Snayperçi Raufun döyüş yoluna nəzər... Hadisə

Snayperçi Raufun döyüş yoluna nəzər...

Süleymanov Rauf Allahverdi oğlu 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində neftçi ailəsində anadan olmuşdur. 1994-2005-ci illərdə həmin kənddə tam orta təhsil almışdır. 2007- ci ildə Azərbaycan Respublikası Daxili Qoşunlarının Bərdə rayonundakı N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir.Hərbi xidməti başa vurduqdan sonra həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu (MAHHXHQ) - snayperçi vəzifəsində işləmişdir. 29 dekabr 2008-ci ildə çavuş hərbi rütbəsi almışdır. Sonra 2011-ci ildə Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində hərbi xidmətini davam etdirmiş və Baş çavuş vəzifəsinə təyin olunmuşdur.
2009-cu ilin iyulunda Daxili İşlər Nazirliyinin 1719 N-li əmrinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüşdür.
2012-ci ilin mart ayının 15-də xidmət etdiyi hərbi hissə komandiri tərəfindən Azərbaycan Respublikası “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı ilə təltif edilmişdir.
Rauf Süleymanova DİN-nin müavini və Daxili Qoşunlar Komandanının 4 oktyabr 2014-cü il tarixli 241 nömrəli əmri ilə “Zoğalı Beret” daşıma hüququ verilmişdir.
29 iyun 2016-cı ildə isə DİN-nin müavini və Daxili Qoşunların Komandanının 1768 N-li əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
9 fevral 2019-cu ildə Daxili qoşunlar Komandanının 1-ci müavini – qərargah rəisi tərəfindən Daxili Qoşunların birinciliyi uğrunda keçirilən “AKM-1,2,3 tapşırıqları” üzrə yarışda III yeri tutduğuna görə diplomla təltif edilmişdir.
24 avqust 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin snayper qrupunda atıcı-snayper vəzifəsinə təyin edilib.
2019-cu ilin 15 noyabr – 20 dekabr tarixlərində Türkiyə Cümhuriyyətinin Foça şəhərində atış üzrə təlim kursu keçmiş və yüksək dərəcəli sertifikatla təltif olunmuşdur.
2020-ci ildə komandanlıq tərəfindən Baş gizir təyin edilib. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən Müharibəsində iştirak etmiş və igidliyi ilə seçilmişdir. Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə fərqlənmişdir. 60-a yaxın düşmən hərbçisini məhv etmişdir. Oktyabr ayının 5-də Füzuli rayonu istiqamətində hərbi əməliyyat zamanı qəhrəmancasına şəhid olmuşdur. Doğulduğu Neftçala rayonunun Abasallı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev tərəfindən 15 dekabr 2020-ci ildə “Vətən uğrunda” və 24 dekabr 2020-ci il “Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif olunub.
Rauf Süleymanov 2010-cu ilin sentyabr ayında ailə həyatı qurmuşdu. Bir qız övladı var.
Mehriban Mehdiyeva
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı