18 mindən çox şagird buraxılış imtahanı verib - YENİLƏNİB Hadisə

18 mindən çox şagird buraxılış imtahanı verib  - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 16-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 14 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 79 imtahan binası, 1367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 79 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1727 nəzarətçi–müəllim, 158 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 79 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

Aprelin 17-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

07:00

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək buraxılış imtahanında 18367 şagirdin iştirak edəcəyi gözlənilir. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək şəhər və rayonlar bunlardır: Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonları, Gəncə şəhərinin Nizami rayonu, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonları və Sumqayıt şəhəri.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

Xatırladaq ki, aprelin 15-16-da keçiriləcək şəhər və rayonlarda ümumilikdə 115 imtahan binası, 2001 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.