Qohumla yenidən qohumluq... Hadisə

Qohumla yenidən qohumluq...

Belə nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir

Azərbaycan əhalisi, xüsusılə bölgələrdə yaşayanlar qohum nigahlarına daha çox üstünlük verirlər. Qız adətən qohumdan alınır və qohuma da verilir. Hətta qohumla yenidən qohum olma istəyi o qədər güclüdür ki, valideyn ailə qurmuş övladının ailəsini dağıtmaqdan belə çəkinmir. Amma qohum nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir. Dünyaya gələn uşaqların ən azı 8,4 faizi qohum nikahdan doğulur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qohum nikahlara münasibətin birmənalı olduğunu bildirir. Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır. Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Halbuki bu xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almaq mümkündür. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi bütün problemləri önləyə bilər. Komitədən bildirirlər ki, qan qohumluğu nikahlarının təhsil səviyyəsindən də asılılığı mövcuddur, yəni, natamam və tam ali təhsilli şəxslər belə nikahları daha çox tənqid edirlər. Qohumlar arasında bağlanan nikahların əsas səbəbləri kimi bunlar göstərilir: var-dövləti nəsildə saxlamaq, ailə fərdləri arasında sevgi və hörməti qorumaq və s. Qan qohumları arasında nikahlara qarşı ən çox irəli sürülən arqument dünyaya gələcək uşaqların irsi xəstəliklərlə doğulmasıdır.
Səhiyyə Nazirliyinin genetik problemlər üzrə baş mütəxəssisi Kamilla Dadaşova mətbuata verdiyi müsahibəsində bildirir ki, ümumiyyətlə, qohum nikahlar doğulan uşaqlarda xəstəlik riskini daha da artırır: "İrsi xəstəliklər çox böyük problemdir. Doğulan uşaqlarda bir çox xəstəliklər var. Bəzi xəstəliklər qadınlarda, genlərdə daşıyıcıdır. Onlar qohumla ailə qurduqda uşaqların 50 faizi xəstə ola bilər. Bəzən xəstələr deyir ki, bizim başqa qohumlar var ki, qohum nikahları var, amma onlarda xəstəlik yoxdur. Düzdür, biz demirik ki, qan qohumluğu xəstəlik yaradır, biz deyirik ki, onun riski qalxır. Əgər bir neçə xəstəliyin daşıyıcısı olan insan qohumla ailə qurmazsa, o zaman onun riski azdır, əks təqdirdə isə, onun qanında çox vaxt xəstəliyi daşıyacaq genlər var. Mən qohum nigahları yaxşı hesab etmirəm".
Mütəxəssisin sözlərinə görə, qohum nikahların müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri odur ki, qohumlar bir-birlərini daha yaxından tanıyırlar. Problemli tərəfə gəldikdə isə K.Dadaşova qeyd etdi ki, hansısa xəstəlik, məsələn, doğulan uşaqda talassemiya, qan xəstəliyi aşkarlanır: "Qohum nikahlarda onun riski çoxdur. Ancaq ola bilər ki, qadın qohumla ailə qurmasın, o zaman da orada belə gen olur. Lakin qan qohumluğu bu riski qaldırır".
Bundan başqa, qan qohumluğunun mənfi amillərindən biri də hüquqlarla bağlı olduğunu deyən mütəxəssisin sözlərinə görə, qohum nigahlar çox zaman valideynlər tərəfindən arzuolunan nigahlardır: "Çox vaxt onun nəticəsində reproduktiv sağlamlıqla bağlı hüquqlar pozulur. Uşaq xəstə olduqda çox vaxt ailədə söz-söhbətə səbəb olur. Belə ki, hər iki tərəf günahı qarşı tərəfdə görür. Erkən nikahların böyük əksəriyyəti də məhz qohum nikahlardır".
İrsi xəstəliklərin müalicəsinə gəldikdə mütəxəssis deyir ki, bu xəstəliklə doğulan uşaqların bir qisminin müalicəsi var, bir qismi əlil olur: "Çox vaxt profilaktika lazımdır. Yəni, ana bətnində bilirik ki, uşaq saglamdır, ya yox. Qohum nikahların qarşısının alınması üçün ilk növbədə maarifləndirmə lazımdır. Biz sorğu aparmışıq və kişilərin çoxu bildirir ki, biz qohum nikaha ona görə getmək istəyirik ki, həyat yoldaşım mənim valideynlərimə baxacaq. Qadınlar isə deyir ki, bu evlilikdə məni incitməyəcək, kobud davranmayacaq. Ancaq faktiki olaraq konflikt olur. Qadın da öz hüquqlarını itirir, anası deyir ki, səsini çıxarma, qohumlarımızla problemlərimiz olmasını istəmirik. Bu zaman zorakılıq olur. Mənim fikrimcə, bu, həm səhiyyə, həm sosial, həm də hüquqi baxımdan problemdir".

