Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası Hadisə

Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası

Uzun müddətdir dünya COVİD-19 bəlasından zərər çəkir. Bu virusun törətdiyi fəsadlar demək olar ki, hər bir sahəni əhatə edir. Təəssüf ki, dünya səhiyyəsi də bu virusun qarşısında acizdir. Bu səbəbdən də bu qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır. İnsanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsul bu günkü durumda vaksin etdirməkdir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizə daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Vaksin insana vurulduğu zaman bədənin immun sistemi vaksini antigen (xarici cisim) kimi qəbul edir və ona qarşı anticisimlər (antitel) yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin, öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.

COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinlərin işlənib hazırlanması pandemiyaya son qoymaq və yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmağa qayıtmaq üçün qlobal səylərimizdə irəliyə doğru böyük bir addımdır.

Vaksinlər müvafiq infeksiya agentini - xəstəliyə səbəb ola biləcək virusları, bakteriyaları və ya digər mikroorqanizmləri imitasiya edərək işləyirlər. Bu, immunitet sistemimizə ona qarşı sürətli və təsirli şəkildə cavab verməyi “öyrədir”.

Ənənəvi olaraq, vaksinlər bunu immunitet sistemimizin “yadda saxlamasına” imkan verən infeksiya agentinin zəifləmiş formasının bizim orqanizmə yeridilməsi ilə edirlər. Belə olan halda, immunitet sistemimiz, həmin infeksiya agentini bizi xəstələnməyə məcbur etməzdən əvvəl tez bir zamanda tanıyır və ona qarşı mübarizə aparır. COVID-19 xəsətliyinə qarşı vaksinlərdən bəziləri bu cür hazırlanıb.

COVID-19 xəstəliyinə qarşı digər vaksinlər matrisalı RNT ya da mRNT vaksinləri adlanan yeni texnologiyalardan istifadə etməklə hazırlanıb. Antigenləri (immunitet sisteminizin anticisimlər istehsal etməsinə səbəb olan bir maddəni) bizim orqanizmə yeritmək əvəzinə, mRNT vaksinləri immunitet sistemimiz tərəfindən antigen istehsal etməsinə imkan vermək üçün orqanizmə lazım olan genetik kodu verir. mRNT vaksinləri texnologiyası bir neçə onilliklər ərzində öyrənilib. Bu vaksinlərin tərkibində canlı virus yoxdur və onlar insan DNT-sinə müdaxilə etmirlər.

Çevik reaksiya

Bu gün dünyanın əsas bəlası olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Müharibələr, çətin vəziyyətlər adamları da, dövlətləri də tanımağa imkan verir. Belə vəziyyətlərdə ilk şərtlərdən biri panikaya məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qabul etməkdir. Soyuqqanlı və təcrübəli olmaq həmişə işə yarayır.

Dünyanın yeni bəlası qapını döyəndə Azərbaycan rəhbərliyi məhz belə etdi. Təmkinli, lakin çevik qərarlarla, bəlanın törədə biləcəyi faciənin miqyası dəqiq təhlil edilməklə mübarizə tədbirlərinə başlanıldı.

Azərbaycan hökuməti Operativ Qərargah yaratdı, gücləndirilmiş iş rejiminə keçdi, profilaktik və preventiv tədbirlər görüldü, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirlərinə başlanıldı. Dövlət və xalq həmrəyliyinin işarəsi olan (milli təhlükəsizliyi təhdid edə biləcək belə günlərdə ən çox buna ehtiyac var) addımlar atılmağa başladı. Ən başlıcası, dövlət üçün büdcəsinə gələcək vergi, iqtisadiyyatının inkişafını göstərəcək rəqəmlərlə müqayisə olunmayacaq qədər qiymətli və dəyərli olan - Vətəndaşın sağ qalması, sağlamlıq faktorunun prioritet olduğu göründü. Vətəndaşın bunu hiss etməsi, öz üzərində anlaması isə belə vəziyyətdə çox mühüm olan əvəzsiz psixoloji dəstək rolunu oynadı.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Qeyd edək ki, Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır. Dövlətimiz əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Bundan başqa bu xəstəliyə qarşı xüsusi laboratoriya və xəstəxanaların sayı artır. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.

Məlum olduğu kimi, əhalinin vaksinasiyadan keçməsini müyyənləşdirmək üçün “İmmunitet sertifikatı” və onun etibarlılıq müddəti müəyyənləşdirlmişdir. “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib.

“İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

Qeyd edək ki, COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “randevu.its.gov.az” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. Hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

“Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.

Diqqətə çatdıraq ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunur.

2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.

Qeyd etmək lazımdır ki, peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.

Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.

Dr. Həsən İmanlı

ABŞ-ın “University of Maryland Medical Center” xəstəxanasının həkimi