Avropa İnsan Haqları Məhkəməsinin hesabatı açıqlanıb Hadisə

Avropa İnsan Haqları Məhkəməsinin hesabatı açıqlanıb

Ötən il Azərbaycandan daxil olan şikayətlərdən 403-ü məhkəmə icraatına götürülüb

Avropa İnsan Haqları Məhkəməsində (AİHM) məhkəmənin illik fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
APA-nın Avropa bürosunun məlumatına görə, konfransda AİHM-nin 2014-cü il üçün fəaliyyətini əks etdirən hesabatı açıqlanıb.
Hesabata əsasən, ötən ildə Strasburq məhkəməsinə 70 minə yaxın şikayət daxil olub, bu da 2013-cü ilə nisbətən 30 min daha azdır. Məhkəmənin rekord göstəricisi 2011-ci ildə qeydə alınıb, həmin il AİHM-ə 160 min şikayət ərizəsi daxil olmuşdu. Son illərdə aparılmış islahatların nəticəsində məhkəməyə daxil olan şikayətlərin sayı hər il azalmağa doğru gedir. Məhkəmənin tarixində 2013-cü ildən bəri ilk dəfədir ki, belə azalma müşahidə olunur. Ötən il 70 min şikayətdən 56 250-si məhkəmə icraatına götürülüb. 2013-cü ildə ən çox şikayət Rusiya Federasiyasından daxil olmuşdusa, ötən il bu rekordu Ukrayna vurub. 2014-cü ildə Ukraynadan Strasburq məhkəməsinə 13650 şikayət gəlib, bu da ümumi şikayətlərin 19,5% təşkil edir. 10100 şikayətlə İtaliya ikinci, Rusiya isə 10000 şikayətlə üçüncü yerdə gəlir. Türkiyə isə 9500 şikayətlə dördüncü yeri tutur.
Keçən il məhkəməyə gələn şikayətlər üzrə çıxarılan qərarların çoxu Avropa İnsan Haqları Konvensiyasının 6-cı və 5-ci maddələrlə əlaqədardır. 2014-cü ildə Strasburq məhkəməsi müxtəlif şikayətlərlə bağlı ümumilikdə qərar çıxarıla bilən 2388 iş üzrə 891 qərar çıxarıb. 7897 iş üzrə isə dövlətlərlə kommunikasiya aparılıb.
Ötən il Azərbaycandan daxil olan şikayətlərdən 403-ü məhkəmə icraatına götürülüb, 245-i qəbuledilməz hesab olunaraq icraatdan çıxarılıb, 117 iş üzrə Azərbaycan hökuməti ilə danışıqlar aparılıb, 11 şikayət üzrə qərar çıxarılıb. AİHM-in 2013-ci il üçün büdcəsi 67 milyon avro təşkil edib.