Qeyd edə ki, qohum nikahlar Qərbi Aralıq dənizi və Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. İnsanların təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir, hətta adalarda 29 faizə yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Avropa və Amerikada isə qohum evliliklərindən doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər və əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 faizdir. Birinci dərəcədən qohumlar arasındakı evliliklərdə uşaqlarda düşmə, ölü doğum, beyin iflici göstərilir.
Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan evliliklərin 30-35 faizi qohum nigahların payına düşür. Bu evliliklər irsi xəstəlikləri özü ilə gətirir. Ən çox rast gəlinən irsi xəstəliklərdən biri də talassemiya olduğu vurgulanır. Belə ki, Türkiyədə sümük iliyi nəql edilən 400 xəstənin 150-i talassemiyalı xəstələrdir. Onu da qeyd edək ki, dünyada qohum evliliyi nəticəsində doğulan uşaqların bir qismi 1 yaşına çatmadan ağır infeksiyalar səbəbindən ölür. Bu isə immun çatışmazlığı ilə bağlıdır ki, bunların da bir qismi məhz qohum evlilikdən qaynaqlanır.
İnsanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-ni formalaşdırır. DNT-nin funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəkdir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Beləliklə, qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evliliklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Həkimlər bildirir ki, qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ – sinir, ürək – damar və şəkər xəstəlikləri, ağıldankəmlik və sairədir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.
Talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki, bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.
Talassemiyanın ən ağır formalarına da əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir. Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür. Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə ağır patologiyalı (məsələn, talassemiya) uşaqların doğulmaması üçün, onlar müvafiq tibbi müayinədən (həmçinin genetik) keçməlidirlər.
Bu nigahın yaratdığı fəsadlardan biri otozomal resesif xəstəlikləri adlanır. Burada genetik keçmənin özəllikləri isə odur ki, ilk növbədə, cinsiyyət fərqi yoxdur. Otosomal resessiv xəstəliklər hər nəsildə özünü göstərmir. Sağlam ata-anadan doğulan uşaq xəstədirsə, həm ana, həm də ata daşıyıcıdır (heterozigot). Normal olan ata-ananın uşaqlarının 1/2-nin daşıyıcı olması, 1/4-nin isə genotipik olaraq tamamilə sağlam olması gözlənir. Xəstə adam ilə genotipik olaraq tamamilə sağlam şəxs evlənərsə, uşaqlarının hamısı daşıyıcı olacaq. Xəstə şəxslə daşıyıcı şəxs evlənərsə, uşaqlarının yarısı xəstə, yarısı daşıyıcı olacaq. Daşıyıcılar, fenotipik olaraq sağlam olsalar da xəstə genləri sonrakı nəsillərə ötürən daşıyıcı vəzifəsini yerinə yetirirlər. Xəstə bir uşağın qardaş və bacılarında xəstəlik çıxma riski 25 faizdir və ailə bu təhlükənin hər hamiləlik üçün eyni olduğunu yaxşı dərk etməlidir. Yəni, ailədə bir xəstə uşaq olduğu üçün bu risk azalmış deyil.
Onu da qeyd edək ki, qan bağı olmadan da bu xəstəliklər, iki daşıyıcı evlənərsə, ortaya çıxa bilər. Ancaq eyni tip xəstəlikli genlə qarşılaşma riski qohumluq olduğunda daha yüksək olacağından, xüsusilə də ailəsində otozomal resesif xəstəlikləri olan şəxslərin mütləq genetik məsləhət almaları və yaxın qohumla evlənəcəyi zaman ortaya çıxacaq təhlükələr haqqında məlumat almalıdırlar.
Türkiyənin Bahçeşehir Universitetinin prorektoru, sosioloq-professor Nilufər Narlı deyir ki, indi qohum nikahlar daha çox feodal bağlılığı olan cəmiyyətlərdə, məsələn, Hindistan, Pakistan, ərəb ölkələrində rast gəlinir. Sosioloq deyir ki, cəmiyyətlər inkişaf etdikcə dəyərlər də dəyişir: "Burjua cəmiyyətlərinə doğru irəliləmə çıxış yoludur. Məsələn, Hindistanda güclü bir orta sinif yaranıb, amma burada hələ də feodal bağlar çox güclüdür. Türkiyənin şərqində və cənub şərqində də qohum nikahlar geniş yayılıb, çünki orada da feodal bağlar çox güclüdür".
Nilufer Narlı deyir ki, ömür-gün yoldaşı kimi öz qohumunu seçməyin bir neçə səbəbi ola bilər. Adamlar qohumlarını daha yaxşı tanıyırlar, belə evlilik etibarlıdır, bundan başqa kişilər başqa nəsildən olan qadının başqa mədəniyyət daşıyıcısı olmasından da narahat olub, risk etmək istəmirlər, qohumla nikaha üstünlük verə bilər.

Ülviyyə Tahirqızı