Ünvanlı yardım təyin olunmuş ailələrin sayı azalıb Hadisə

Ünvanlı yardım təyin olunmuş ailələrin sayı azalıb

2012-ci ilin müvafiq ayları ilə müqayisədə 2013-cü ildə ünvanlı sosial yardım təyin olunmuş ailələrin sayı subyektiv səbəblərdən 5,5% artıb.
APA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi ilə respublikada sosial müdafiə sahəsində aparılan islahat tədbirlərinin cari vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
O bildirib ki, şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması və nəzarət mexanizminin gücləndirilməsi sahəsində aparılmış məqsədyönlü işlər nəticəsində 2014-cü ilin ilk iki ayında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ünvanlı yardım təyin olunmuş ailələrin sayı 10,9% azalıb: "Ünvanlı sosial yardım alanların adlı siyahısı cəmiyyətə açıqlandıqdan sonra KİV ilə əhaliyə edilən müraciətlərdən sonra gözlənilən müvafiq məlumatlar daxil olmaqdadır. Daxil olmuş məlumatlar əsasında Ağdam, Ağcabədi, Lerik, Saatlı, İmişli rayon ƏƏSMM-ləri tərəfindən ünvanlı sosial yardım təyinatında yol verilmiş nöqsanlar araşdırılaraq ciddi tədbirlər görülüb. Bununla bağlı olaraq artıq ödənilmiş vəsaitin bərpa etdirilməsi təmin olunmaqla, həmin mərkəzlərin məsul şəxsləri barədə ciddi intizam tədbirləri görülüb, o cümlədən hər iki mərkəzin direktorları vəzifələrindən azad edilib".
Ç.Əliyev qeyd edib ki, əhaliyə xidmət səviyyəsinin yaxşılaşdırılması və şəffaflığın təmin olunması istiqamətində aparılan işlərin müsbət nəticəsi kimi, müvafiq dövrdə Dövlət Sosial Təminat Xidmətinə "142 - Qaynar xətt" vasitəsilə 1728 vətəndaş müraciəti olub və bu da əvvəlki dövrlə müqayisədə 438 müraciət azdır.