Ermənistan törətdiyi bəşəri cinayətlərinə görə də cavab verməli olacaq Hadisə

Ermənistan törətdiyi bəşəri cinayətlərinə görə də cavab verməli olacaq

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədib.

Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələrə əl atıb.

27 sentyabr 2020-ci il - 30 oktyabr 2020-ci il tarixlərində 182-dən artıq məntəqə düşmən hədəfinə çevrilib və bu məntəqələrə 27 mindən artıq mərmi və 218 raket atılıb. Atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, mərmilərin sayına görə isə Tərtər və Ağdam rayonlarını xüsusi qeyd edilib.

Ermənistan tərəfindən atılan raket və mərmilər nəticəsində 98 mülki vətəndaş həyatını itirib, 414 nəfər xəsarət alıb, 2442 yaşayış evi, 92 çoxmərtəbəli yaşayış binası və 423 mülki obyekt dağıdılıb. Ölənlər arasında körpələr, uşaqlar, qocalar, yaşlı qadınlar, yenicə həyat quran cütlüklər də olub.

Mülki əhaliyə hücum etməklə Ermənistanın həm də 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyaların, Kaset Silahları üzrə Konvensiyasının (CCM) tələblərini kobud surətdə pozub.

Hələ 1991-92-ci illərdə işğalçı Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi zaman mülki əhaliyə qarşı, Xocalı soyqırımı zamanı, eləcə də, əsir və girovlara qarşı kimyəvi silahlardan istifadə edib. Əsirlikdən azad olunan soydaşlarımızın bədən hissələrində yaranan fəsadlardan sonra dünyalarını dəyişmələri sübut edirdi ki, ermənilər bu insanların üzərində kimyəvi silahlardan istifadə ediblər.
“Human Rights Watch” və “Amnesty International” təşkilatları da Azərbaycanın mülki əhalisinə və infrastrukturuna Ermənistan tərəfindən qadağan olunmuş kasetli bombalardan istifadə etməklə hücumları öz hesabatlarında təsdiq edib.

Həmin dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da xalqımız döyüş ruhunu, həmrəyliyini və iradəsini itirməyərək şərəf də sədaqətlə Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzu mənəvi olaraq dəstəkləyib. Erməni terrorunun qurbanı olan mülki vətəndaşlarımızın qisasını isə müzəffər ordumuz döyüş meydanında müvəffəqiyyətlə alıb. Buna baxmayaraq, Ermənistan törətdiyi bəşəri cinayətlərinə görə beynəlxalq hüquq qarşısında da cavab verməli olacaq.
Cavid