“Azərbaycanda bu il qış sərt keçəcək” Hadisə

“Azərbaycanda bu il qış sərt keçəcək”

"Bu il Azərbaycanda qışın sərt keçəcəyi ehtimal edilir". Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. Nazir qeyd edib ki, bu il qışın sərt olacağı ilə bağlı artıq böyük meteoroloji mərkəzlər də açıqlama verib. Azərbaycanda oktyabr ayından qarlı, yağışlı, çovğunlu hava şəraitinin müşahidə olunduğunu bildirən Hüseyn Bağırov ötən yayın güclü quraqlıq keçməsi barədə də danışıb: "Keçən yay Azərbaycanda ümumiyyətlə, meteoroloji müşahidələrin mövcud olduğu dövrdən bəri ən quraq yaylardan biri olub. Biz bunu yazdan hiss eləmişdik və qarın az yağması ilə bağlı quraqlığın gözlənilməsi barədə xəbərdarlıq da edilmişdi. Sellərlə bağlı xəbərdarlıqda bildirilmişdi ki, çaylarda sululuq normadan aşağı olacaq. Keçən yay dağ yerlərində hətta bulaqların quruması müşahidə edilmişdi. Əsasən 90-95 faiz bu təbii hadisə idi, müəyyən yerdə isə insan əməlinin nəticəsi bu halı daha da kəskinləşdirmişdi". Nazir, hazırda nazirliyin hidrometeorologiya departamentinin yeniləndiyini və yeni avtomatlaşdırılmış stansiyaların qurulduğunu bildirib. O, həmçinin Azərbaycanın bu sahədə beynəlxalq şəbəkələrə qoşulduğunu, ölkədə hava şəraiti ilə bağlı verilən proqnozların keyfiyyətinin kəskin artdığını deyib.