Həkim: "Bədəndə az miqdarda anticismlər qalması vaksinasiyaya əks göstəriş deyil" Hadisə

Həkim: "Bədəndə az miqdarda anticismlər qalması vaksinasiyaya əks göstəriş deyil"

“COVID-19 virus xəstəliyi olduğu üçün digər virusların təyinatında olduğu kimi eyni üsullardan istifadə edilir. Virusalogiya daha çox mikrobioloji müayinə metodu olduğu üçün əkilmə üsulü qızıl standart sayılır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy deyib. O bildirib ki, virusların müayinəsində PZR (Polimeraza Zəncirvari Reaksiya) dediyimiz molekulyar genetik üsul, seraloji üsul və antigen testlərindən istifadə edilir:

“Seraloji müayinə zamanı orqanizmə düşmüş yad maddələri onlara qarşı yaranan anticisimləri qanda yoxlamaqla orqanizmə düşmüş yad maddəni aşkar edirik. COVID-19 virusuna qarşı qanda həm igG (immunoglobulin G) və igM (immunoglobulin M) formaları əmələ gəlir. İlkin olaraq qanda igM yaranır bunlarda xəstəliyin kəskin dövründə əmələ gələn anticismlərdir. Daha sonra isə igG əmələ gəlməyə başlayır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM – İgG yə çevrilir və qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı igG formalaşır- yəni immun cavab yaranır. COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlər xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 10 dəqiqəyə cavab əldə edilir. Hər bir üsulun həssaslıq, spesiflik göstəriciləri vardır. Koronavirusunun aşkar edilməsi üçün ən dəqiq dəstək müayinəsi, 90-92% dəqiqlik dərəcəsi ilə PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dunyada PZR testidir. ÜST-nin açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir. Çünki bu molekulyar təsdiqləyici üsuldur”. Həkim qeyd edib ki, analizlərin nəticələrinə təsir edə bilən preanalitik faktorlar var: “Ümumiyyətlə, dünya təcrübəsində də preanalitik faktorların analizin nəticəsinə təsiri 70 faiz kimi qeyd edilir. Buna nümunə olaraq yaxmanın düzgün götürülməməsi və ya maye mühitinin kifayət qədər olmamasını qeyd etmək olar. ÜST-nin də tövsiyə etdiyi ən doğru yaxma götürülmə üsulu eyni yaxma çubuğu ilə ilk öncə əsnəkdən daha sonra isə burun-udlaqdan yaxmanın götürülməsidir. Nəticələrə təsir edən faktorlardan biri də zamanında götürülməyən yaxmalardır. Təxminən əlamətlər başlayandan 5-10 gün ərzində yaxmanın götürülməsi COVID-19 testinin nəticəsinin doğruluğunu artıracaq. Bir müddətdən sonra aşağı tənəffüs yollarına düşən virusu burun-udlaq yaxması ilə təyin etmək mümkün olmaya bilər. PZR testi virusun DNT və RNT-ni axtardığına görə xəstə sağaldıqdan sonra virus ölsə belə bəzən hissləri yuxarı tənəffüs yollarında qala bilər. Belə hallarda müayinə mütləq təkrarlanmalıdır”.

Y. Hacısoy qeyd edib ki, orqanizmdə olan igG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir mənbədə məlumat yoxdur, yəni siz xəstələnib sağaldıqdan sonra bədəndə anticismlər az miqdarda qalması vaksinasiyaya nə əks göstərici deyil: “Hər hansı bir fəsad doğura bilməz. Onu da qeyd edim ki, xəstəliyi xəbərsiz və ya ev şəraitində yüngül keçirən insanlarda ciddi anticismlərin yaranmasıda müşahidə olunmur. Bu səbəbdən seraloji müayinənin pozitiv olduğu halda belə peyvənd orqanizmə daha güclü dəstək olacaq. Qanın ümümi analizi adı ilə çaşqınlıq sala bilər. Ümumi qan analizi əsasən qanımızda hüceyrələrinin miqdarını və vəziyyətini göstərir. Qan hüceyrələri hansılardır: eritrositlər, leykositlər, trombositlər. Trombosit əslində hüceyrə qalığı kimi hesab olunur. Qanın kliniki analizinin göstəricilərin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki, bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu, həm də müstəqil patologiya zamanı ola bilir”.