Koronavirusa qarşı peyvəndlənmə əvvəlcə bu şəxslərdən başlayacaq - Baş infeksionistdən açıqlama Hadisə

Koronavirusa qarşı peyvəndlənmə əvvəlcə bu şəxslərdən başlayacaq - Baş infeksionistdən açıqlama

Ölkədə vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə açıqlamasında deyib. O bildirib ki, ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir: "Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunurlar. Bu əhali qruplarına ilk növbədə tibb xidməti işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir".

Baş infeksionist bildirib ki, hazırda bir sıra ölkələrdə yeni koronovirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib: "Bu ölkələr ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98%) qiymətləndirilmişdir. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcəkdir. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcəkdir".