Dövlət quşu Mədəniyyət

Dövlət quşu

Mirzə Bala Məmmədzadə

Azərbaycan türkünün ortaq milli istək və diləklərini, onun yaşayışa, dünyaya, millət və yurd məsələlərinə baxışını, həyəcanlarını, sevinc, kədərlərini canlandıran xalq ədəbiyyatımızın hekayələr qismində sıx-sıx adı keçən bir dövlət quşu var. Taleyinin arxasınca qaçmağa, baxtını aramağa və sınamağa çıxan adsız bir qəhrəman, əhalisi ölmüş hökmdarın yerinə yenisini seçmək üçün toplanmış bir ölkəyə gedib çıxır. Onlar bir quş uçururlar. Bu quş kimin başına qonarsa, o adam dövlət rəisi olur. Həqiqi quşdan ziyadə xalq iradəsinin simvolik timsalı olan bu "dövlət quşu" hər yerdə və hər zaman o bəxt arayan qəhrəmanın başına qonar.
Fəqət hekayələrdəki simvolizm yalnız xalq iradəsinin "dövlət quşu" şəklində ifadə edilməsindən ibarət deyil. Dövlət quruluşunda milli iradənin başlıca, təməl daşı rolunu oynadığını və yaxud oynaması lazım gəldiyini göstərən bu cəhətdən başqa, daha mühüm olan bir cəhət də var. "Dövlət quşu" hər igidin başına qona bilməz.
İnadın, ehtirasın, ötkəmliyin qüvvəti "dövlət quşu"nun qarşısında bir heçdir. "Dövlət quşu"nun iltifatına nail olmaq üçün ağlından başqanlıq və vəzifə fikirləri keçirmədən, böyük milli mənfəətlər uğrunda fədakarlıqlarda bulunmaq, təhlükələrlə qucaqlaşmaq, xalqı ən qorxunc fəlakətlərdən qurtarmış olmaq, mərdliyin, qəhrəmanlığın yüksək həmlələrini göstərmək kimi yüksək insani xarakter sahibi olmaq gərəkdir.
Bəzən seçkilərdən şübhələnənlər olur. "Quş"un yanıldığını zənn edərək, onu bir neçə dəfə təkrar-təkrar uçururlar. Fəqət milli iradə intixabında yanılmaz. Milli vicdan haqdan qaçmaz. "Dövlət quşu" intixab etdiyi şəxsin başına qonmaqda davam edər. Və davam edincə hər kəs onun intixabı önündə baş əyməyə məcbur qalır.
"Dövlət quşu"nun iltifatına nail olmaq üçün qəhrəmanın çətin və tikanlı yollardan keçməsi lazımdır. Mövcud ictımai nizamdan şikayətçi olan millət xəyalında yaratdığı inqilabçı bir igidi silahlandırıb atına mindirir və yola çıxarır. O, tam mənası ilə inqilabçıdır. Mövcud nizam və intizamın hər yerdə tərsinə hərəkət edər. Hər kəsin etdiyini deyil, heç kimin etmədiyini edir.
O, iki yol ayrıcına gəlir:
Biri "gedən-dönər", o biri "gedər-gəlməz" yoludur. İgid "gedər-gəlməz" yolunu intixab edər. Ətrafını saran cinlər, ifritələr, şeytanlar onu əsla sarsıtmaz. O, qorxunc səslərə, hiylə və fitnələrə əsla əhəmiyyət vermədən, taleyinin əmr etdiyi hədəflərə doğru yürüməkdə davam edər. Yolda o, böyük bir çayın üzərinə çöküb suyunu udan və ətrafı quraqlığa məhkum etmək surətilə xalqın fəlakətinə səbəb olan yeddibaşlı əjdaha ilə qarşılaşır və onunla savaşa girişir. Min bir pəhləvanın başını yemiş olan bu yeddibaşlı canavar onun əlində həlak olur. Çay qırx gün, qırx gecə o canavarın qanından qıpqırmızı bir rəng alır. Qırxıncı gün təmiz su axmağa başlarkən, ətraf sevinc içində çalxalanmağa başlar. Hər yer yenə şənlənir. Bu yurd üzərindən ölüm pərisi qalxaraq, yenə həyat və səadət pərisi qanad gərir. Məchul qəhrəmanımızın adı dillərdə dastan olmaqda ikən o yoluna davam edər. Qaralara bürünmüş, qaralar geymiş, qara bayraqlar asmış matəmli bir diyara gəlir.
Hər kəs məhzun və kədərlidir. Bu diyara daha müdhiş bir fəlakət üz verib. Qaf dağının buludları üstündə olan ən uca bir zirvəsində olan divlər kralı Ağ div bu məmləkətin dünya gözəli olan prinsesini oğurlayıb, yuvasına qaldırıb. Üstəlik məmləkəti, "Dədə Qorqud"un "Təpəgöz" hekayəsində olduğu kimi, insan vergisinə məcbur edir. Hər gün ona yüzü oğlan, yüzü qız olmaq üzrə iki yüz gənc veriləcək. Ağ div bunları kəsdirərək, dünya gözəlinə kabab bişitdirib yeməkdədir. Məmləkət artıq bu fəlakətdən məhv olmaq üzrədir.
