Xalq artisti Azər Zeynalov: Tofiq Quliyevin Bakıda heykəlinin ucaldılması musiqi ictimaiyyətinin hədsiz sevincinə səbəb oldu Mədəniyyət

Xalq artisti Azər Zeynalov: Tofiq Quliyevin Bakıda heykəlinin ucaldılması musiqi ictimaiyyətinin hədsiz sevincinə səbəb oldu

Xalqımızın böyük bəstəkarı Tofiq Quliyevin Bakı şəhərinin gözəl guşələrindən birində əzəmətli heykəlinin ucaldılması musiqi ictimaiyyətinin hədsiz sevincinə səbəb oldu. Tofiq Quliyev Azərbaycan musiqisinə əvəzsiz töhfələr vermiş bir bəstəkardır. Onun yazdığı nəğmələr peşəkarlıq səviyyəsi, rəngarəngliyi, özünəməxsus ahəngi ilə fərqlənir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xalq artisti, professor Azər Zeynalov deyib.

“Bu böyük bəstəkarla çalışmaq mənə də qismət oldu və onun bir neçə əsərini ifa etdim. “Bəxtəvər oldu” romansı, “Sənə də qalmaz”, “Bakı”, “Əziz dost”, “Bakı haqqında mahnı”, “Neft daşları” və s. mahnıları misal çəkmək olar. Hətta bəstəkarı olduğu “Bəxtiyar” filmindəki mahnını 1994-cü ildə dəyişib Azərbaycana və Ulu Öndər Heydər Əliyevə həsr etməyim Tofiq müəllimin böyük sevincinə səbəb olmuşdu. Milli musiqi sənətimizə bütün varlığı ilə xidmət edən belə bir sənətkarın heykəlinin qoyulması düşünürəm ki, bütün musiqisevərlərin ürəyincədir. Son illər ərzində Azərbaycanın görkəmli sənətkarlarının adlarının əbədiləşdirilməsi, bu şəxsiyyətlərin heykəllərinin ucaldılması dövlət başçısının incəsənətə və sənətkarlarımıza sonsuz sevgisinin və diqqətinin göstəricisidir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan bu diqqət və qayğı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Biz, sənət adamları dövlətimizin incəsənət adamlarına göstərdiyi əvəzsiz diqqətə görə ölkə başçısına sonsuz hörmət və sevgimizi bildiririk”, - deyə Xalq artisti vurğulayıb.