Azərbaycan-qazax ədəbi əlaqələri Mədəniyyət

Azərbaycan-qazax ədəbi əlaqələri

Azərbaycan-qazax ədəbi-mədəni əlaqələri zəngin və qədim tarixi keçmişə malikdir. Bu əlaqələr öz kökləri etibarı ilə oğuz-qıpçaq folklor mədəniyyəti və ənənələrinə dirənir. Bunun bariz nümunəsini qazax arealında yaranan "Qorqud" ("Xorxut") nəğmələrinin Azərbaycanda "Kitabi-Dədə Qorqud" halına gəlib formalaşmasında illüstrasiya etmək olar. Eyni zamanda, bu əlaqələrin hər iki xalq üçün əhəmiyyətli olan oğuz - Nizami və qıpcaq - Afaq – daha doğrusu, Nizaminin sevimli xanımı Afaqla yaxınlığı müstəvisində, yaxud türk xalqlarının epos mədəniyyətində mühüm yer tutan "Koroğlu"nun timsalında da sübuta yetirmək olar.
Azərbaycan-qazax xalqlarının ədəbi irsinin bir-birinə yaxınlığını böyük maarifçi Abay Kunanbayevin Nizami və Füzuli kimi boyük klassiklərimizin yaradıcılığından əsərlərində qidalanması ilə də təsdiqləmək mümkündür. Bu faktın özü qazax yazılı ədəbiyyatının yaranmasında və formalaşmasında Azərbaycan klassik ədəbiyyatının rolunun danılmazlığını ortaya qoyur. Bundan başqa XIX əsrdə A.Bakıxanov, M.F.Axundzadə, İ.Qutqaşınlı, H.Zərdabi kimi Ç.Valixanovun, İ.Altınsarinin, A.Kunanbayevin ədəbi-bədii düşüncəsində və fəaliyyətlərində, onların maarifçilik baxışlarında uyğunluqların, yaxınlıqların olduğunu görə bilərik. XX əsrin 20-ci illərindən başlayaraq, Azərbaycan-qazax ədəbi əlaqələri yeni tarixi dövrdə daha böyük intesivliklə inkişaf etməyə başlayıb. Bu əlaqələri müqayisəli-tipoloji baxımdan Azərbaycan yazıçıları C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, qazax – S.Donentayev, S.Seyfullin, İ.Cansuqurov, B.Maylin, M.Auezov və başqalarının yaradıcılığı bazasında da aydın görmək mümkündür.
Azərbaycan-qazax ədəbi əlaqələrinin möhkəmlənməsinə hər iki xalqın ədəbi nümunələrinin qarşılıqlı olaraq birinin digərinin dilinə tərcüməsi əsasında daha çox aparıldığını müşahidə edə bilərik. Təsadüfi deyil ki, M.Auezov, O.Süleymenov, A.Alimjanov, O.Bukeyev və başqalarının əsərləri Azərbaycan dilinə tərcümə edilib geniş oxucu auditoriyasına təqdim olunub. XX əsrin 70-ci illərindən başlayaraq, Abayın əsərləri çoxsaylı Azərbaycan mütərcimlərinin (M.Rahim, S.Rüstəm, A.Almazov, E.Borçalı, S.Mustafa, A.Zeynallı, Ə.Kürçaylı, İ.Tapdıq, M.Araz, F.Sadiq, Ə.Cəmil, M.Dilbazi, N.Gəncəli, Q.Qasımzadə və b.) zəhməti sayəsində, M.Auezovun "Abay" romanının, 80-ci illərin əvvəllərində O.Süleymenovun "Az-Ya" və s. əsərlərinin, 2000-ci illərin birinci onilliyində O.Bukeyevin povest və hekayələrinin, son illərdə O.Süleymenovun əsərlərinin intensiv olaraq mütərcimlərimiz tərəfindən dilimizə tərcüməsi, A.Feyzullayevanın "Oljas Süleymenov" monoqrafiyası, F.Ağayevanın Abayın Azərbaycanla olan əlaqələrinə həsr etdiyi "Abay və Azərbaycan" monoqrafiyası, N.Tağısoyun Azərbaycan-qazax folklor əlaqələri, qazax qəhrəmanlıq dastanı "Koblandı batır"ın Azərbaycan dilinə tərcüməsi, T.Teymurovun "M.Auezovun "Abay" romanında epik vüsət və bədii detal", N.Azadgilin "XX əsr qazax nəsrində mifologizm (O.Bukeyevin nəsri əsasında)" mövzusunda yazdıqları fəlsəfə doktorluğu dissertasiyaları, F.Məmmədovun "Muxtar Auezov və Əbdü Cəmil Nurpeisovun roman yaradıcılığı", Əbdü Cəmil Nurpeisovla İsmayıl Şıxlı yaradıcılığının müqayisəli-tipoloji müstəvidə təhlillər apardığı məqalə və metodik vəsaitlər Azərbaycan-qazax ədəbi əlaqələrinin daim diqqət mərkəzində olduğunu sübut etməkdədir.
Bundan başqa, Azərbaycan-qazax ədəbi əlaqələrinin ümumi məzərəsini əks etdirən, bu əlaqələrin elmi-nəzəri panoramını yaradan toplunun nəşri (Bakı, 1990) Azərbaycan-qazax ədəbi əlaqələrinin aktuallığını ortaya qoymaqdadır. 2005-ci ildə səriştəli mütərcim Heydər Orucovun Abayın yeganə nəsr əsəri olan "Əqliyyələr"i "Ulduz" jurnalının səhifələrində tərcümə edib yayması qazax ədəbiyyatına olan böyük marağın göstəricisi kimi əhəmiyyətlidir. B.Şaxanovun əsərlərinin doğma dilimizə tərcümə edilərək "Böyük çölün hekayələri" (Bakı, 2012, 179 səh.) adı altında kitab şəklində çapı Azərbaycanda qazax ədəbiyyatına marağın daim yüksələn xətlə getməsinin nəticəsi kimi dəyərləndirilməlidir.
2011-ci ilin mayından BDU-da böyük qazax maarifçisi, realisti, filosofu, mütəfəkkiri, ictimai xadimi, qazax yazılı ədəbiyyatının banisi Abayın adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərməyə başlayıb. Qeyd etmək yerinə düşər ki, Qazaxıstanda xeyli sayda azərbaycanlılar yaşamaqla, onlar ölkənin ictimai-siyasi və mədəni-mənəvi mühitində əsaslı rol oynamaqla qazaxlarla dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfələrini verməkdədirlər.
2015-ci ildə "Ulu çinar" Türk xalqları ədəbiyyatı dərgisi" nin 3-cü noyabr-dekabr sayında qazax ədəbiyyatı nümayəndələri – Kasımxan Beqmanovun şeirləri Akif Əhmədgilin, Kazıbek Şaxanovun şeirləri Elxan Zalın, Akılbek Şayaxmetin "Bacara bilsən", "Dosta məktub" şeirləri İbrahim İlyaslının, qazax yazıçısı Sabit Dosanovun "Həyatın kənarına atılmışlar" hekayəsi Azər Musayevin tərcüməsində, yazıçı-ədəbiyyatşünas Aygül Kemelbayevanın "Qonur qaz" (H.K.Andersenin parlaq xatirəsinə həsr etdiyi) hekayəsi isə Nizami Zöhrabinin orijinaldan tərcüməsində oxuculara təqdim olunub.
