Sirli-sehrli uşaq dünyası Mədəniyyət

Sirli-sehrli uşaq dünyası

I yazı

Azərbaycan uşaq oyunlarının mahiyyətində oyun psixologiyasından gələn əyləncəviliklə yanaşı intuitiv olaraq ulusal (xəlqi) ruhun ifadəsi, universallıq keyfiyyəti, uşaqlıq hikməti yaşayır. İnsan uşaqlıq hikmətinə necə yetə bilər? Uşaqlığın mahiyyətini anlamaqla, bu halla yaşamaqla. Uşaqlıq hikmətinə yetən gəncliyin, qocalığın da mahiyyətini anlamış olur. Azərbaycan uşaq oyunları yüzillər boyunca uşaqlıq hikmətinin dərkində, özümləşməsində özünəməxsus, bənzərsiz rol oynayıb. Uşağın dünyası sirli-sehrlidir, hər an yaş psixologiyasından irəli gələn, qaynar yaradıcılıq enerjisi ilə dolub-daşır. Mərhum professor Azad Nəbiyev uşaq oyunlarını şərti olaraq üç qrupa bölür: "Cəldlik, çeviklik və hərəkətlə bağlı oyunlar; Ayin, etiqad və mərasimlərlə bağlı oyunlar; Gözbağlıca oyunları".
Ələs Qasımov xalq oyunlarını ritual və profan mahiyyətli oyunlar kimi iki qrupa ayırır. Uşaq oyunları isə ayrıcadır: Ritual mahiyyətli oyunlar; Rəqsdaxili oyunlar; Ovsun səciyyəli oyunlar; Mövsüm-mərasimi oyunları; Profan xarakterli oyunlar; Məişət mərasimi oyunları; İctimai məzmunlu oyunlar.
Uşaq oyunlarının təhlili bir həqiqəti bizə bütünlüklə aydınlatmış olur: dünyaya gözünü açan, oyur-oyur oynayan uşaq gördüyü, dərk etdiyi hər şeydə məna axtarır. Uşaq psixologiyasında oyunçuluq – mənalı xəyalçılıqla sıx bağlıdır. Uşağın gördüyündə- qurduğunda dünyanı dərketmə səviyyəsinə uyğun olaraq yaradıcılıq var, burada qətiyyən xülyaçılıq – yəni mənasızlıq axtarmaq mümkün deyil.
Şakir Albalıyev yazır: "Oyunlarsız nə kənd həyatını, nə də uşaq dünyasını təsəvvür etmək mümkün deyil. İlk baxışda bəlkə də böyüklərə (halbuki onlar da vaxtilə bu cür uşaqlıq, yeniyetməlik mərhələlərindən keçmişdilər) adi, hətta maraqsız kimi təsir bağışlayan bu oyun-əyləncələrin gələcəkdə kamil insan kimi yetişməsində müstəsna əhəmiyyəti var idi. Uşaq oyun və əyləncələrinin, eləcə də tamaşaların mahiyyətində, mayasında, cövhərində əslində xalq müdrikliyi dayanırdı. Bu oyun-əyləncələr prinsip etibarı ilə insanı cəmiyyətdə formalaşdırmağa xidmət edəsi qabaqlayıcı tədbirlər – "xalq dərsləri" idi. Məhz bu kimi oyun və əyləncələrdən, tamaşalardan məharətlə keçən uşaq və yeniyetmələr gələcəyin təndürüst insanları, elin, obanın layiqli övladları kimi yetişib-formalaşırdılar".
Uşaq oyunları uşağın dünyanı dərkində olduqca gərəkli bir mərhələ olub, özünə, ətrafına, doğulduğu bölgənin şəxsində Vətəninə, onun təbiətinə yaradıcı münasibətini cilalayır, zövqünü, müşahidəsini ardıcıllaşdırır, yeni yaradıcılıq imkanlarını yaradır, insanlıq üstə mənəvi yarış impulsu verir, ümumiyyətlə isə yaşama (həyata), dünyaya inamlı münasibətini formalaşdırır. Ayrıca olaraq vurğulamaq istərdik ki, uşaq oyunlarının təbiətlə bağlılığı bundan sonra daha ciddi şəkildə araşdırılmalıdır. Təbiət – İnsan birliyi azalmaqda, səngiməkdədir. Deməli, bu ilahi təmasdan məhrum olan uşaqların psixologiyasında aşıntılar, mənəvi itkilərin yaranmasına səbəb olur.
Bu gün qloballaşma (kürəsəlləşmə) çağında təbiətsizləmə təhlükəsi daha aydın gerçəkləşməkdədir. Onillər əvvəlkindən fərqli olaraq bu gün uşaqlar arasında oyunların miqyası və əlvanlığı azalmaqdadır. Başqa tərəfdən, kəndlərimizdə və qəsəbələrimizdə, kəndlə şəhər arasında yaranan yeni yaşayış məntəqələrində "şəhərləşmə" əhvalı artmaqda, "kənd" duyğusu yavaş-yavaş itməkdədir.
Şübhəsiz, inkişafın insanlıq yönü üstə getməsi daha da arzuolunandır. Ancaq narahatlığımızı ifadə etməyimiz səbəbsiz deyil. Ona görə ki, uşaq oyunlarının internet vasitəsilə əlçatan, seyrçilik ölçüsündə qəbuledilən olması, haradasa adiləşməsinə gətirib çıxarıb.
"Şirvan bölgəsində uşaq oyunları (Ağsu rayonunun Kalva kəndindən toplanmış folklor materialları əsasında)" mövzusunu araşdırarkən bu qayğıları canlı şəkildə müşahidə etdik. İndi təqdim etdiyimiz materialları Ağsu rayonunun Kalva kəndində yaşayan, 50 ildən çox gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş Azərbaycan dili və ədəbiyyatı müəllimi Qalib Soltanoğlu ilə birgə (75 yaş) toplamışıq.
"Başqoruma" oyunu - diametri 1,5 m olan dairə hamar yerdə - torpaqda çəkilir. Oyunçulardan biri əlindəki ağacı dairənin tam mərkəzinə sancır. İçəridəki oyunçu dairədən kənara çıxmamalıdır. Dairənin kənarındakı oyunçular (təxminən 3-4 nəfər, daha çox da ola bilər) içəridəkini təpiklə vurur. Mərkəzdəki də bayırdakılara təpik çalır. Onun təpiyi hansı oyunçuya dəyərsə, həmin oyunçu mərkəzdəkini əvəz etməlidir. Oyun zamanı oyunçular başlarını qoruduqları üçün "Başqoruma" adlanır. Kənddə oyunun adına "Başqorama" deyilir.
Oyunun xarakterində ardıcıl diqqətli, ayıq, cəld, qıvraq olmaq, özünü müdafiə etmək xüsusiyyəti müşahidə edilir. Oyunun davamlılığı – müddəti uşaqların fiziki cəhətdən yorulmasına kimi davam edir. Ümumiyyətlə, yuxarıda sadaladığımız məqamlar demək olar, indi təqdim edəcəyimiz bütün uşaq oyunlarına xasdır.
"Palandaş" oyunu - oyunda iki nəfər, özü də ən çox qız uşaqları iştirak edir.. Hərənin 4 ədəd doğranmış, müəyyən, ələyatımlı, oynamaq üçün uyğun daşları olur.
Yanaşı iki qala şəklində həmin daşlar yığılır. "Qala" dörd daşdan əmələ gəlir. Püşkatma yolu ilə ilk oyunçu seçilir. Daşlar bir-bir göyə atılır, tutulmazsa, yerə düşərsə, deməli, oyunçu uduzur. Dialektdə "palandaş" deyilsə də, əslində "qalan daş" olmalıdır, çünki daş axıra qalana kimi oynamaq tələb olunur. Bu oyunda öncəkinə nisbətən daha çox hərəkətlilik, eyni zamanda oyunçu sayının azlığı (iki nəfər) diqqəti cəlb edir.
Yuxarıda ona görə "doğranmış" ifadəsini işlədirik ki, yaradıcı qabiliyyətli uşaqlar bu əsnada daşları çəkiclə doğrayaraq istədikləri, uyğun şəklə salırlar. Bu, şübhəsiz, onların daha diqqətli, səyli olduqlarını, oyunda qələbə qazanacaqlarına inam hissinin formalaşmasına xidmət edir.
"Saqqa-saqqa" oyunu – bu oyunda ən azı 2, ən çoxu isə 3-4 nəfər iştirak edir. Özü də payız fəslində, qozun yetişən vaxtında. Keçən əsrin 50-60-cı illərində Kalva kəndində - qoruqlara saysız-hesabsız qoz ağacları vardı. Yayda sərinlik, payızda isə meyvəsi əvəzsiz nemət idi. Külək əsdikcə qoz ağacının meyvəsi dibinə tökülər, yeniyetmə uşaqlar kolxozun qoruqçularından oğrun-oğrun qoltuğuna, ciblərinə doldurub qaçardılar.
Günorta isə "Saqqa-saqqa" oyunu başlardı. Oyunun gedişi belədir: 3 qoz bir-birinə "birləşdirilir", üstünə də bir qoz qoyulur. Buna "Qala" deyilr. Oyunçuların hərəsinin əlində qozların irisi olur. Ona görə ki, iri qozla hədəfi düzgün və sərrast vurmaq olur. Bu qoza isə "saqqa" deyilir.
3-4 qala qurulur. Təyin edilmiş məsafədən oyunçular növbə ilə saqqasını atıb, qala qozlarını dağıdırlar. Udan ancaq dağılan qalanın qozlarını götürür. Qalanlarını növbə ilə oyunçular vurub dağıdır və beləliklə, udmuş sayılırlar. Bəzi oyunçular saqqanın içini – ləpəsini ovub, içərisinə ağırlıq üçün qır doldurardılar. Bu zaman qalanı daha sərrast vurmaq olurdu.
Göründüyü kimi, "Saqqa-saqqa" oyununda döyüşkənlik xüsusiyyəti diqqəti çəkir. 3-4 qozun qalaya oxşadılması, adlandırılması, oyunçuların istəyindən asılı olaraq sayının müəyyən edilməsi təxəyyülün inkişafına təkan verir, uduşlu olması onları daha da həvəsləndirir. Ancaq "maddi uduş" amilini heç də bütün oyunlarda müşahidə etmirik.
Uşaq oyunlarında uşaq psixologiyasına uyğun olaraq qazanc amilinin çoxçalarlığı da diqqəti çəkir. Uşaq oyunda qazandığına inanır, inamı artır, qazana biləcəyinə görə oynayır. Burada onun qazancı məsələsi konkret bir məqamla – maddiyyatla bağlı deyil. Azərbaycan uşaq oyunlarının mayasında maddi qazqanc amili bizcə, öndə gəlmir, sonda gəlir. Uşaq oyunlarında cəmiyyətdəki münasibətlərin miniatür biçimi (forması) da ifadəsini tapır.
"Qala-qala" oyunu – Bu oyun da eynilə yuxarıdakı "Saqqa-saqqa" oyunu kimidir. Fərqi yalnız ondan ibarətdir ki, "Qala-qala" oyunu alça və almanın kal, fındığın yetişən vaxtında həmin meyvələrlə oynanılır.
Q.Soltanoğlunun söylədiyi növbəti oyunun mətnini olduğu kimi təqdim edirik: "Şütməağac" oyunu – Yeniyetmə uşaqların hərəsinin qabağında 5-10 qoyun-quzu, əlində də təndirdə ütülüb-soyulmuş və rəngi qıpqırmızı olan ağac – çomaq olardı. Günorta qoyun-quzu ağacların kölgəsinə toplaşar, onları otaranlar boyuntorbadakı yeməkdən yeyər, üstündən də saxsı "soçə" dediyimiz qabın buz suyundan içdikdən sonra "Şütməağac" oyunu başlardı. Uşaqlar gümrah, sağlam hisslərlə yaşardı.
Əlimizdəki ağaclar o qədər hamar idi ki, şütüyürdü. Elə bil qıvrılıb qaçan ilanı xatırladırdı. Oyunda azı 2, çoxu isə 3-4 oğlan iştirak edirdi. Sərhəd müəyyən edilərək, növbə ilə oyunçu əlindəki ağacı gücü gəldikcə sərhəd daxilində əlindən buraxmamaq şərtilə irəli sürüşdürərdi. Kimin ağacı uzağa sürüşsə idi, o da qalib hesab olunardı. Oyunda diqqətçəkən məqam onun təbiətin qoynunda oynanılmasıdır. Buradakı yarış ilk növbədə mənəvi səciyyə daşıyır, təslim olmamaq xarakteri kəsb edir.
"Çilingağac" oyunu – Oyunda ən azı 2, ən çoxu isə 3-4 oyunçu iştirak edir. Çiling – təxminən 10-15 sm uzuluğunda nazik çöp, ağac isə uzunluğu təxminən 1 m olan əl ağacıdır. Mərədə duran oyunçu tək əllə havada ağacı çilingə vurub irəli tullamalıdır. Kimin çilingi uzağa düşərsə, həmin kəs qalib hesab edilir.
Azərbaycanın demək olar, bütün bölgələrində oynanılan, məşhur, yaşı qədimlərə dayanan "Çilingağac" oyununun xarakterində bitməzlik, doyumsuzluq özünü göstərir. Demək olar, tarixən Azərbaycanın hər hansı bölgəsinin təbiətindən asılı olmayaraq bu oyun uşaqlar arasında daha çox sevilib. Ancaq burada oyun üçün gərək olan ağac materialının (çiliyin və ağacın) tapılması, hazırlanması uşaqdan müəyyən peşəkarlıq da tələb edirdi. Kalva kəndinin təbiətinə xas ağaclar - yemişan, palıd, fındıq, vələs və s. oyun üçün materialın – çiling və ağacın hazırlanması üçün geniş imkan verirdi.
Oyunda iki komandanın (iki nəfər də oynaya bilərdi) olması onu günlərlə, həftələrlə, hətta aylarla çəkən yarış halına gətirirdi. Tərəflərin heç birinin təslim olmaq istəməməsi oyunun qapalı dairə boyunca davamlılığını yaradırdı.
Adətən bu cür oyunlar üçün iri, meydanvari düzənlik yerlər seçilirdi. Çox zaman oyunçuların sayı o qədər çox olardı ki, saatlar sonra hansı uşaq yorulardısa, ya evdən çağırılardısa, onu o dəqiqə başqası əvəz edərdi. Maraqlısı isə uşaqların bu oyunları təsərrüfat işləri görərkən - qoyun-quzu, mal-qara otararkən oynaması idi.
"Çilingağac" oyununa oxşar "Pəlağac" oyunu da uşaqların çox sevdiyi oyunlardan idi. Bu oyun "Çilingağac" kimi uzaq məsafəni hədəfə almırdı, ancaq oyunçunun pəlli (hər iki tərəfi pəl, yəni köndələn (maili) vurulmuş) çilingi uzağa vurmasından çox asılı idi. Burada qeyd edək ki, adətən "Çilingağac" oyununda çiling dik (şaquli) kəsilir.

Elçin Qaliboğlu