“Azərbaycan irimiqyaslı tədbirlər keçirən zaman...” Hadisə

“Azərbaycan irimiqyaslı tədbirlər keçirən zaman...”

Sevinc Fətəliyeva:"...Nils Muyjnieks kimi adamların iradları çoxalır"

"Əgər kimsə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti öyrənmək istəyirsə, ilk növbədə, erməni təcavüzü nəticəsində hüquqları pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkündən başlamalıdır". Bu barədə Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa insan hüquqları komissarı Nils Muyjnieksin İntiqam Əliyevin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib.
S.Fətəliyeva qeyd edib ki, əgər Azərbaycanda kimsə həbs edilirsə, deməli, bunun hansısa səbəbləri var, hansısa cinayət əməlinə yol verib: "Azərbaycan hüquqi dövlətdir, hər kəs qanun qarşısında bərabərdir və əgər kimsə cinayət əməlinə yol verirsə, qanun qarşısında cavab verməlidir. Bununla məşğul olan müvafiq dövlət qurumları var. Azərbaycanın Konstitusiyası var, beynəlxalq standartlara uyğun qanunları var və nə addım atılırsa, qanun çərçivəsində atılır. Hansısa beynəlxalq təşkilatların bu məsələləri müzakirə etməsi ölkənin daxili işinə qarışmaq deməkdir".
Millət vəkili əlavə edib ki, Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir: "Sadəcə, həmişə olduğu kimi, Azərbaycan irimiqyaslı tədbirlər keçirən zaman Nils Muyjnieks kimi adamların bu tip iradları çoxalır. Burada da məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna xələr gətirməkdir. Ancaq mən əminəm ki, həmişə olduğu kimi, bu cür hərəkətlər yenə də uğursuzluğa düçar olacaq".