“Əhalinin 20-25 faizi açıq şəkildə aldadılır” Hadisə

“Əhalinin 20-25 faizi açıq şəkildə aldadılır”

Azad İstehlakçılar Birliyinin sədri: "Qiymətlərin qalxması istehsal olunan məhsulların keyfiyyətinə təsir etmir"

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "İstehlak bazarında qiymətlər. 2014-2015-ci illərdə vəziyyət və istehlak inflyasiyasına dair gözləntilər" mövzusunda mətbuat konfransı keçirib.
Eyyub Hüseynov Azərbaycanda artan qiymətlərin enmədiyini, ancaq elə artım tempində getdiyini diqqətə çatdırıb: "Ölkədə manatın dəyəri getdikcə düşür və pulun bərəkəti qalmayıb. Bu gün əhalinin 20-25 faizi açıq şəkildə aldadılır. Bunun səbəbi isə istehlakçı hüququnun zəif işləməsidir".
Son günlərdə benzinin qiymətinin 2 qəpik artması və dərhal əvvəlki qiymətə qaytarılması məsələsinə toxunan ekspert vuğulayıb ki, artım olan zaman istehlakçıların tənqidi fikirləri yayıldı: "Benzinin qiymətinin artdığı vaxt çörəyin qiyməti də artmışdı. Qiymətin artmasını bu cür tendensiyalar əmələ gətirir".
Onun sözlərinə görə, ötən illə müqayisədə, bu il 2-3 faiz bahalaşma baş verib: "Həm ölkədə, həm də dünyada bazar qiymətləri maraqlar çərçivəsində müəyyənləşdirilir. Dünya bazarında qiymətlər ucuzlaşsa da, Azərbaycanda bu baş vermir".
Onun sözlərinə görə Azərbaycanda qiymətlərin qalxması istehsal olunan məhsulların keyfiyyətinə təsir etmir.
AİB sədri qeyd edib ki, tütün məmulatlarına və spirtli içkilərə tətbiq olunan aksiz markalarının qiymətinin qalxması, əslində vətəndaşların bu məhsullardan az istifadə olunmasına yönəlib: "Bu, yaxşı cəhətdir. Çünki, siqaret çəkmək məişət narkomaniyası hesab olunur və biz insanların bundan uzaq olmasına çalışırıq. Əgər hökumətin məqsədi vətəndaşların bu məhsullardan az istifadəsinə yönəlibsə, bunun effektiv nəticə verəcəyinə inanmıram. Yaxud da istehlakçılardan çoxlu pul almağa yönəlibsə, bu daha pisdir. Yaxşı olardı ki, hökumət Ümumdünya Səhiyyə Təşkilatının ratifikasiya etdiyi "Tütün əleyhinə çərçivə" Konvensiyasının tələblərini yerinə yetirsin".
Ekspertin sözlərinə görə, əmtəə bazarının 15-20 faizini qeyri-qanuni yollarla gətirilən tütün məmulatları təşkil edir: "Spirtli içki bazarında isə təxminən 10 faiz qeyri-qanuni yolla ölkəyə daxil olan məhsullar satılır. Bunların bir çoxu Rusiyanın tanınmış brendlərini imitasiya edən və Dağıstanda hazırlanan məhsullardır.
E.Hüseynov, spirtli içkilərin təxminən 95 faizinin ağır metallarla zənginləşdirildiyin diqqətə çatdırıb: "Halbuki, satış mərkəzlərində bu məhsulların saxlanma müddəti 1 ildən artıq deyil. Bunlardan istifadə edən şəxslər ilk növbədə butulkanın üzərində olan istehsal və saxlanma müddətinə baxsınlar".