Berlində girov azərbaycanlılarla bağlı aksiya keçirilib Hadisə

Berlində girov azərbaycanlılarla bağlı aksiya keçirilib

Azərbaycan Tələbə Şəbəkəsi Berlində aksiya keçirib, Kəlbəcər rayonunda azərbaycanlılar Şahbaz Quliyev, Dilqəm Əsgərovun girov götürülməsinə, Həsən Həsənovun öldürülməsinə etiraz edib.
AzərTAc xəbər verir ki, aksiya zamanı şəhər sakinlərinə və turistlərə Azərbaycan ərazisinin 20 faizinin işğalını, vətəndaşların doğma yurd-yuvalarından qovulmasını, öz torpaqlarında əsir götürülməsini əks etdirən kitabçalar paylanıb. Gənclərin geyindikləri köynəklərdə girovların şəkilləri və dörd dildə yazılmış "Əsirlərimizi azad et" şüarı əks olunub.
"Media forum" saytı xatırladır ki, oktyabrın 27-dən işğalçı Dağlıq Qarabağ rejimi Kəlbəcərdə ermənilərin əlinə keçmiş Şahbaz Quliyev və Dilqəm Əsgərovu mühakimə edir. İşğalçı rejim onları bu ilin iyul ayında girov götürüb. Həsən Həsənov isə həmin vaxt öldürülüb. Onun meyiti qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.
İşğalçı rejim hər üç şəxsin Kəlbəcərə diversiya məqsədi ilə keçdiyini, 2 ermənini öldürdüyünü, 1-ni yaraladığını və başqa cinayətlər törətdiyini iddia edir.