Azərbaycan və Özbəkistan arasında qida sahəsində əməkdaşlığa dair saziş layihələri hazırlanıb Hadisə

Azərbaycan və Özbəkistan arasında qida sahəsində əməkdaşlığa dair saziş layihələri hazırlanıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, AQTA sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Ermənistanın respublikamıza təcavüzü ilə bağlı məlumat verən Q. Təhməzli, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini bildirib. Agentlik sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə rayonlarına raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər dinc əhali arasında həlak olanlar, xəsarət alanlar barədə, həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində mülki obyektlər və yaşayış binalarına dəymiş ziyanla bağlı geniş məlumat verib.

Agentlik sədri 30 ildən bəri davam edən, ölkəmizin zorla cəlb olunduğu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün Özbəkistanın göstərdiyi dəstəyə görə səfir B. Aşrafxanova təşəkkür edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. B. Aşrafxanova ölkələrimiz arasında qida məhsullarının ticarət dövriyyəsinin artırılması məqsədilə qeyd edilən sahələrdə əməkdaşlığa dair saziş layihələrinin hazırlanaraq Özbəkistan tərəfinə göndərildiyi barədə məlumat verilib və səfir bu sahələrdə hüquqi çərçivənin yaradılmasında maraqlı olduqlarını vurğulayıb.

Səfir Bahrom Aşrafxanov səmimi görüşə görə təşəkkür edib, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.