Sədr: Yerli iş adamlarını rayonlarda hotellərin sayının artması istiqamətində fəal olmağa çağırıram Mədəniyyət

Sədr: Yerli iş adamlarını rayonlarda hotellərin sayının artması istiqamətində fəal olmağa çağırıram

Bildiyiniz kimi, turizm sektoru pandemiya dövründə ən çox ziyana məruz qalmış sektorlardan biri olub. Eyni zamanda, postpandemiya dövrünü nəzərə alsaq, hazırda çox yaxşı dinamikanın müşahidə olunduğunu deyə bilərik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə “Yay mövsümünə hazırlıq” mövzusunda keçirilən IV Assambleya çərçivəsində ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov jurnalistlərə müsahibəsində söyləyib.

Sədr hazırda turistlərin sayının artdığını bildirib.

“Birbaşa uçuşların olması, turistlərin təhlükəsizlik məsələsinə xüsusi diqqətlə yanaşılması, infrastrukturun tam uyğun olması, həmçinin şəhərimizdə tanınmış hotellərin mövcudluğu bizim üçün bir üstünlükdür. Biz Assosiasiya olaraq birbaşa uçuşların sayının artmasının tərəfdarıyıq. Çünki logistika məsələsi əhəmiyyətli prosesdir. Turizm şirkətləri turpaketləri formalaşdıran zaman burada ilkin olaraq logistika önəm daşıyır”, - deyə Göydəniz Qəhrəmanov bildirib.

“Bununla yanaşı, regionlarda da hotellərin sayının artmasını istərdik. Bəzi rayonlarımızda hotellərin sayı azdır. Yerli iş adamlarını bu məsələ ilə bağlı fəal olmağa çağırıram”, - deyə sədr fikrini yekunlaşdırıb.