Lerikdə Şəhid Çingiz Babayevin ailəsinə mənzil verildi Hadisə

Lerikdə Şəhid Çingiz Babayevin ailəsinə mənzil verildi

Lerik şəhəri, şəhid İsmayıl Yaqubov küçəsində yerləşən çoxmənzilli yaşayış binasında Vətən Müharibəsi şəhidi Çingiz Sulduz oğlu Babayevin ailəsinə yeni mənzilin verilməsinə həsr olunmuş tədbir keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə ölkəmizin ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirib ki, ötən il Azərbaycanın şanlı tarixinə qələbə ili kimi daxil olub. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Azərbaycan Ordusu zəfər qazanaraq 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən olub.

C.Baxşiyev qeyd edib ki, həm birinci, həm də Vətən Müharibəsində Lerikin qəhrəman oğulları da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilib. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında lerikin igid oğlanlarının adları var. Bütün Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına cənab Prezidentin tapşırığı ilə yüksək qayğı və diqqət göstərilir. Ötən qısa müddət ərzində, respublikanın hər yerində olduğu kimi rayonumuzda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün 50-dən çox fərdi yaşayış evi tikilib, Lerik şəhərində iki 16 mənzilli kommunal yaşayış binası inşa edilib. 40-dan çox müharibə əlilinə minik avtomobili verilib. Hal-hazırda bu kateqoriyadan olan 20 nəfər üçün fərdi evin tikintisi davam etdirilir. 2021-ci il üçün daha 38 şəhid ailəsi və Qarabağ əlilləri üçün yeni yaşayış evinin tikintisi nəzərdə tutulub. Bütün şəhidlərin qəbirüstü abidələri düzəldilmiş, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şəhid Çingiz Babayevin anası Sevinc Rəhman qızı Babayevanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə etdiyi müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında ailə yeni mənzilin verilməsi haqqında qərar qəbul edilib və bu gün mənzilin açarları şəhidin valideynlərinə təqdim edilib. Mən bütün şəhid ailələrinə göstərdiyi bu yüksək diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə rayon əhalisi, şəhid ailələri adından minnətdarlığımızı bildirirəm.

Daha sonra C.Baxşıyev yeni mənzilin açarlarını Şəhidin ailəsinə təqdim edib.

Mənzilin açarlarını qəbul edən şəhid anası Sevinc Babayeva çıxış edərək ailələrinə göstərilən diqqət və qayğıya, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı etdiyi müraciətlərinə həssaslıqla yanaşıldığına, qısa müddət ərzində onlara mənzilin verildiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra şəhid atası Hüseynverdi Rəhmətov, ağsaqqal Zakir Vəliyev çıxış edərək 44 günlük Vətən müharibəsində xalqla iqtidar və ordu birliyinin əzəmətini qeyd ediblər, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən yüksək qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda tədbir iştirakçıları mənzilə baxış keçiriblər və qiymətli hədiyyələr təqdim ediblər.