Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib Hadisə

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 7 kütləvi informasiya vasitəsi ilə bağlı müraciətləri araşdırıb

Öncə Kürdəmir Rayon İcra Hakimiyyətinin "brifinq.com" saytından şikayətinə bıxılıb. Komissiya rəyə gəlib ki, sayt bu il oktyabrın 13-də "Kürdəmirdə dövlət bayrağı yandırılıb" sərlövhəli xəbərdə dəqiqləşdirmələr aparmadığından peşə etikasının həqiqətə xidmət prinsipinin tələblərini pozub. Digər KİV-lər də informasiyanı eyni tərzdə olduğu kimi yayımlamaqla həmin pozuntunu təkrarlayıblar. Komissiya üzvləri bunu və digər amilləri nəzərə alaraq "brifinq.com"a MŞ-nin xəbərdarlığının olunması razılığına gəliblər.
İclasda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər təşkilatının sədri Mübariz Quliyevin 2 KİV barədə müraciəti müzakirə olunub. Tərəf qəzeti İnformasiya Agentliyinin (teref.info) baş redaktoru Nurəddin Xoca komissiya üzvlərinin şikayət doğuran yazılarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğu barədə iradlarını qəbul edib. O, qarşı tərəfin təkzib tələbini yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər təşkilatının sədri M.Quliyevin "mediaxeberleri.az" saytından şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılıb. Komissiya bu KİV-in də etik prinsiplərin tələblərini gözləmədiyini müəyyənləşdirib. Nəzərə alınıb ki, saytın peşə etikasına etinasızlığı yalnız həmin materiallarla məhdudlaşmır. Gəncə Dövlət Universitetinin "mediaxeberleri.az" haqqında şikayətində 5 konkret materialın adı çəkilir. Buna görə də sayta Mətbuat Şurasının xəbərdarlığı elan edilməklə rəhbərliyinə KİV-in fəaliyyətində dönüş yaratmaq tövsiyə olunmalıdır. Rəy yekdilliklə qəbul edilib.
Gəncə Dövlət Universitetinin "Yeni xəbər" qəzetindən şikayətinin müzakirəsində bildirilib ki, sözügedən mətbu orqan material təqdim edərkən qarşı tərəfin fikrini öyrənməməklə, araşdırma aparmamaqla peşə davranışı qaydalarına pozub. Nəşrə gələcəkcə etik prinsiplərə sayğılı yanaşmaq, növbəti sayında tənqid obyektinin mövqeyini işıqlandırmaq tövsiyə olunub.
İclasda GDU-nun "xeberinfo.com" və "xeber-xetti.com" saytlarında gedən materiallarla bağlı şikayətinə də diqqət yetirilib. Komissiya üzvləri hər iki saytın peşə davranışı qaydalarının tələblərinə məsuliyyətlə yanaşmasının vacibliyini diqqətə çatdırıblar.
GDU-nun "demokratiya.biz" saytından narazılığındakı bir sıra məqamlara aydınlıq gətirilməsi üçün məsələnin Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında baxılması məqsədəuyğun sayılıb.
MŞ-nin Şikayətlər üzrə Komissiyası həmçinin Gəncə Dövlət Universitetinə mətbuatla əlaqə formalarını təkmilləşdirməyi tövsiyə edib.