Kilsələrdə Azərbaycan dili tədris olunacaq Hadisə

Kilsələrdə Azərbaycan dili tədris olunacaq

Prezident yanında Bilik Fondu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təşəbbüsü ilə Rus pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsinə başlayıb.
Fonddan verilən məlumata görə, "Jen Mironosist" Pravoslav kafedral kilsəsində müxtəlif millətlərdən olan rusdilli vətəndaşlar üçün Azərbaycan dili kurslarının açılış mərasimi olub.
Mərasimdə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının başçısı Aleksandr, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov, Bakı Yeparxiya İdarəsinin katibi Protoiyerey Mefodiy, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparat rəhbəri Aynur Bəşirli və başqaları iştirak ediblər.
Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının başçısı Aleksandr Bilik Fondunun həyata keçirdiyi bu layihənin Azərbaycanda yaşayan rusdilli əhali arasında geniş yayılacağına və rəğbətlə qarşılanacağına əminliyini bildirib.
Yeparxiyanın başçısı belə kursların Azərbaycanın digər bölgələrində - Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də açılmasını təklif edib.
Layihəyə əsasən, Bakı şəhərinin bir neçə kilsəsində həftədə iki dəfə Azərbaycan dili dərsi keçiləcək. Kilsə əməkdaşlarının da qatıldığı bir neçə bölmədə fəaliyyət göstərəcək ödənişsiz kurslara ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb. Xüsusi müsabiqə yolu ilə ali və orta məktəblərin rus bölmələrindən seçilən müəllimlərin əmək haqları Bilik Fondu tərəfindən ödəniləcək.