“Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ Hadisə

“Binəqədi rayonunun sosial-iqtisadi inkişafı:  real vəziyyət və perspektivlər“

Bu gün Azərbaycanda gedən sosial iqtisadi inkişaf paytaxt və ətraf rayonlarda daha çox hiss olunur. Bakının Binəqədi rayonu isə bu baxımdan xüsusilə fərqlənir. Rayonda abadlıq quruculuq işləri və mükəmməl layihələr həyata keçirilir. Qış mövsümü ərəfəsində olduğumuz üçün ilk növbədə rayonda qış mövsümünə hazırlığın necə getməsi ilə maraqlandıq. Binəqədi rayonunda qış mövsümünə hazırlıqla bağlı bütün zəruri tədbirlər həyata keçirilir. Rayonda istilik sisteminin yaxşılaşdırılması tədbirləri diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, soyuq günlərdə sakinlərin istilik, elektrik enerjisi və "mavi yanacaq"la təchizatı sahəsində bir çox işlər həyata keçirilib. İstilik Sistemləri İstismarı Sahəsi (İSİS) tərəfindən müvafiq tədbirlər reallaşdırılıb: müxtəlif diametrli köhnə borular dəyişdirilib, istismar müddətini başa vurmuş siyirtmələr, nasos mühərrikləri yeniləri ilə əvəz olunub və qazanxanalar işlək vəziyyətə gətirilib. Yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərində də lazımi təmir işləri aparılıb. "Azəristiliktəchizat" ASC-nin 3 saylı İSİS-in rəisi Rövşən Tağıyev bildirdi ki, Binəqədi rayonunda 3 və 15 saylı İSİS-i fəaliyyət göstərir. 3 saylı İSİS xidməti ərazisində 7 və 8-ci mikrorayonları, Ə.Naxçıvani küçəsini, Dərnəgül və M.Ə.Rəsulzadə qəsəbələrini istiliklə təmin edir. 6 və 9-cu mikrorayonlara, habelə Biləcəri qəsəbəsindəki hündürmərtəbəli binaların istilik təchizatına 15 saylı İSİS nəzarət edir. R.Tağyev qeyd edib ki, noyabrın 15-dən qış mövsümünün başlanması ilə əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən hazırlanmış Tədbirlər Planında Binəqədi rayonu ilə bağlı nəzərdə tutulmuş işlər qrafik üzrə mərhələli şəkildə başa çatdırılıb. İdarə rəisi onu da vurğulayıb ki, qış mövsümündə 9 məhəllədaxili qazanxana, 8 istilik məntəqəsi və 3 saylı rayon istilik qazanxanası işlək vəziyyətdə olacaq: "Bu il 8-ci mikrorayonda iki yeni qazanxananın tikintisi planlaşdırılır".

Nümunəvi məhəllələrin sayı artır

Binəqədi rayonunda uğurla həyata keçirilən kompleks quruculuq işləri 8-ci mikrorayonda da özünü qabarıq göstərir. Ərazidə təmir-tikinti işlərinə bu ilin əvvəlindən başlanılıb. Azadlıq prospekti 188-də - 28 saylı binanın binanın arxa hissəsində yeni salınacaq parkın ərazisində ağaclar əkilib, yaşıllıqlar yaradılıb, yerə üzlük daşlar döşənib, bardürlər yenisi ilə əvəzlənib, uşaqların əylənmələri üçün attraksionlar quraşdırılıb. Park xüsusi zövqlə bəzədilib.
Ərazidə yaşayan rayon sakini Yenigül Mustafayeva görülən işlərin hamının ürəyincə olduğunu bildirdi: "İndi rayonun hər tərəfində abadlıq işləri aparılır. 37 ildir bu rayonda yaşayıram, amma belə genişmiqyaslı abadlıq işlərinin şahidi olmamışam. Yaşadığımız binanın arxa tərəfi bərbad vəziyyətdə idi. Orada "Abad məhəllə"nin yaradılacağını eşidəndə çox sevindik. İndi səbirsizliklə abadlıq işlərinin yekunlaşmasını gözləyirik".
Digər rayon sakini Oruc Mirzəyev isə qeyd etdi ki, son vaxtlar 8-ci mikrorayonda aparılan genişmiqyaslı yaşıllaşdırma işləri göz oxşayır: "Sevinirəm ki, yaşadığım binanın yanında gözəl park salınıb. 8-ci mikrorayonda bundan əvvəl də bir neçə nümunəvi məhəllə yaradılıb. Əksər yaşayış binalarının qarşısında mini-parklar, geniş yaşıllıqlar salınıb. Görülən işlərin nəticəsidir ki, Binəqədi paytaxtın ən gözəl və baxımlı məkanlarından birinə çevrilib".
Rayon sakini Firuz Həsənovun sözlərinə görə, son vaxtlar rayonda görülən işlər sakinlərin arzularının reallaşmasına səbəb olur: "Binəqədi rayonunda həqiqətən də böyük işlər görülür - park və bağlar salınır, yollarımız yenidən qurulur. Vaxtilə zibillə çirklənmiş ərazilər təmizlənir, yerində abad məhəllələr salınır. "Təmiz Binəqədi" layihəsi çərçivəsində yeni zibil qutuları qoyulur. Abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz tikililər, çəpərlər sökülərək ləğv edilir".

