulyar Diaqnostika Laboratoriyasına COVİD – 19 göndəriş forması” sənədi dəqiq doldurulmalıdır. Analiz nəticəsi pozitiv çıxan xəstənin faktiki yaşayış ünvanı, sonrakı poliklinik müşahidə üçün, dəqiq göstərilməlidir. Analiz götürülən müddətdən etibarən “Evdə müşahidə edilməyə dair iltizam” sənədi imzalanır. “Qeyd” hissəsində yazılan müddəalarla sənədin qüvvədə olma müddəti tənzimlənir.
“Evdə müşahidə edilməyə dair iltizam”a görə, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. İltizama görə, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.