Deputat: Kütləvi dini ayinlərin keçirilməsi virusa yoluxma halını genişləndirə bilər Hadisə

Deputat: Kütləvi dini ayinlərin keçirilməsi virusa yoluxma halını genişləndirə bilər

Çox təəssüflər olsun ki, bu gün dünyada koronavirus pandemiyası davam edir. Virusun sürətlə yayılma çoğrafiyası zaman zaman yerini dəyişir və bu baxımdan karantin qaydalarına ciddi əməl olunmalıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, hazırki vəziyyətdə insanların bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi əlbəttə ki, yol verilməzdir: "Virusa qarşı qabaqlayıcı tədbirlərə və qoyulan qaydalara əməl olunmalıdır. Nə qədər ki, virusa qarşı peyvənd tapılmayıb, qoyulan qaydalara birmənalı olaraq riayət olunmalıdır.

Həmçinin belə bir vəziyyətdə tanınmış dini alimlər, dini ekspertlər də dini ayinlərin kütləvi şəkildə keçirilməsini tövsiyə etmirlər. Onlar da tövsiyə edirlər ki, bu gün dünyada epidemioloji vəziyyət elan olunduğu üçün hər kəs dini ayinləri öz evində keçirsin. Xüsusilə də Məhərrəm ayında keçirilən dini ayinlərin Ramazan ayında olduğu kimi keçirilməsi tövsiyə edilir.

Burada həm virtual məkandan istifadə etmək olar. Əslində dini alimlər pandemiyanın bu gün dünyada tüğyan etdiyi bir dövrdə dini ayinlərin kütləvi şəkildə keçirilməsini bir cinayət hesab edirlər. Hesab edirəm ki, bu, doğru bir qiymətləndirmədir, çünki kütləvi dini ayinlərin keçirilməsi virusa yoluxma halını genişləndirə bilər və insanlar öz həyatını itirə bilər ki, bu da cinayətə bərabər bir məsələdir. Ona görə də, hər kəs Məhərrəm ayında da bu məsələyə anlayışla yanaşmalı, din xadimlərinin müvafiq tövsiyələrinə əməl etməli və dini ayinləri fərdi qaydada öz evində icra etməlidir".