“Sosial tədqiqatlar” jurnalının ilk sayı çapdan çıxıb Hadisə

“Sosial tədqiqatlar” jurnalının ilk sayı çapdan çıxıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən təsis və nəşr edilən, beynəlxalq redaksiya heyətinə malik, ictimai və humanitar elmlərin geniş spektrini əhatə edən, rüblük dövri nəşri olan “Sosial tədqiqatlar” jurnalının ilk sayı çapdan çıxmışdır.
“Sosial tədqiqatlar” jurnalı 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. 2021-ci ilin mart ayında mərkəzi Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789) ilə bağlı sertifikat verilmişdir.
Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Müstəqil, resenziyalı, beynəlxalq redaksiya heyətli elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir. Jurnalda Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc edilir.
“Sosial tədqiqatlar” akademik-elmi təyinatlı, analitik-elmi tədqiqat jurnalı olub, əhatə etdiyi mövzular çoxşaxəlidir. Jurnalın məqsədlərindən biri-Azərbaycandan və başqa ölkələrdən olan tədqiqatçılara öz elmi təhlillərinin nəticələrinin dərc edilməsi üçün beynəlxalq platformanın formalaşdırılmasıdır.
İlk sayı çap olunan nəşrin əsas başlıq-rubrikaları qismində daimi olaraq, STM-in Nizamnaməsində müəyyən edilən sosial tədqiqatların nəzəriyyə və metodlarına, cəmiyyətdə gedən aktual ictimai-siyasi proseslərin dinamikası və meyillərinə, sosial dövlət quruculuğunda dövlətl-vətəndaş qarşılıqlı münasibətləri məsələlərinə, sosial təhlil,diaqnoz və proqnoz məzmunlu problemlər əhatə edilir.
Nisbətən yeni sayılan elmi istiqamətlər - sosial şəbəkələrin və müasir informasiya texnologiyalarının təhlili, elm və texnologiyanın tədqiqi, (elm və texnologiya araşdırmaları (Science And Technology Studies (STS), müqayisəli (komparativ) sosiologiya kimi sahələr daxil olmaqla sosial-humanitar tədqiqatların ən dinamik inkişaf edən sahələri də önəm verilən prioritetlər sırasındadır.
Jurnal həm də sosial tədqiqatlar sahəsində yeni fikirlərin, yanaşmaların, məlumatların müzakirəsi üçün açıq bir platforma olmaq imkanıdır. Redaksiya Heyəti “Müzakirə-Polemika”, “Sosial publisistika “, “Özəl baxış”, “Sosial kommunikasiya” və s. başlıqlarla Azərbaycanda müasir tədqiqatçı və sosioloqların yetişdirilməsinin aktual, dünya ilə müqayisəli məsələlərini prioritet məsələ hesab edir. “Sosial tədqiqatlar” jurnalı bu sahə ilə bağlı istənilən innovativ fikir və təkliflər üçün açıqdır.
Jurnalın ilk sayında yerli və xarici müəlliflərin 15 məqaləsi 7 bölmədə oxucuların diqqətinə təqdim edilir.
“Böyük qələbə, Böyük Qayıdış, Böyük Quruculuq Tarixi” bölməsində Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun “Azərbaycanın dövlətçilik tarixində Qarabağda zəfərlə başlayan yeni mərhələ: strateji hədəflər, vəzifələr” adlı məqaləsində Vətən müharibəsindəki qələbəmizi şərtləndirən amillərin elmi-analitik təhlili verilir, postmüharibə dövründə qarşıda duran hədəflərə və vəzifələrə aydınlıq gətirilir. Qeyd olunur ki, Azərbaycanın qlobal miqyas almış, XXI əsrin ən uzunmüddətli, dondurulmuş hesab edilən Qarabağ münaqişəsinin müharibə yolu ilə həll edilməsi Vətən müharibəsində qələbənin təməllərinin hələ 2003-cü ildən müəyyən edilən Böyük Strategiyanın hədəfi olmasını deməyə tam əsas verir. Bu günlər xalqımızın yaşadığı Azərbaycan möcüzəsinin, qələbə modelinin təməlində xalqın etimadından güc alan lider şəxsiyyətin ali rəhbərliyə gəldiyi ilk vaxtdan- bu günlərə və qarşıdakı perspektivlərə hədəflənmiş strateji təfəkkürü dayanır.
