Qafqazın Metsamor təhlükəsi Hadisə

Qafqazın Metsamor təhlükəsi

Almaz

Son iki ayda Azərbaycanın ayrı-ayrı bölgələrində bir neçə dəfə zəlzələ baş verib. Düzdür baş verən zəlzələlər elə də dağıdıcı gücdə olmayıb. Ancaq dağıdıcı gücdə olan zəlzələ Azərbaycandan 50 kolometr məsafədə yerləşən Ermənistanın Metsamor Atom Elektrik Stansiyası yaxınlığında olarsa, bunun fəsadlarının nəylə nəticələnəcəyi məlumdur...
...2011-ci ildə Yaponiyada baş verən dəhşətli zəlzələ və sunami minlərlə insanın həyatını itirməsinə və itkin düşməsinə səbəb olmaqla yanaşı, Atom-Elektrik Stansiyası (AES) olan "Fukusima-1"ə də təsirsiz ötüşmədi. Elektrik stansiyasında baş verən qəza nəticəsində ən azı onlarla insan şüalanmaya məruz qaldı və yaralandı. Yaponiyada baş verənlərdən sonra bəzi ölkələr qabaqlayıcı addımlar atmaq barədə düşündülər. Məsələn, Almaniyanın Sosial-Demokrat və Yaşıllar partiyaları ölkənin ən qədim 7 Atom-Elektrik Stansiyasının ilin sonunadək yenidənqurulmasını tələb etdi. Bundan başqa İsveçrə hökuməti nüvə reaktorlarının müasirləşdirilməsi haqda qərar çıxardı. Eyni zamanda, Ukrayna Ali Radasında da Rusiyanın Ukraynada tikmək istədiyi iki nüvə reaktorunun tiktintisi üçün imzalanmış müqavilənin ləğvi haqda təkliflər səsləndi.
Ermənistanın isə Metsamor AES-lə bağlı konkret adddımlar atmaq istəyi nəzərə çarpmadı. Elə həmin vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini adi halda yox, ekstremal situasiyada yoxlanılması təklifini səsləndirdi. Adil Qəribov bildirdi ki, indiyədək Metsamor AES-də testlər yalnız adi halda aparılıb, lakin AES-in 9 ballıq zəlzələyə davamlılığı yoxlanılmayıb:"Metsamor AES-in yerləşdiyi ərazi 9 ballıq zəlzələ zonasıdır. Güclü zəlzələ, yaxud digər ekstremal hal baş verərsə, o reaktor özünü necə aparacaq? Ona görə də, həmin reaktorun ekstremal şəraitdə testi keçirilməlidir. Bunu isə heç kim eləmir. Süni metodlarla belə zəlzələni yaratmaq mümkündür. Qoy bunu yaradaq və Metsamor AHS-in dözüb-dözmədiyini yoxlayaq. Təbii ki, reaktor bu zəlzələyə dözməyəcək. Biz beynəlxalq mütəxəssislərin Metsamor AES-də
apardıqları testlərə inanırıq, bunu şübhə altına ala bilmərik. Amma qoy hansısa beynəlxalq səviyyəli alim cavab versin ki, 9 ballıq zəlzələ baş versə, bu reaktor dözəcəkmi, Ermənistanın onun dayanıqlı iş rejimini təmin etmək imkanı olacaqmı?"
Adil Qəribov onu da vurğuladı ki, Metsamor AES-də qəza baş vercəyi halda tək Ermnistan deyil, Azərbaycan, Gürcüstan və Türkiyə əhalisi üçün də ciddi təhlükə yarana bilər:"Bu məsələni qonşu dövlətlərin hamısının qaldırması lazımdır. Təəssüf ki, qonşu dövlətlər Azərbaycanı müdafiə etmir. İctimai təşkilatlar səviyyəsində belə təkliflər səslənsə də, rəsmi şəxslərin çıxışlarını görmürük".
Yeri gəlmişkən, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan Metsamor AES-in yalnız yeni enerji blokunun tikintisindən sonra bağlanacağını bildirib. Onun sözlərinə görə, yeni müasir enerji bloku istismara veriləndən sonra Metsamor AES-in konservasiya edilməsi məsələsinə baxılacaq.
