

Sentyabrın 7-də Bakıdakı Rus evində “Baku Tango Therapy School” məktəbinin iştirakı ilə Argentina tanqosu üzrə açıq dərc keçiriləcək. Ustad dərslərini təcrübəli pedaqoq və xoreoqraf Lenay Seyidəli-zadə aparacaq. Bu qəbildən olan tədbirlər müxtəlif yaş qruplarına aid çoxlu sayda insanı mütəmadi şəkildə bir araya gətirir, iştirakçılara musiqi və rəqs aləminə səyahət etməyə, ünsiyyət qurmağa və asudə vaxtını xoş keçirməyə imkan verir.
Bakıdakı Rus evinin rəhbərinin müavini Yelena Mazayeva bu ideyanın necə yaranması və hansı faydalar gətirməsi ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb. O deyib: “”Rossotrudniçestvo” təşkilatının xarici ölkələrdəki nümayəndələrinin vəzifələrindən biri də mədəniyyəti təşviq etməkdir. Demək olar ki, hər bir nümayəndəlikdə rəqs studiyaları fəaliyyət göstərir. Məsələn, Kolomboda balet məktəbi, Praqada klub rəqsləri, Mərakeşdə bal və idman rəqsləri, həmçinin Qahirədə bal rəqsi studiyası var. Əlbəttə, Bakıdakı Rus evi də istisna deyil. Ötən ildən burada Argentina tanqosu axşamları təşkil edilir”.
Yelena Mazayeva qeyd edir: “Hər şeydən əvvəl, bu mədəniyyət tədbirləri yaş fərqi və dil problemi olmadan insanlara ünsiyyət qurmağa şərait yaradır. Bu məşğələləri dostluq rəqsləri adlandırmaq olar. Tədris prosesi uzunmüddətlidir və gərgin əmək tələb edir. Yəqin ki, ustad dərsləri aparan və ya rəqslərlə məşğul olan müəllimlər üçün ən başlıca vəzifə iştirakçılarda maraq yaratmaq və məşğələləri davam etdirməkdir. Burada əsas məqsəd onlarda rəqslərə həvəs yaratmaqdır. Rəqslərin faydası məlumdur, onlar ideal kardio olmaqla yanaşı, yaddaşı yaxşılaşdırır, çünki bu prosesdə mürəkkəb addımları və onların ardıcıllığını yadda saxlamaq lazımdır. Rəqslə məşğul olmaq, eyni zamanda, tarazlığı saxlamağa kömək edir və mərkəzi-periferik əsəb sisteminin yaxşı formada olmasına şərait yaradır, habelə stressin səviyyəsini azaldır. Mövcud tədqiqatlar göstərir ki, rəqslər gənc yaşda olan adamlara mühərrikliyi və yaddaşı inkişaf etdirməyə, ahıl insanlara isə sağlamlığı yaxşı formada saxlamağa kömək edir. Tanqo musiqisinin özü isə ayrıca estetik zövqdür. Ümidvaram ki, bu il mən də bir neçə məşğələyə gedə biləcəyəm və müəllimimizdən tanqo dərsləri alacağam!”.
“Baku Tango Therapy School” məktəbinin yaradıcısı və rəhbəri, pedaqoq və xoreoqraf Lenay Seyidəli-zadə layihənin məqsədi və Argentina tanqosunun xüsusiyyətləri barədə danışıb. O qeyd edib: “Bakıdakı rus evində açıq dərslərə və müntəzəm rəqs siniflərinə keçən ildən başlamışıq və bu il rəhbərliyin razılığı əsasında davam etdiririk. Buna görə İrek Zinnurov başda olmaqla, Bakıdakı rus evinin bütün heyətinə ayrıca təşəkkür etmək istəyirəm. Onlar öz qarşılarına cəmiyyətin bütün yaş qruplarından olan insanları maarifləndirmək, ruhlandırmaq vəzifəsini qoyublar və bütün mümkün vasitələr, konsertlər, məşğələlərlə orada çalışan pedaqoqlara irəliyə doğru güclü təkan verirlər”.
Açıq dərslərin keçirilməsində əsas məqsəd insanları tədris fənni ilə tanış etmək, tarixdən və nəzəriyyədən danışmaq, gələcəkdə dərslərin necə keçəcəyini, hansı aspektləri əhatə edəcəyini və bu məşğələlərin onların həyatını necə dəyişəcəyini göstərməkdir. Lenay xanım deyir: “İnsanların kənarda qalmaması, prosesdə iştirak etməsi mühümdür, sonra onlar məşğələlərə davamiyyətin vacibliyini daha asan başa düşəcəklər. Belə sınaq dərslərində elementar addımları və əsas elementləri yalnız səthi şəkildə öyrənmək mümkündür. Onların dərindən mənimsənilməsi zaman və təcrübə tələb edir. Bəzən məndən soruşurlar ki, biz bütün üsulları hansı müddətə və neçə dərsdən sonra öyrənəcəyik? Siz iki ay ərzində rəqs etməyi öyrənə və tanqo axşamlarına və ya salsa axşamlarına getməklə yüksək zirvəyə çatdığınızı düşünə və məşğələlərə son verə bilərsiniz. Amma beş il də məşğul ola və bu əsnada anlaya bilərsiniz ki, həmin proses müntəzəmdir və öz üzərinizdə işləməlisiniz. Hətta biz, uşaqlıqdan peşəkar səviyyədə rəqslə məşğul olan və illərlə dərs deyən pedaqoqlar belə bir dəqiqə də dayanmırıq, daim öyrənir və bacarıqlarımızı artırırıq”.