Təmizlik işlərinə nəzarət gücləndirilir

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə icrasına başlanılmış "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində abadlıq-quruculuq tədbirləri yüksək templə davam etdirilir. Ötən müddətdə layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla icra edilib, rayonun müxtəlif ərazilərində davamlı olaraq iməciliklər təşkil olunub. Əhali tərəfindən də birmənalı olaraq dəstəklənən layihə Binəqədidə abadlıq-quruculuq işlərini bir qədər də sürətləndirib.
Bu prosesdə rayonun Mənzil-Kommunal Təsərrüfat Birliyi də (MKTB) yaxından iştirak edir. Birliyin nəzarətində olan yaşayış massivlərində aparılan abadlıq-quruçuluq işləri ardıcıl və sistemli olması ilə diqqəti cəlb edir.
8-ci mikrorayonun ərazisində yerləşən, "Ən təmiz MKİS" müsabiqəsində iştirak edən 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Namiq Qarayev bildirdi ki, qurum öz səlahiyyətləri çərçivəsində abadlıq-quruculuq işlərində fəal iştirak edir: "72 saylı MKİS-in Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrində də xidməti əraziləri mövcuddur. 8-ci mikrorayonda isə bizim balansımızda 19 çoxmənzilli bina var. "Təmiz Binəqədi" sosial layihəsi nəticəsində sakinlər arasında təmizlik işlərinə ictimai nəzarət xeyli gücləndirilmiş və əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyəti yüksəlib". N.Məmmədovun sözlərinə görə, son aylar MKİS-ə məxsus ərazilərdə xeyli abadlıq işləri görülüb: "Ötən vaxt ərzində Azadlıq prospekti 186/26, Nizami Nərimanov küçəsi 77, 85 və 86 saylı binaların qarşısında abadlıq-quruculuq işləri həyata keçirilib və burada insanların istirahəti üçün lazımi şərait yaradılıb. Binaların qarşısındakı mini-parklarda 632 ədəd bəzək kolu, 48 ağac, 4 min kvadratmetrdən çox çəmənlik salınıb. Yaşayış binalarının girişləri təmir edilib, su, qaz və işıqla bağlı problemlər aradan qaldırılıb. Yaradılmış parklarda əhalinin istirahəti üçün söhbətgahlar inşa edilib və idman qurğuları quraşdırılıb". Bildirilib ki, başlanmış quruculuq işləri digər xidməti ərazilərdə də uğurla davam etdirilir: "M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən çoxmənzilli binaların həyətlərində təmir-tikinti işləri həyata keçirilib. Təkcə son aylarda xidməti ərazimizə aid olan Binəqədi qəsəbəsində yerləşən mərkəzi küçə, habelə 179 və 182 saylı tam orta məktəblərin yerləşdiyi ərazilərdə genişmiqyaslı abadlıq işləri görülüb. Burada yollar Avropa standartlarına uyğun təmir olunub. Küçə boyu yerləşən binaların fasadları və dam örtükləri dəyişdirilib. Ərazidə geniş yaşıllıq salınıb, küçələrdə yeni zibil qutuları quraşdırılıb. Bu günlərdə ölkə başçısı cənab İlham Əliyev qəsəbədə yerləşən 182 saylı orta məktəbin açılışında iştirak edib, ərazidə görülən işləri yüksək qiymətləndirib".