Xatırladaq ki, iki blokdan ibarət olan Metsmor AES-in birinci bloku 1976-cı, ikinci bloku 1980-ci ildə istismara verilib. Stansiya köhnə olmaqla yanaşı, paytaxt İrəvandan təxminən 30 kilometr qərbdə, seysmik aktiv ərazidə yerləşir. 1988-ci ildə Spitakda baş verən dağıdıcı zəlzələdən sonra Ermənistan hakimiyyəti Metsamor AES-i bağlamaq qərarı verdi. Ancaq 1993-cü ildə stansiyanın yenidən işə başlaması barədə qərar verildi və həmin vaxtdan indiyədək stansiya fəaliyyətini dayandırmayıb.
Ekspertlər hesab edirlər ki, Çernobıl AES-dən daha zəif olan Metsamor AES-in zədələnməsindən bölgə ölkələri, xüsusilə də, Türkiyə, Azərbaycan və Gürcüstana çox böyük ziyan dəyər.
Bir maraqlı məlumatı yada salmaq yerinə düşər ki, 2002-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən mərhum ölkə başçısı Heydər Əliyev bu məsələni qaldırıb və qeyd edib ki, Ermənistanda yerləşən AES öz fəaliyyətini dayandırmalıdır. Çünki həmin AES köhnəlmiş texnologiyalarla işləyir və fəaliyyət müddəti bitib. Ona görə də region üçün təhlükə yarada bilər. Azərbaycan dövləti tərəfindən xahiş olunmuşdu ki, Ermənistanda yerləşən AES-in fəaliyyətinin dayandırılması məsələsinə BAEA-da baxılsın. O vaxt müəyyən köməkliklər nəticəsində reaktorların ömrü 12-13 il uzadılmışdı.
Yenə də mütəxəssislərin fikirlərinə istinadən deyə bilərik ki, Metsamor ən əsas Türkiyə və Azərbaycan üçün böyük təhlükədir. Metsamor AES Türkiyədən cəmi 16, Azərbaycandan isə 50 kilomert uzaqdadır. Məlumatlara görə, Metsamor AES-də son dərəcə köhnə texnologiyadan istifadə edilir ki, bu da qəza baş verəcəyi halda fəsadların daha ağır olması riski yaradır. Zavodda hər hansı bir qəza və ya sızıntı olarsa, başda İqdır vilayəti olmaqla Türkiyənin bütün şərq və cənub-şərq bölgəsi nüvə buludlarının altında qalacaq. Radiasiyaya təkcə Qars, Ərzurum, Ağrı, İqdır, İrəvan deyil, Gürcüstan, Azərbaycan, onun bir parçası olan Naxçıvan və İran da məruz qalacaq. Bir sözlə, Metsamor AES Gürüstan, Azərbaycan, İran və Türkiyənin problemi olaraq ortaya çıxır.
O da məlumdur ki, vaxtilə Çernobılda yaşananlar köhnə texnologiyalı atom-elektrik stansiyalarının nələrə yol aça biləcəyini açıq-aydın şəkildə göstərdi. Hazırda bu tipli daha bir stansiya fəaliyyət göstərir ki, o da Metsamor AES-dir. Çernobıl AES-dəkinə bənzər texnologiya ilə qurulan və indiyədək bir dəfə də olsun yenilənməyən Metsamor AES-in bu gün bölgə ölkələri, xüsusilə də, Türkiyə, Gürcüstan və Azərbaycan üçün ciddi təhlükə mənbəyi olduğu bilinsə də, ancaq başda Avropa Birliyi olmaqla bütün dünyanın təhlükəli saydığı və dərhal bağlanmasına çalışdığı bu stansiya hələ də öz fəaliyyətini davam etdirir.
Güclü seysmoaktiv bölgədə yerləşən Ermənistanda, xüsusilə də stansiyanın yerləşdiyi Qarni bölgəsində Rixter şkalası ilə 5,5 və 7,5 bal gücündə zəlzələlərin hər an baş verməsini gözləmək olar. Ermənistan rəsmiləri stansiyanın daha ağır zəlzələlərə davamlı olduğunu bildirsələr də, köhnə texnologiyalı və 1988-ci il zəlzələsində böyük zərər görən, bu zəlzələdən sonra 6 il bağlı qalan və sonradan yenidən istifadə edilən stansiyanın neçə ballıq zəlzələyə davamlı olduğunu heç kim dəqiq deyə bilməz.
Doğrudan da stansiyanın qapadılması üçün Türkiyə, Gürcüstan və Azərbaycanın birgə fəaliyyət göstərməsinə ehtiyac var.
O zaman bu ölkələrin rəsmiləri niyə Azərbaycanın səsinə səs verib, həyacan təbili çalmırlar?