Yazıçı Anarın ingilis dilinə tərcümə edilmiş kitablarının təqdimatı olub Mədəniyyət

Yazıçı Anarın ingilis dilinə tərcümə edilmiş kitablarının təqdimatı olub

Mayın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anarın ingilis dilinə tərcümə edilmiş və "Azerbaijan International" jurnalının təşəbbüsü ilə ABŞ-da nəşr olunmuş "Dantenin yubileyi" və "Otel otağı" kitablarının təqdimatı keçirilib. ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev məşhur yazıçının yaradıcılığına həsr olunan tədbirin universitetin həyatında mühüm hadisə olduğunu bildirib. O, unudulmaz filmlərin ssenari müəllifi, görkəmli ictimai-siyasi xadim kimi tanınan yazıçı Anarın zəngin yaradıcılığının ölkəmizin hüdudlarından kənarda da sevildiyini bildirib. Ə.Abdullayev yaradıcı fəaliyyəti ilə seçilən yazıçının müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb. Yazıçının "Sizsiz" adlı əsərindən bəhs edən professor onun məzmunu haqqında danışaraq bu əsəri daha çox bəyəndiyini söyləyib. Ə.Abdullayev Anarın kitablarının xarici dillərə, xüsusilə ingilis dilinə tərcümə olunmasını ədəbiyyatımızın dünya miqyasında təbliğ edilməsinə töhfə kimi qiymətləndirib. Professor kitabların tərcüməsində əməyi olan, ADU-nun prorektoru Jalə Qəribovaya, Sevinc Seyidovaya və Aida Hüseynovaya təşəkkürünü bildirib, yazıçıya fəaliyyətində uğurlar arzulayıb.
İkicildliyin tərtibçisi və redaktoru, "Azerbaijan International" jurnalının baş redaktoru Betti Bleyer təqdimatı keçirilən kitablar haqqında məlumat verib və yazıçının yaradıcılığını yüksək qiymətləndirib. O, Anarın sanballı əsərlər yazdığını və həmin əsərlərin dünya səviyyəli ədəbiyyat nümunələri olduğunu söyləyib.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Səfiyeva, universitetin müəllimləri Fialə Abdullayeva və Vəfa Əliyeva Anarın yazıçı, publisist, ictimai xadim, dramaturq kimi tanındığını və 1960-cı illərin ədəbi mühitində yetişən yaradıcı nəslin öz dəst-xətti ilə seçilən nümayəndələrindən biri olduğunu vurğulayıblar. Çıxışlarda görkəmli nasirin əsərlərində müasirliklə soy-kökə bağlılıq məsələsinin vəhdət təşkil etdiyi bidirilib. Yazıçının yaradıcılığında Azərbaycan xalqının müdrikliyinin və canlı dilin əks olunduğu vurğulanıb.
Sonda Anar tədbirin təşkilinə görə ADU rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, ikicildlik əsərinin ilk dəfə ABŞ-da ingilis dilində nəşr olunmasının ona xoş təsir bağışladığını bildirib və bunun ölkəmizin tanınması baxımından əhəmiyyətini qeyd edib. Xalq Yazıçısı təqdimatı keçirilən kitabların ərsəyə gəlməsində əməyi olanlara xüsusi minnətdarlığını bildirib.