“Yaddaş siyasəti: qələbə yaddaşının formalaşmasının elmi-nəzəri əsasları” bölməsində Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, fəlsəfə elmləri doktoru, professor Tahirə Allahyarovanın “Tarix siyasəti və yaddaş siyasəti: dünya təcrübəsi və Azərbaycanda məsələyə konseptual baxış” adlı məqaləsi yer alır. Məqalədə dünya ölkələrində mövcud olan tarix və yaddaş siyasəti sahəsində təcrübə və bu sahədəki fəaliyyətlər - ABŞ, Fransa, Almaniya, Rusiya, Polşa, Ukrayna, İsrail, Avropa Birliyi və s. nümunəsində araşdırılır. Azərbaycanda bu sahənin hələlik öyrənilməməsi, beynəlxlaq təcrübə ilə müqayisəsi və görüləcək işlərin səciyyələndirilməsinə çalışılır. Qeyd olunur ki, 2021-ci il dövlətçilik tariximizdə ilk dəfə əlamətdar tarixi günlər adlanan möhtəşəm hadisələr - Vətən müharibəsində Zəfər tarixinin 1-ci və müstəqilliyin bərpasının 30-cu ildönümləri işarəsi altında keçəcək. Bu möhtəşəm təqvimlər dünyada “tarix və yaddaş siyasəti” adlanan hadisələr baxımından olduqca böyük əhəmiyyətə malikdir. Çoxsaylı dünya ölkələri qeyd ediləcək belə hadisələrin milli yaddaşa yazılmasının dövlət siyasətinə, tarixi ənənəsinə, konkret konsepsiyasına, gerçək məqsədlərə və onun reallaşmasının mexanizmlərinə səlahiyyətli olan institutlara malikdir. Bununla müqayisədə ölkəmizdə tarix və yaddaş siyasəti nəinki ziyalılarımızın tədqiqatlarında, kollektiv yaddaşla bağlı istisna sayılacaq araşdırmalar nəzərə alınmazsa, hətta elmi leksikonumuzda belə hələlik diqqət cəlb etməyib, təhlil edilməyib. Dünya ölkələrində “tarix siyasəti və yaddaş siyasəti” adlanan fəaliyyətin həyata keçirilməsinə səlahiyyətli olan rəsmi institusionallaşmış strukturlar hələlik formalaşmayıb.
“Sosial elmlərin aktual problemləri” bölməsində müxtəlif mövzularda bir neçə məqalə yer alır. İzmir Katip Çələbi Universitetinin Sosial və ictimai elmlər fakültəsinin Fəlsəfə bölümünün rəhbəri professor Yıldız Karagöz Yekə və Sivas Cümhuriyyət Universiteti Ədəbiyyat fakültəsinin Fəlsəfə bölümünün əməkdaşı Muammər Aktayın “Yeni dünya nizamı və Uoltzerin ədalət anlayışını yenidən düşünmək” adlı məqaləsində (ingilis dilində) Valzerin ədalət anlayışına və çağdaş fəlsəfədə hakimiyyət münasibətləri kontekstində ortaya çıxan yeni dünya nizamında ədalət anlayışına dair tənqidi münasibətə, kompleks bərabərlik nəzəriyyəsinə nəzər salınır. Qeyd olunur ki, M.Valzerin“ədalət” anlayışı ilk növbədə “Ədalətli bir cəmiyyətin nədən ibarət olduğu?” sualına cavab verməklə araşdırıla bilər. “Ədalət” anlayışının başlanğıc nöqtəsi mücərrəd insan konsepsiyasına əsaslanan ədalətli bölüşmə nəzəriyyəsinin, idealist dəlillərin və filosofların tənqididir. Onun fikrincə, ədalətli bir cəmiyyətin təməlləri utopik şəkildə deyil, ümumi həyatın və məqsədyönlü bir planın əks etdirdiyi dəyərlər çərçivəsində başa düşülə bilər.
Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin Fəlsəfə və mədəniyyətin əsasları kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Nigina Şermuhammədova, həmin universitetinin əməkdaşları Asal Babayeva və Cavlonbek Kodirovun həmüəllifi olduqları “Dünyanın dini mənzərəsində ümumi və xüsusi” adlı məqalədə (ingilis dilində) buddizm, xristianlıq və islam dünyagörüşlərinin bəzi aspektləri ümumi, ayrı və xüsusi fəlsəfi kateqoriyalar prizmasından təhlil edilir. Ən qədim dünyagörüşü formaları və dünya haqqında elmi fikirlərin başlanğıc mənbələri dünyanın mifoloji, dini və fəlsəfi mənzərələridir ki, bunların hər biri insan sivilizasiyasının formalaşmasında və inkişafında son dərəcə vacib rol oynayıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Kommunikativ sistemlərin sosiologiyası kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Ağamalı Məmmədov və Rusiya Elmlər Akademiyası Fəlsəfə Cəmiyyətinin "Mədəniyyətlərin dialoqu: fəlsəfə və dünyagörüş problemləri" tədqiqat qrupunun rəhbəri, fəlsəfə doktoru Ariz Gözəlovun “Şəxsiyyətin virtual müstəvidə rekonstruksiyası: sosial-fəlsəfi təhlil” adlı məqaləsində (rus dilində) şəxsiyyətin virtual sosial müstəvidə özünüidentifikasiya və təqdimetmə problemi araşdırılır. İnformasiya inqilabı kontekstində aktual olan virtual şəxsiyyət fenomeni təfərrüatlı şəkildə təsvir olunur, ona xas xüsusiyyətlər nəzərdən keçirilir. Total informasiyalaşdırma və rəqəmsallaşma nəticəsində yaranan yeni mühitdə yeni kimlik-identiklik axtarışını araşdırmağı zəruri edir.
Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor Rəfail Həsənovun “Postsovet Azərbaycanda cəmiyyətin sosial strukturunda orta sinif” adlı məqaləsi (rus dilində) Azərbaycanda orta sinfin nəzəri problemlərinin öyrənilməsinə və onun formalaşmasına həsr edilmişdir. 2008-ci ildə başlayan qlobal maliyyə böhranı həm xaricdə, həm də Azərbaycanda orta təbəqənin formalaşması və inkişafı üçün cəmiyyətin bütün sosial strukturu üçün ciddi bir sınaq oldu. Yaxın gələcəkdə orta sinif qlobal iqtisadiyyatda həlledici rol oynayacaqdır. Azərbaycanda orta təbəqə, bir tərəfdən, köhnə sovet orta təbəqələrindən miras qalmış “təsirsiz orta kütlə”nin əsası, digər tərəfdən isə yeni münasibətlərin, qurumların və normaların formalaşması üçün vasitə kimi görünür.
Buradan iki orta sinif - köhnə (sovet orta təbəqələri) və yeni (qərb üslubunda proto-sinif) orta siniflər ideyası ortaya çıxır. Sosial statusların formalaşmasında müxtəlif mənbələrin müqayisəli əhəmiyyəti Azərbaycanda xeyli dəyişmişdir. Sovet dövründə iqtisadiyyatın və cəmiyyətin idarə edilməsindəki yerlə əlaqəli inzibati və rəsmi mənbələr statusların formalaşmasında həlledici rol oynayırdısa, indi bunlar iqtisadi mənbələr tərəfindən nəzərəçarpacaq dərəcədə kənara atılmışdır.
AMEA Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın “Müasir dövrdə sosial dövlət və sosial yönümlü bazar iqtisadiyyatının inkişaf perspektivləri” məqaləsində qeyd edilir ki, modern ölkələrdə sosial bazar iqtisadiyyatının tərəqqisi sosial siyasətin ilkin məramıdır. Sosial bazar iqtisadiyyatı insanların tələb və istəklərini nəzərə alan və bilavasitə bu tələb və istəklərin təmin edilməsi üzərində qurulan təsərrüfat formasıdır.
Azərbaycanda baş verən innovasion iqtisadi proseslər yerli iqtisadiyyatın yenidən qurulması, idarə olunması və inkişafı üçün əsas olmuşdur. Son onilliklərdə bazar iqtisadiyyatının inkişafı Azərbaycan dövlətinin əsas məqsədinə çevrilmiş və ölkəmizin Konstitusiyasında hüquqi status almışdır. Azərbaycan dövlətinin "sosial yönümlü bazar iqtisadiyyatı" modeli Qərb ölkələrinin iqtisadi ənənələrini özündə birləşdirir.
Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Üzeyir Şəfiyevin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan dövlətinin sosial siyasəti” məqaləsində yeni növ koronavirus pandemiyası dövründə Azərbaycan dövlətinin sosial təhlükəsizlik tədbirləri, dövlətin sosial siyasəti, problemlərlə mübarizədə əldə edilən uğurlar və qarşıda duran vəzifələr sosioloji araşdırma predmetini təşkil edir. Məqalədə pandemiya ilə bağlı qlobal vəziyyət, Azərbaycandakı durum, görülən tədbirlər müqayisəli təhlil edilmiş, problemin yaranma və inkişaf dinamikası, eyni zamanda onun yayılmaması ilə bağlı preventiv tədbirlərdən geniş bəhs edilmişdir. Həmçinin pandemiya ilə mübarizədə Azərbaycanın uğur hekayəsinin fəlsəfəsi açılmış, dövlətimizin vətəndaşlara və dünya səhiyyəsinə verdiyi töhfələr təhlil edilmişdir. Bununla yanaşı, məqalədə pandemiyanın qlobal müstəvidə, eləcə də Azərbaycanda yaratdığı fəsadlar, yaranmış yeni reallıqlar və qarşıda duran vəzifələr barədə mülahizələr irəli sürülmüşdür.
AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, Milli Məclisin İnsan hüquqları komitəsinin eksperti Lalə Əkbərovanın “Nifrət nitqi - hüquqi, siyasi, mədəni aspektləri. Hüquqi tənzimlənməsi ilə bağlı dünya təcrübəsi” adlı məqaləsində qeyd olunur ki, son illərdə qanuni və siyasi leksikona daxil olan nifrət nitqi və nifrət cinayətləri insan haqlarını, insan ləyaqətini və bərabərliyini təhdid edir, sosial qruplar arasındakı gərginliyi artırır, ictimai asayişi pozur və dinc yanaşı yaşamağı təhlükə altına alır. Müxtəlif ölkələrdə bu sahədə müvafiq profilaktik və cavab tədbirlərinin olmaması ümumbəşəri dəyərlərə xələl gətirir. Son illər nifrət nitqi ilə bağlı tədqiqatlar nisbətən geniş yayılıb və bir çox elm sahələri, o cümlədən hüquq, politologiya, dilçilik, mədəniyyətşünaslıq, mediologiya və s. problemin radikal tərəflərini öyrənir. Lakin buna baxmayaraq, nifrət nitqinin elmi termin kimi dolğun tərifi formalaşdırılmamışdır.
Məqalədə sosial mediada və COVID-19 pandemiyası dövründə nifrət nitqinin artması təhlil edilmişdir. Dünyadakı "nifrət hüququ" təcrübəsi nəzərdən keçirildiyi zaman ifadə azadlığı ilə nifrət nitqindəki məhdudiyyətlər arasındakı paradoks və ziddiyyətlərin bu sahədə müsbət nəticələrin əldə olunmasına mane olduğu qeyd olunur. Sonda nifrət nitqi ilə mübarizə üçün mövcud standartları təkmilləşdirmək və nifrət cinayətlərinə qarşı tədbir görmək üçün qanuni müddəalara ehtiyac olduğu vurğulanır.
“İctimai rəy. Sosioloji sorğular” bölməsində Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İnqilab Şahbazovun “Keyfiyyət əsaslı tədqiqat: gənclərin soyuq silah gəzdirməsinin motivləri ekspertlərin nəzərində: 27 nəfər mütəxəssislə dərinləşdirilmiş müsahibə” məqaləsində (ingilis dilində) qeyd olunur ki, gənclərin soyuq silah gəzdirməsi bir sıra ölkələrdə sosial problemə çevrilmişdir. Lakin bu davranışın motivləri barədə araşdırmaların sayı məhduddur. Bu tədqiqatda Azərbaycanda psixoloq, kriminoloq və sosioloqlarla (n=27) aparılan dərinləşdirilmiş müsahibələr vasitəsilə gənclərin soyuq silah gəzdirməsinin səbəblərinin öyrənilməsinə çalışılır. Müsahibələrə əsasən, Azərbaycanda oğlanların soyuq silaha meyil etməsinin səbəbləri bir-biri ilə əlaqəli olan amillərdir. Mənfi ata rol modeli oğlanların kiçik yaşlarında normal sosiallaşmasına mənfi təsir göstərir, bəzi hallarda isə cinayətkar keçmişə malik atalar övladlarını bıçaq gəzdirməyə həvəsləndirir. Belə mühitdə böyüyən övladın sosiallaşması evdən kənarda – bir çox hallarda deviant davranışların normaya çevrildiyi həmyaşıd mühitlərində reallaşır. Əlavə olaraq, həmin oğlanlar arasında Azərbaycanda bəzi dairələrdə populyar olan qanuni oğruları idollaşdırmaq həvəsi də gənclərə güc hissi verən soyuq silaha meyillilik yaradır.
