“Biz gənclərin əllərindən tuturuq” Mədəniyyət

“Biz gənclərin əllərindən tuturuq”

Çox böyük sənətkarlarla tərəf-müqabili olduğum üçün özümü xoşbəxt hesab edirəm. 59 ildir Musiqili Teatrda işləyirəm. Lütfəli Abdullayev, Nəsibə Zeynalova ilə səhnəni bölüşmüşəm. Şəmsi Bədəlbəylinin quruluşunda "Hicran" tamaşası hələ də aktuallığını saxlayır. Bəstəkarlardan Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, yazarlardan Süleyman Rüstəmlə çalışmışam. Onların əməyi sayəsində yaranan tamaşalar bizim klassik operettalarımızdandır. Bir çox dahi sənətkarlarla işləmişəm. Şəmsi Bədəlbəylinin assistenti olmuşam". Bu fikirləri APA TV-nin qonağı, əməkdar artist Novruz Qartal deyib.
Aktyor bildirib ki, sənətkarların bizi hər hansı qulluğa göndərməklərini istəyirdik: "O zaman aktyor olmaq üçün antik, xarici ədəbiyyatı, teatrın tarixini bilməli, klassiklərimizi tanımalı idik. İndi Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Hökümə Qurbanovanı tanımırlar".
Qonaq qeyd edib ki, əvvəlki dövrlə müqayisədə hazırkı dövrdə gənclərin irəli getməsi üçün daha münbit şərait mövcuddur: "Hər tamaşanı əzbərləyirdik ki, birdən kimsə xəstələnsə, rol bizə verilsin. İndi isə vəziyyət yaxşıdır. Teatrın qapıları gənclərin üzünə açıqdır. Əliqismət Lalayev teatra gələndə bir canlanma yarandı. Gəncləri teatra dəvət elədi. Musiqili Komediya teatrı heç zaman İranda qastrol səfərində olmayıb. İlk dəfə 2010-cu ildə onun təşəbbüsü və rəhbərliyi ilə İranda "O olmasın, bu olsun" tamaşası ilə çıxış etdik. Hətta festivalda yer də tutduq. Mart ayında Gürcüstanda çox gözəl bir proqramla səfərdə olduq. Öncə bölgələrdə, daha sonra Tiflisdə Şoto Rustaveli adına Akademik Milli Dram Teatrının səhnəsində çıxış etdik".
Əməkdar artist vurğulayıb ki, Musiqili Komediya Teatrı heç zaman tamaşaçı qıtlığından əziyyət çəkməyib: "Teatrımızın repertuarı zəngindir, amma yazar baxımından qıtlıq var. Bir neçə tamaşanın məşqləri gedir. Musiqili Teatrın zalı hər zaman dolu olur. Hətta bu yaxınlarda havanın soyuq olması səbəbi ilə tamaşaçıların gəlməyəcəyini düşünmüşdüm, amma zal yenə də dolu idi".
Verilişin digər qonağı, əməkdar artist Nahidə Orucova da sənət yolunun ilk mərhələlərindən, o dövrün sənətkarlarının münasibətindən bəhs edib: "Biz hələ tələbə vaxtı ustadları görmüşük. Hər müəllimdən nəsə götürmüşük. Onlar bizə nümunə olublar. Nəhəng sənətkar olmaqla yanaşı, çox səmimi insan olublar. Həmişə deyərdilər ki, "bu gün müəllim-tələbəyik, amma sabah həmkar olacaq, çiyin-çiyinə bir səhnədə çalışacağıq". Buna görə də aramızda hər zaman hörmət olub. Onlar bizi qabağa çəkirdilər. Teatrlara aparırdılar ki, öz üzərimizdə işləməyi öyrənək. Amma bu gün müəllim-tələbə münasibətlərini anlamıram. Bizim sənətimiz kollektiv sənətdir. Tərəf müqabili olmayanda tək qalırıq".
Aktrisa bildirib ki, mümkün qədər gənclərə dəstək olmağa çalışırlar: "Hazırda yeni tamaşa üzərində iş gedir. Orada baş rolu ifa edən gənc tələbədir. Əvvəllər tələbəyə baş rol verilməsi mümkün deyildi, amma indi belə şərait mövcuddur. Biz gənclərin əllərindən tuturuq. Biz bunu etməliyik, çünki vaxtilə bizə də ediblər. Bizim qarşımıza çəpərlər qoyublar, biz o çəpərləri keçmişik".