Əlbəttə, məşğələlərin keyfiyyət səviyyəsi öz üzərinə məsuliyyət götürən, biliklərini paylaşan və başqalarını öyrədən pedaqoqdan asılıdır. Ustad dərsləri səviyyəsində fəaliyyət göstərəcək bu pedaqoq necə olmalıdır? Lenay xanım hesab edir: “Pedaqoq bir-iki hərəkət öyrənmiş, onları sinifdə göstərən və oranı tərk edən şəxs deyil. Əsl müəllim, bununla yanaşı, həm də psixoloqdur. O, müşahidə qabiliyyətinə malik olmalı, hətta sinfə ilk dəfə gələn tələbələrinə qarşı həssaslıq göstərməlidir. Əlbəttə, bütün bunlar təcrübə ilə mümkündür. Uzun illər ərzində həm Argentina tanqosu, həm də milli rəqslər, rəqs terapiyası, digər nəzəri fənlər üzrə müxtəlif ustad dərsləri keçirmişəm və fərqli insanlara rast gəlmişəm. Onların arasında çox tez öyrənənlər də, rəqsləri çətin və uzun müddətə mənimsəyənlər də olub. Hər iki halda yanaşma sırf fərdidir. Sinfə və tələbələrə vahid kütlə kimi baxmaq olmaz, burada hər bir insan şəxsiyyətdir və fərdi xüsusiyyətlərə malikdir. Əsl pedaqoqun vəzifəsi bu fərdiliyi üzə çıxarmaq, tələbəni yormamaqdır. Qarşında 5 yaşlı uşağın və ya 63 yaşlı ahıl insanın olması mühüm deyil. Mənim üçün bütün yaşlardan olan insanlarla çalışmaq xoşdur. Onlar da məni ilk dəfə görür və haqqımda heç nə bilmirlər. Pedaqoq üçün əsas vəzifə ilk dəfədən etimad atmosferi yaratmaq və mehriban təmas qurmaqdır. Yeni bir şey öyrənmək istəyən uşaqlar və böyüklər də olur və onların xarakteri elədir ki, müəyyən məqamlarda düzəliş edilməsini və irad tutulmasını qəbul etmirlər. Burada məsələ xarakterdə və ya həmin insana xas olan kompleksdədir, belə olan təqdirdə, pedaqoq həmin tələbələrə taktiki yanaşmalı və psixoloq kimi hərəkət etməlidir”.
Ümumilikdə, rəqs məşğələləri fiziki və zehni sağlamlıq, əhvali-ruhiyyə üçün faydalıdır. Tanqonun isə əlavə özəllikləri var.
Lenay xanım qeyd edir: “ Nədən 2019-cu ildə öz məktəbimə “Baku Tango Therapy School” adı verdim? Mən təkcə rəqs dərsləri keçməyi deyil, həm də rəqs vasitəsilə insanları “müalicə etmək” istədim. Faizə Əliyevanın rəhbərliyi ilə “Makrobioz” Yaşlanma Əleyhinə və Profilaktik Tibb Mərkəzində “Tanqo terapiya” məktəbinin layihəsinə start verilib. “Makrobioz” latın dilindən “uzunömürlülük” kimi tərcümə olunur. Bu mərkəz bütün aspektləri: qidalanmanı, insan fəaliyyətini, eləcə də onun psixoloji vəziyyətini nəzərə alaraq, yaşla bağlı dəyişikliklərə və xəstəliklərə qarşı mübarizə aparır. Mən bütün bunları əsas götürdüm.
Tanqo terapiyası da daxil olmaqla, rəqs terapiyası, eyni zamanda, hər hansı digər sənət terapiyası sahələri var. Sonuncunun özəlliyi ondan ibarətdir ki, o, öyrənmə prosesində insana bütün kompleksləri açır, qorxuları uzaqlaşdırır və travmaları üzə çıxarır. Üstəlik, insan bütün bunlara özü nail olur. Bütün tələbələrlə səmimi, etibarlı münasibətim olduğuna görə, onlar öz fikirlərini, təcrübələrini birbaşa dərs zamanı mənimlə paylaşır və biz birlikdə həll yollarını müzakirə edir, fikir mübadiləsi aparır, çıxış yolları axtarırıq.
Rəqs təkcə hərəkətdən ibarət deyil. Bu həm də ruha xitab edir, bir insanın hisslərini və düşüncələrini ifadə edir. Bütöv bir fəlsəfə olan bu cəhətlər öz dərinliyinə görə digər sosial rəqslərdən çox fərqli olan Argentina tanqosunda xüsusilə aydın görünür. Mən həmişə deyirəm ki, biz tanqoya gəlmirik. Tanqo bizə doğru gəlir! Uşaqlıqdan rəqslə məşğul olmuşam. Mən öz təcrübəmi bölüşmək, insanların daha cəsarətli olmasını və cəhd etməkdən qorxmamasını istəyirəm. Bəlkə bu, məhz onların rəqsidir və özlərinin də bundan xəbəri yoxdur?