“Xocasən qəsəbəsinin ərazisində Pedaqoji Universitetin tikilməsi üçün hazırlıq işləri aparılıb” Hadisə

“Xocasən qəsəbəsinin ərazisində Pedaqoji Universitetin tikilməsi üçün hazırlıq işləri aparılıb”

Mikayıl Cabbarov: "Artıq ərazinin master planı hazırdır"

"Bakıdakı 20 nömrəli məktəbin eskizi Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq təsdiqlənib. İşlər qrafikə uyğun aparılsa 20 nömrəli məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır". Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M. Cabbarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ilə bağlı ideya verməsi haqda məlumatlara da münasibət bildirib: "Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. Məktəbin tikintisinin 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm".
Nazir onu da deyib ki, məktəbin eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib.
Təhsil naziri qeyd edib ki, 20 nömrəli məktəbdə təhsil alan şagirdlər iki ayrı məktəbə yerləşdirilib: "20 nömrəli məktəb respublikada ən böyük məktəblərdən biridir. Orada 3000-ə yaxın şagird oxuyur, 110-dan çox sinif var. Bir neçə innovativ, o cümlədən elektron tədrisi və təhsili tətbiq edən mexanizmlər 20 nömrəli məktəbdə tədris olunur. Çox böyük olduğuna görə orada təhsil alan şagirdləri iki ayrı məktəbdə yerləşdirə bilmişik".
Təhsil naziri digər məsələlərə də aydınlıq gətirib:""İlk olaraq Azərbaycan Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif edilib. Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi planda var".
Onun sözlərinə görə, kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək: "Ancaq onu qeyd edim ki, bu proses bütün kolleclərə şamil edilmir. Bu, yalnız bir neçə kolleclərə aiddir".
M. Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim olunub: "Hazırda aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Ali təhsil müəssisələrində müasir Boloniya prosesinin tələblərinə keçid daha tez sürətlə gedir, nəinki orta ixtisas təhsil müəssisələrində. Yeniliyi tətbiq etməklə bu prosesi fəallaşdırmaq istəyirik. Bütün bunlar orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin yüksəldilməsinə və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsinə xidmət edir".
"Cənab prezidentin tapşırığı ilə Xocasən qəsəbəsinin ərazisində müasir kampus tipli Pedaqoji Universitetin tikilməsi üçünTəhsil Nazirliyi tərəfindən hazırlıq işləri aparılıb", deyən təhsil naziri bildirib ki, bu işlərə bir il bundan əvvəl başlanılıb: "Artıq ərazinin master planı hazırdır. O master plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də bu universitetdə gələcəyin müəllimləri yetişir. Ona görə məhz bu universitetdən başladıq".
Nazir yeni təhsil strategiyası haqda da danışıb və orada yay düşərgələrinin təşkili məsələsinin nəzərdə tutulduğunu da deyib: "Yay düşərgələrində şagirdlər asudə vaxtlarını, yay tətillərini səmərəli şəkildə keçirəcəklər".
Təhsil nazirinin sözlərinə görə, nazirliyin tabeliyində yay düşərgələri yoxdur: "Ona görə də aidiyyəti qurumlarla əməkdaşlıq yolları aparılır ki, şagirdlərin asudə vaxtını, o cümlədən yay tətillərini keçirməsi məsələsinə baxaq. Ölkədə prezidentin təşəbbüsü ilə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Məsələn, Təhsil Nazirliyinin dəstəklədiyi, bizim də iştirak etdiyimiz "Azərbaycanımızı tanıyaq" kimi layihə çərçivəsində bir bölgədə oxuyan şagirdlər ölkənin digər bölgələrinə gedirlər".