Mətbuat Şurasının rəhbərliyi Macar Turan Fondunun sədri ilə görüşüb Hadisə

Mətbuat Şurasının rəhbərliyi Macar Turan Fondunun sədri ilə görüşüb

Azərbaycanda səfərdə olan Macar Turan Fondunun sədri Andras Biro bir sıra görüşlər keçirib. Ölkəmizə qısa müddətli səfəri çərçicəsində A.Biro Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkinlə görüşüb.
Görüşdə 2015-ci ildə Macarstanda Macar Turan Fondu tərəfindən düzənlənəcək "Atilla günü"nə hazırlıqlarla bağlı müzakirələr aparılıb. A.Biro bildirib ki, gələn ildən başlayaraq hər il avqust ayında Macarstanda "Atilla günü" olaraq böyük bir festivalın təşkili nəzərdə tutulub. Məqsəd bütün Türk xalqları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və Avropada türk xalqlarının tarixlərinin, mədəniyyətlərinin daha yaxından tanıdılmasına nail olmaqdır.
Görüşdə Macar Turan Fondunun sədrinə Azərbaycan Mətbuat Şurası və ATXƏM adından "Türk Dünyasına üstün xidmətlərinə görə" ödülü təqdim olunub.
Qeyd edək ki, Macar Turan Fondunun başlatmış olduğu Hun-Türk Qurultayları Avropada yeni bir Hun dalğasının yaranmasına səbəb olub. Hər iki ildən bir keçirilən bu Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyektlər olaraq var olan Avarlar, Başkurtlar, Çuvaşlar, Qaqauzlar, Qaraqalpaqlar, Tatarlar, Tuvalar, Yakutlar, Noğaylar, Moğollar böyük bir nümayəndə heyəti ilə təmsil olunurlar. 8-10 avqust 2014-cü il tarixində sayca V Turan Qurultayı olaraq tarixə düşən növbəti Qurultay Macarstanın Buğacı bölgəsində gerçəkləşib. Qurultayda 27 dövlətdən olmaqla böyük bir nümayəndə heyətləri ilə təmsil olunublar. Avropanın bütün bölgələrindən Qurultaya maraq göstərən ziyarətçilərin sayı isə 250 mindən çox olub.