“Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

“Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) ötən il elan olunmuş, xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı nəzərdə tutan altıncı "Mobillik qrantı" müsabiqəsinin nəticələri açıqlanıb.
Fonddan Trend-ə bildiriblər ki, müsabiqənin keçirildiyi müddətdə EİF qrant iddiaçılarına kömək məqsədilə dörd məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 16 layihənin ekspertizası nəticəsində üç layihə texniki ekspertiza mərhələsindən keçməyib, 13 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.
Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra altıncı "Mobillik qrantı" müsabiqəsi üzrə ümumi maliyyələşdirmə həcmi 43.300 manat olan yeddi qalib layihə müəyyənləşdirilib. Bu layihələrdən altısı xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə, biri isə xaricdə elmi tədbirdə iştirakla əlaqədardır.
Müsabiqənin qalibləri Türkiyə, Almaniya, Rusiya Federasiyası, Böyük Britaniya və Hindistanda elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.
Daimi əsaslarla keçirilən "Mobillik qrantı" müsabiqələrinin təşkilinin məqsədi Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçmələrini, tədbirlərdə iştiraklarını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.