"Təmizliyə riayət etmək hər kəsin borcudur"

Birinci Avropa Oyunları ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə icrasına başlanmış "Təmiz Binəqədi" layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla icra edilib, rayonun müxtəlif ərazilərində davamlı olaraq iməciliklər təşkil olunub. Layihənin Binəqədi rayon sakinləri tərəfindən ciddi dəstək alması abadlıq-quruculuq işlərini bir qədər də sürətləndirib.
Rəyini soruşduğumuz sakinlər "Təmiz Binəqədi" layihəsini dəstəklədiklərini və ona böyük həvəslə qoşulduqlarını bildirdilər. Sorğumuzu cavablandıran 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi 21 saylı binanın sakini Novruz Xuduyev də layihəni dəstəklədiklərini bildirdi: "Uzun müddət bu ərazidə yaşayan sakin kimi deyə bilərəm ki, "Təmiz Binəqədi" layihəsi həqiqətən də çox uğurlu təşəbbüsdür. İlk gündən bu təşəbbüsü dəstəkləmişəm və onun binəqədililər üçün uğurlu olacağına inanıram. Təmizlik gözəl şeydir. İnsanlar yaşadığı binanı və küçəni təmiz saxlamalıdır. Bunun üçün rayonumuzda hər çür şərait yardılıb. Yaşadığımız binanın yaxınlığında müasir tələblərə cavab verən zibil qutuları yerləşdirilib".
Binəqədi rayon sakini İsmayıl Bayramov "Təmiz Binəqdi" sosial layihəsinin rayonun inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirdi. O, vurğuladı ki, Binəqədi rayonunda təmizliklə bağlı aparılan işlər digər rayonlara əsl nümunədir: "Rayonda abadlıq-quruculuq istiqamətində xeyli işlər görülüb. İndi küçə və məhəllələrdə səliqə-sahman hökm sürür...".
7-ci mikrorayon 35 saylı binada yaşayan Məhərrəm Babayev də görülən işlərdən razılığını ifadə etdi: "Yaşadığımız binada abadlıq-quruculuqla bağlı xeyli işlər görülüb. İşıq, qaz, su ilə bağlı problemimiz yoxdur. Sakinlərin normal istirahəti üçün həyətlərdə mini-parklar salınıb. Şəxsən mən ərazidə aparılan abadlıq işləri ilə bağlı bir sakin kimi əlimdən gələni əsirgəmirəm. Çünki bu işlər məhz bizim rahatlığımız üçündür".
Həmsöhbətimiz Şükür Məcidov da rayonda təmizlik işlərinə xüsusi diqqətin olduğunu qeyd edib: "Görülən işdən gül iyi gələr. Yaşadığım 8-ci mikrorayonun bu cür abadlaşdırılacağını əvvəllər ağlıma belə gətirmirdim. Amma qısa vaxt ərzində mikrorayonda çox böyük işlər görüldü. İndi belə abad bir məkanda yaşamağa dəyər".
Binəqədi rayon sakini Mübariz Həmidovun fikrincə, insanlar nəinki mənzillərini, yaşadıqları əraziləri də təmiz saxlamağa borcludurlar: "Bu prosesə könüllü qoşulmuşam. Əgər hər bir sakin öz yaşadığı ərazini təmiz saxlasa, bu işə ürəkdən yanaşsa, təbii ki, qarşıya qoyulan məqsədə çatmaq heç də çətin olmaz ".

"Abadlıq işləri yüksək keyfiyyətlə aparılır"

Binəqədi rayonu ərazisində Qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi küçə və məhəllələrdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda əsaslı təmir işləri bu gün də davam etdirilir. Təkcə ötən il Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda xeyli sayda abad məhəllə salınıb və müasir tələblərə cavab verən istirahət mərkəzləri yaradılıb. Bu baxımdan, rayonda 6 və 9-cu mikrorayonlarda görülən işlər diqqəti xüsusi cəlb edir. Hazırda "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində işlər bir qədər də sürətləndirilib...

Əli Zülfüqaroğlu

Yazı Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.