“Azərbaycanda miqrasiya, demoqrafiya və ailə siyasəti” bölməsində STM-nin baş məsləhətçisi Elnarə Qəribovanin “Azərbaycanda urbanizasiya və daxili miqrasiya prosesinin kəsişməsinin sosial və demoqrafik mənzərəsi” məqaləsində qeyd olunur ki, miqrasiya bəşər tarixində baş verən, olduqca vacib sosial nəticə və dəyişiklikləri şərtləndirən proseslərdəndir. İnsanlar müxtəlif səbəblərdən yaşadıqları yerlərdən köç etmək məcburiyyətində qalırlar. Xüsusilədə son iki əsrdə elmi-texniki inqilab və qloballaşma proseslərinin sürətli inkişafı miqrasiyanın tempinə və səviyyəsinə birbaşa və ya dolayı yolla böyük təsir göstərmişdir. Miqrasiya mürəkkəb mahiyyətli bir hadisədir. Böyük şəhərlərin formalaşması, urbanizasiya nəticəsində meqapolislərin yaranması bu prosesi daha da mürəkkəbləşdirir. Miqrasiya çoxşaxəli sosial-iqtisadi, ekoloji, geosiyasi və etnosiyasi aspektlərdə yeni problemlərin ortaya çıxmasını şərtləndirir. Bir çox hallarda şəhərlərə istiqamətlənən, kütləvi axın şəklini alan köç/miqrasiya prosesləri şəhərin ətraf mühitini, təbii landşaftını kökündən dəyişdirir, ənənəvi ahəngi pozur. Müasir qloballaşan dünyada Azərbaycanda miqrasiyanın yaranma meyillərinin tədqiqinə, respublikada iqtisadi və qeyri-bərabər miqrasiyanın qarşılıqlı əlaqələrinin müəyyən edilməsinə, onun ölkənin sosial-iqtisadi inkişafına və demoqrafik vəziyyətinə təsirinin qiymətləndirilməsinə çox ciddi tələbat yaranmışdır.
STM-nin baş məsləhətçi Humay Axundzadənin “Azərbaycanda ailə qayğısı rejiminin tətbiqinin nəzəri əsasları” məqaləsində ölkəmizdə ailə qayğısı rejimi müasir qayğı konsepsiyalarını tətbiq etməklə makro- və mikrosəviyyələrdə ilk dəfə olaraq təhlil edilir. C.Lyuisin sosial qayğı konsepsiyası qayğı rejimlərinin ümumi bölgüsünə istinad kimi verilir. A.Hohşildin qayğı idealı və modelləri, J.Çernovanın qayğı rejimlərinin elementləri sözügedən anlayışın formalaşmasında dəyərlər sisteminin rolunu göstərir. B.Pfau-Effingerin “rifah mədəniyyəti” konsepsiyası, S.Leytnerin familizm konsepsiyası və Q.Espinq-Andersenin rifah dövlətlərinin təsnifatı, M. Kremerin yanaşması qayğı rejiminin formalaşmasında mədəni və institusional amilləri aydınlaşdırmaq üçün araşdırılır. Qayğı rejiminin mikrosəviyyədə tədqiqi üçün əhəmiyyətli olan daha iki konsepsiyaya - E.Svidlerin mədəniyyət, eləcə də L.Berqson və U. Robertsin ailə həmrəyliyi konsepsiyalarına aydınlıq gətirilir. Bunun nəticəsində müəllif belə qənaətə gəlir ki, Azərbaycan kontekstinə uyğun konseptual bazanın işlənilməsi yerli cəhətlərin – sosial siyasət tarixi, mövcud qanunvericilik bazası və mədəni xüsusiyyətlərin nəzərə alınmasını tələb edir.
