“Sərtləşdirin” Hadisə

“Sərtləşdirin”

Əmək müqaviləsi olmadan çalışan və ya sənədləşmədə əmək haqqı azaldılaraq göstərilən minlərlə insanın gələcəyi zərbə altındadır və biz hökumət və qanunverici orqan olaraq bunun qarşısını almaq üçün tədbirləri daha da sərtləşdirməliyik.
Bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin dünənki iclasında Əmək Məcəlləsində dəyişikliklərlə bağlı müzakirələr zamanı çıxışında deyib. O bildirib ki, Azərbaycanda əmək müqavilələrinin bağlanması məsələsi və özəl sektorda bir sıra müəssisələrdə işçilərin real əmək haqlarının gizlədilərək az göstərilməsi məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır. "Əmək haqları olmadan çalışdırılan işçinin əmək hüquqlarının pozulmasının müdafiəsi də sonra çox çətin olur. Səlim Müslimov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunduğu zaman özü də bu problemin çox ciddi olduğunu və bunun qarşısının alınması istiqamətində işlərin daha da sürətlənəcəyini bildirmişdir. Bu sahəyə cavabdeh qurumlar, nəzarəti həyata keçirməli olan qurumlar öz işlərini daha da artırmalıdırlar və bu məsələyə nəzarət mexanizmlərini daha da ciddiləşdirməlidirlər.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu problem minlərlə insanın gələcəyini zərbə altına qoyur: " Biz pensiya sistemində islahatlar apararaq fərdi uçot sisteminə keçmişik. Bəs müqaviləsiz işləyən adamlar necə pensiya ala biləcəklər? Onlar gələcəkdə pensiyadan məhrum olacaqlar. Və ya sənədlərində əmək haqları real göstərilməyən, gizlədilərək, tamam azaldılaraq göztərilən minlərlə insanın gələcəyi nə olacaq? Təsəvvür edin, bu insanlar sabah pensiyaya çıxanda necə olacaq, onlar nə qədər pensiya alacaqlar? Biz bu problemin ağırlığını ciddi düşünməliyik və sərt mübarizə tədbirləri görülməlidir. Dövlətdən büdcəsindən nə qədər pul gizlədilir, daha doğrusu nə qədər pul yayındırılır. Eyni zamanda dövlətlə bərabər, minlərlə insanımızın ən ağrılı problemidir bu və təcili şəkildə bu istiqamətdə sərt mexanizmlər işə salınmalıdır". Bu gün hətta əmək müfəttişliyinin cərimə tətbiq etdiyi müəssisələrdən cərimələrin ödənilməsi faizləri ürəkaçan deyil. Cərimələrin ödənilməsi ilə bağlı mexanizmlər gücləndirilməlidir.
Eyni zamanda, təxminən 263 əməkdaşla müfəttişliyin on minlərlə müəssisə və qurumlara bu istiqamətdə nəzarət mexanizmləri də çətindir. Ona görə işçilərin sayı da artmalıdır və əmək müqaviləsiz işçi çalşdıranlara və ya işçilərin əmək hüquqlarını pozanlara qarşı mübariz daha da sərtləşməlidir.

XC