Ürəyi haqq və ədalət duyğuları ilə çırpınan qəhrəmanımız buna dözə bilərmi heç?
O, Ağ divə qarşı savaşa girişir. Onun qılıncı haqq tərəfindən suvarılıb. Onun qollarında qırx qaplan gücü var. Onun altındakı at, bir at olmaqdan artıq bir qartaldır. Qəhrəmanımız Ağ divin yurduna varacaq, onu məhv edəcək və dünya gözəlini qurtaracaq. Millət fəlakətdən fəlakətə, təhlükədən təhlükəyə atdığı bu əsatiri qəhrəmanların şəxsində ən yüksək duyğularını canlandırmaq istəyib, o qəhrəmanları millətin bütün əməllərini özündə toplayan bir şəxsiyyətə çevirdikdən sonra onların başına "dövlət quşu" qondurub.
Bəli, "dövlət quşu" milli iradəni ifadə edən simvolik bir təbirdir. Bu hekayələr Azərbaycan türkünün milli dövlətsiz yaşamağı bir fəlakət və zillət kimi qəbul etdiyini sübut edər.
Bir milli dövlət ki, yalnız milli iradə üzərinə qurulacaq. Bir milli iradə ki, Azərbaycan xalqının sərbəst rəyini bildirməsi surətilə, onun intixab edəcəyi millət vəkilləri sifətində təcəlli edər. Elə millət vəkilləri ki, böyük və yüksək milli mənfəətlər uğrunda, bütün millətin həyat və səadətinə, şərəf və heysiyyətinə, hürriyyət və istiqlalına xidmət edən müqəddəs savaşda fədakarlığı, gözütoxluğu, cəsarət və qəhrəmanlığı ilə tanınıb.
Elə bu baxımdan 28 May 1918-ci il tarixinin qiyməti çox böyükdür. Bu tarix Azərbaycan türkünün əsrlər uzunu bəslədiyi, uğrunda mənən və maddətən çarpışmış olduğu, nəsildən-nəslə müqəddəs bir əmanət kimi nəql edib yaşatdığı böyük milli idealın gerçəkləşdirdiyi tarixdir.
Bu gün başında Azərbaycan dövlət quşunun qonduğu Azərbaycan Milli Şurası Azərbaycanı xalqın iradəsinə dayanan müstəqil bir cümhuriyyət olaraq elan edib. Millətin vicdanından doğan bu dövlətə millət dörd əllə sarılıb. Bu dövlət Azərbaycanın üzərinə çöküb və onun bir əsrdir qanını əmən yeddibaşlı rus canavarını məhv edərək, məmləkəti hürriyyət və səadətə qovuşdurub.
Fəqət hekayələrdəki yeddibaşlı canavarın yeddisi də kəsilmədikcə, o ölmüş sayıla biləməz. Altı başını itirmiş olan canavar bir başı sayəsində yenidən canlanır, yenidən yeddibaşlı canavar olur.
1918-ci il istiqlal hərbində başlarının hamısını itirməmiş olan rus canavarı yenidən yurdumuza basılaraq millətin qanını yenidən içməyə, onun həyat çeşməsini qurutmağa qoyuldu. Millət istiqlal dövrünü həsrətlə xatırlayır. Milli hakimiyyətinin timsalı olan üçrəngli bayrağını xəyal edərək sızlayır. Məmləkət üzərində rus bayrağının dalğalandığını, küçələrində rus əsgərlərinin dolaşdığını, ən münəvvər və idealist övladının Solovkilərə sürüldüyünü gördükcə, məmləkətinin ən amansız istismara məruz qaldığını şahid olduqca intiqam duyğuları qabarır. Bu kin və intiqam duyğuları, bu on altı illik əsarət günlərində özünü feilən qanlı səhnələr halında göstərib.
Bu qanlı imtahan səhnələrində millət 28 Maydakı iradəsini axıtdığı al qanı ilə təsdiq edib, Azərbaycan dövlət quşunun yalnız Azərbaycan türkünün başına qonacağını aləmə elan edib.
Bəli, Azərbaycan dövlət quşu yalnız Azərbaycan türkünün başına qona bilər. O, Azərbaycan türkünün dostu ilə düşmənini ayırd etməkdə çox həssasdır.
Onu aldatmaq, ovutmaq, azdırmaq və kələk gəlmək imkansızdır.
Azərbaycan dövlət quşu Azərbaycan türkünün vicdanını, ən yüksək əməllərini, istək və diləklərini, həyəcanlarını öz şəxsində toplamış olanların başına qona bilir. Bunlar isə Azərbaycanın tam istiqlalından ibarətdir.
İstila və istiqlal!..
Dövlət quşu yalnız istiqlalın hamisidir. Və istiqlalı yenidən qazananların başına qonacaq.

Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru

M.B.Məmmədzadənin "V.Nuhoğlu"
imzası ilə təqdim etdiyi bu məqalə
"Qurtuluş" (Berlin) dərgisinin
1936-cı il 19-cu sayında (s.536-537) dərc edilib.