KIV-in inkişafına Dövlət Dəstəyi Fondundan yenilik Hadisə

KIV-in inkişafına Dövlət Dəstəyi Fondundan yenilik

Fond fərdi jurnalist yazıları müsabiqəsinə qatılan media mənsublarına sərbəst mövzu seçimi imkanı verdi, istiqamətlər üzrə mükafatların sayını artırdı

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyinə 2 məsələnin - 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzularının müzakirəsinin və cari məsələlərin çıxarıldığını diqqətə çatdırıb.
Birinci məsələnin müzakirəsi zamanı çıxış edən Fondun Müşahidə Şurasının üzvü Vüqar Əliyev media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin edilməsi zərurətini önə çəkib. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilməsini təklif edən Vüqar Əliyev bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərəcəyi qənaətində olduğunu bildirib. O, həmçinin qaliblərinin müəyyənləşdirilməsi ilə bağlı mövcud müsabiqə şərtlərinə yenidən baxılmasını, hər istiqamət üzrə ümumilikdə 6 nəfər qalibin müəyyənləşdirilməsini daha məqsədəuyğun saydığını vurğulayıb.
Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 olmaqla 1, II yer üçün 300 olmaqla 2, III yer üçün isə 200 manat olmaqla 3 mükafatın verilməsini təklif edən Vüqar Əliyev bu halda Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalistin faydalana biləcəyinə diqqət çəkib.
Daha sonra təkliflər ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən - Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov, Faiq Qurbanov, Rəşad Məcid, İntiqam Hümbətov irəli sürülmüş təklifləri dəstəkləyərək kütləvi informasiya vasitələrinin sürətli inkişafı şəraitində Fond tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin şərtlərində də bəzi əlavə və dəyişikliklərin edilməsinin zəruriliyini vurğuyayıblar. Qeyd edilib ki, irəli sürülən təkliflər jurnalistlərə müsabiqənin elan edilmiş istiqamətləri üzrə sərbəst yazılar işləmələrinə, habelə müsabiqənin yekun nəticələrindən faydalanan jurnalistlərin sayının artmasına imkan verəcək.
Daha sonra irəli sürülən təklif əsasında Fondun fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirəyə çıxarılıb. Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının sədri Umud Mirzəyev, şura üzvləri - Rəşad Məcid və Vüqar Əliyev mövcud qaydalara dəyişiklikləri nəzərdə tutan bəzi təkliflər irəli sürüblər. Müzakirələrin yekunu kimi müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin olunması barədə qərar qəbul edilib.
İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılı. Fondun icraçı direktoru Vüqar Səfərli Fondun gördüyü işlər və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

ELAN

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

İstiqamətlər:

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
4. İctimai və dövlət maraqlarının müdafiəsi
5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
9. Azərbaycançılıq ideyasının təbliği
10. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
11. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

12. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
13. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilmə

14. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
15. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
16. Ekologiya və ətraf mühitin mühafizəsi
17. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
18. Elm və təhsilin inkişaf etdirilməsi
19. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır.
3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan; (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində)
QEYD: İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.
Yazıların qəbulu 11 noyabr 2014-cü il tarixində başlayır, 11 dekabr 2014-cü il tarixdə başa çatır (11 dekabr 2014 yazıları təqdim etmək üçün sonuncu tarixdir).
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir
I yer üçün bir nəfər (500 AZN)
II yer üçün iki nəfər (300 AZN)
III yer üçün üç nəfər (200 AZN)
Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.
Müsabiqə haqqında daha ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.