“Postmodern sosial nəzəriyyələr” bölməsində STM-nin aparıcı məsləhətçisi Elnur Çiraqovun “Postmodernizmdə publik sferaya dair nəzəri bir dəyərləndirmə” məqaləsində modern çağa aid bir anlayış olan publik sferanın bu şərtlər daxilində, yəni müxtəliflik/identiklik tələbləri perspektivində yenidən qurulma imkanları günümüz üçün əhəmiyyətli iki əsas nəzəri istiqamət üzrə dəyərləndirilir. Bu nəzəri yanaşmaların postmodern dövrün özünəməxsusluğu, ictimai-siyasi şərtləri və tələbləri baxımından mümkün olub-olmaması müzakirə edilir. Məqalədə müxtəliflik və ya etnik, siyasi, dini, kultural identiklik tələbləri bəzi regionlarda nəzərəçarpan separatizm siyasətlərindən köklü şəkildə fərqlənir və inkişaf etmiş liberal demokratiyalarda ortaya çıxan yeni ictimai-siyasi hərəkatları nəzərdə tutur.
STM-nin aparıcı məsləhətçisi Sübhan Padarsoyun “Texnokratiya və onun sosial xarakteristikaları” məqaləsində qeyd olunur ki, bu gün yaşadığımız dünya heç bir zaman olmadığı qədər texnoloji tərəqqinin hökmranlığı altındadır. Planetimiz üzərində həyatı yenidən bir formaya salan texnoloji ovsunun təzahürlərini hər bir sahədə görmək mümkündür. Biotexnologiya, nanotexnologiya, robotlaşma və informasiya cəmiyyətinin inkişafı insanın daxili dünyasında dərin transmutasiyaya səbəb olub. Texno-elm epoxal keçidi reallaşdırır. Biz informasiya əsri, datalaşma və biologiyanın səbəb olduğu ikinci böyük mutasiyanı yaşayırıq. Belə bir inqilab maşın və insan arasında qarşılıqlı interaksiya ilə birlikdə canlı varlıqların süni transformasiyasını və maşınların insanlaşdırılmasını zəruri edir. Bu gün texnologiya və texnoloji tətbiqata tabe edilən elm ölümcül bir təhdid, spiritual eroziya alətinə çevrilib. Sağlam cəmiyyətdə texno-elmin doğurduğu məntiqi nəticələr sadəcə elm adamlarının deyil, spiritual və siyasi hakimiyyətin nəzarətinə tabe edilməlidir. Antitexnokratik aristokratiya bu böhranın həllində yeganə vasitədir.
“Meqapolis dünya siyasətinin aktoru kimi” bölməsində STM-nin baş məsləhətçisi İlyas Hüseynovun “Bakı çoxtərəfli diplomatiyanın və multilateralizmin mərkəzi kimi” məqaləsində Azərbaycanın həyata keçirdiyi çoxtərəfli diplomatiyaya nəzər salınır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan balanslaşdırılmış və çoxvektorlu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan özünü çoxsaylı təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa müvəffəq olub. Beynəlxalq münasibətlər sistemində Azərbaycan özünü etibarlı tərəfdaş və sərbəst oyunçu kimi tanıdıb. Bu gün dünya siyasətində həm regional, həm də qlobal əhəmiyyətli bütün məsələlərin həllində Azərbaycanın fikri ilə hesablaşırlar. Ötən illər ərzində Azərbaycanın xarici siyasətinin uğurları onun regionda və bütün dünyada mövqelərini möhkəmlətmişdir. Azərbaycan regional, qlobal təhlükəsizliyin, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı və sabit tərəfdaş kimi tanınmışdır. Bunun nəticəsində Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin kimi aparıcı tərəfdaşlar Azərbaycanı dövrün çağırışlarına ciddi reaksiya verən, Avropa ilə Asiya arasında kommunikasiya funksiyasını yerinə yetirən, Cənubi Qafqaz kimi mühüm arealda etibarlılıq zolağı yaradan fəaliyyətqabiliyyətli subyekt kimi qəbul edir.

Qeyd edək ki, “Sosial tədqiqatlar” jurnalının yeni sayının PDF versiyasını jurnalın internet səhifəsindən də (https://socialresearchjournal.az/) oxumaq mümkündür.