İşğalçıların növbəti təxribatı Hadisə

İşğalçıların növbəti təxribatı

"Azərbaycanlı girovları qətldə ittiham etmək və qondarma "məhkəmə"də bir-birinə qarşı qoymaq cəhdləri Ermənistan işğalçılarının növbəti provokasiyasıdır və buna dərhal son verilməlidir". Bunu APA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
Bayram Səfərov bu gün Xankəndində keçirilən "məhkəmə"də Dilqəm Əsgərov və Şahbaz Quliyevin "bir-birini ittiham etməsi" barədə məlumatların Ermənistan tərəfinin təxribatı olduğunu bildirib: "Bu adamlar öz torpaqlarına, öz əzizlərinin məzarlarına baş çəkməyə gediblər. Bunu hamı birmənalı şəkildə qəbul etməlidir. Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərə kimisə qətlə yetirmək üçün getməyiblər. Onları girov saxlamaq, təzyiq altında hansısa ifadələrə vadar etmək qanunsuzdur və təxribatdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev tez bir zamanda azad olunmalıdır".
Beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyəti barədə sualı icma rəhbəri belə cavablandırıb: "Mən başqalarını bilmirəm, Azərbaycan rəhbərliyinin bu işlə ciddi məşğul olduğuna inanıram. Ermənistan rəhbərliyinə isə səslənirəm ki, günahsız insanların üzərindən şou yaratmağa son versinlər. Məqsədləri sülhdürsə, bunu başqa cür göstərsinlər".