Komitə sədri: “Ermənilər Azərbaycanda müharibədən əvvəl yaşadıqları kimi, ölkəmizin vətəndaşları olaraq yaşaya bilərlər” Hadisə

Komitə sədri: “Ermənilər Azərbaycanda müharibədən əvvəl yaşadıqları kimi, ölkəmizin vətəndaşları olaraq yaşaya bilərlər”

“Siz yəqin bilirsiniz ki, eyni şəkildə azərbaycanlılar da Xankəndidə, Xocalıda və Ağdərədə yaşayıblar. Onlar oradan etnik təmizləmə nəticəsində qovulublar. Bu gün orada yalnız ermənilər yaşayır. Ötən il əldə olunmuş üçtərəfli razılaşma bütün köçkünlərin münaqişəyə qədər yaşadığı yerlərə qaytarılmasını nəzərdə tutur. Düşünürəm ki, gələcəkdə, ehtiraslar yatdıqdan sonra bu qayıdışın da formasına baxılacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “İzvestiya”ya müsahibəsində ermənilərin Hadruta qaytarılmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

Komitə sədri deyib ki, rəsmi Bakı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin Azərbaycan ərazisində inteqrasiyasına hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə təsdiqləyib: “Lakin hansısa ərazidə yaşamaq hüququ həmin ərazinin qoparılması hüququ demək deyil. Buna görə sualınızın cavabı budur – bəli, onlar Azərbaycanda müharibədən əvvəl yaşadıqları kimi, ölkəmizin vətəndaşları olaraq yaşaya bilərlər. Necə ki, dünyanın digər ölkələrində - Rusiyada, Fransada, Amerikada yaşayırlar. Lakin tutaq ki, Marseldə yüz min erməni yaşayırsa, bu o demək deyil ki, Paris Marseldə daha bir erməni dövləti yaratmalıdır.

Azərbaycanda 50-dən çox millətin nümayəndəsi yaşayır və onların heç bir problemi yoxdur. Bəzən onlar hətta tarixi vətənlərində olduğundan da yaxşı yaşayır. İnanıram ki, ermənilər də Azərbaycanda belə yaşaya bilərlər, necə ki, indiyədək yaşayıblar. Üstəlik, indi yaşadıqlarından daha yaxşı. Ölkəmizdəki digər millətlər və milli azlıqlara yaradılan şərait onlar üçün də yaradılacaq”.

R. Rövşən qeyd edib ki, Azərbaycanda yaşayan bütün insanlara təhlükəsizlik təminatını dövlət, onun Konstitusiyası və qanunları verir: “Bütün bunların qarantı isə ölkəmizin Prezidenti İlham Əliyevdir. Yeri gəlmişkən, rusiyalı jurnalistlərin hesablamalarına görə, hətta müharibənin ən gərgin vaxtlarında belə Prezident ermənilərlə azərbaycanlıların dinc birgəyaşayışının mümkünlüyünü 20 dəfədən çox qeyd edib. Mən də inanıram ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya biləcəklər. Bu, birmənalıdır. Lakin bunun üçün zaman və birgəyaşayış üçün çətin yol qət etmək lazımdır. Nə Ermənistan, nə Azərbaycan buradan min kilometrlərlə uzağa köçəndir. Odur ki, biz birlikdə yaşamağı öyrənməliyik. Bunun alternativi əbədi müharibədir. Demək, xalqların marağından çıxış etsək, birgəyaşayışın alternativi yoxdur”.