Yeni formalaşan bələdiyyələr 5 günə fəaliyyətə başlayacaq Hadisə

Yeni formalaşan bələdiyyələr 5 günə fəaliyyətə başlayacaq

23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkiləri nəticəsində formalaşmış 1599 bələdiyyəyə 14 min 963 üzv seçilib.
APA-nın məlumatına görə, bu, 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermənin ümumi yekunlarına dair MSK-nın protokolunda əksini tapıb. Bu gün bələdiyyə seçkiləri ilə bağlı səsvermənin ümumi yekunlarına dair MSK-nın protokolu rəsmi mətbuat orqanlarında dərc olunub. Seçki Məcəlləsinin 211-ci maddəsinə əsasən bələdiyyənin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. MSK katibi Mikayıl Rəhimli APA-ya açıqlamasında bildirib ki, yaxın 5 gün ərzində yeni seçilən bələdiyyə üzvləri birinci iclaslarını keçirə və rəhbərliklərini seçə bilərlər. M. Rəhimli artıq bələdiyyə üzvlərinin vəsiqələrinin də hazır olduğunu söyləyib. Qeyd edək ki, 23 dekabr 2014-cü il tarixində 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə 15 min 35 bələdiyyə üzvünün seçilməsi üçün seçki keçirilib. MSK 72 bələdiyyə üzvünün seçiləcəyi 8 bələdiyyə üzrə səsvermənin nəticələrinin etibarsız sayıb.