"Ulu çinar" jurnalının baş redaktoru Elxan Zal Qaraxanlı və şair-mütərcim İbrahim İlyaslı 2015-ci ildə Qazaxıstana etdikləri birgə səfərlə bağlı müşahidələrini bu dərginin səhifələrində oxucularla bölüşüblər. İbrahim İlyaslı "Ürəyimi sürtdüyüm qıpçaq çölü", "Qazaxıstan səfərindən xatırlamalarla "Çöl istəymin başlanğıcı" adı altında geniş yazı ilə çıxış etmiş, qazax xalqının adət-ənənələri, şifahi örnəkləri, akınlarla görüşləri, qazax milli yeməkləri, səfər zamanı keçirilən törənlərdən ortaya çıxan müşahidələri, yurtalarla tanışlığı, akın ifalarını, "Kökbar" yarışlarına etdikləri tamaşalar, Atilla, Çingiz xan yurdunu ziyarəti, Sabit Dosanovun 75 illik yubileyinin qazax aullarında necə davam etdirilməsini, Türkiyə, Keçmiş Sovetlər Birliyinə daxil olan respublikaların nümayəndə heyətlərinin bu törəndə iştirakını, Çöl havasının qeyri-adi aurasını, yovşan ətrinin ona xüsusi təsirini və s., Sabit Dosanovun doğma Bayqabıl aulunda gördüklərini və səfərdən alınan qeyri-adi təəssüratlarını qələmə alıb.
2016-cı ilin may-iyun saylarında "Ulu çinar" dərgisi, demək olar, burada təqdim olunmuş bütün materialları Oljas Süleymenovun 80 illik yubileyinə həsr edib. Dərgidə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Mənim əbədi dostum - Oljas", İsa Həbibbəylinin "Xalq yazıçısı Oljas Süleymenov haqqında söz", Sabit Dosanovun "Oljas – дух нации и символ времени", Elxan Zal Qaraxanlının "Oljas Süleymenovun "Gil kitab"ı", Firuz Mustafanın "Tanıdığım Olyas", Adil Cəmilin Olyas Süleymenova həsr etdiyi "Amal və əməl sahibi" adlı məqaləsi, Nurəddin Ədiloğlunun "Türkün nəhəng oğlu", Akif Əhmədgilin "Qazax şeirinin ipək yolu" kimi yazıları ilə yanaşı Ağacəfər Həsənlinin "Böyük Çölün yağışı" şeiri və ən başlıcası Oljas Süleymenovun "Xəzər Albaniyası", "Odun transformasiyası" və "Gil kitab" poeması E.Zalın tərcüməsində, O.Süleymenovun "İpək yolları" tarixi-linqvistik novellasında isə qazax yazıçısının ipək məsələsinə müxtəlif rakurslardan yanaşması ("Cod ipək", "İpək və qotlar", "İpək və türklər", "İpək müharibələri", "Qədim türklərin böyük köçü", "Neçə Albaniya olmuşdur?", "Dünya Qərb-Şərq deməkdir") oxuculara çatdırılıb. Ulu çinar" dərgisində qazax ədəbiyyatının aparıcı nümayəndələrinə belə sayğı və qayğı ilə yanaşma, onların əsərlərinin tərcümə edilib Azərbaycan oxucularına çatdırılması son illərdə Azərbaycan-qazax əlaqələrinin mühüm mərhələyə qədəm qoyduğunu sübut etməkdədir.
Azərbaycanın Qazaxıstanla əlaqələrinin intensivliyini 2017-ci ilin aprelində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkəmizə etdiyi işgüzar səfəri də təsdiqləməkdədir. Bu səfər nəinki ticari-iqtisadi, siyasi-mədəni münasibətlə¬rimizin, həm də xalqlarımızın və ölkələrimizin digər sahələrdə daha da yaxınlaşmasının yeni formatda əsasını qoyacağına inamı ifadə etməkdədir. Azərbaycan-qazax ədəbi əlaqələrinin möhkəmlənməsinə Nizami ad. Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yetərincə impuls verməkdədir. Belə ki, onun 2016-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türkdilli Ölkələrin Ədəbiyyat İnstitutlarının Direktorlar Şurasının yığıncağında iştirakı və türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı inkişaf problemlərini çevrələyən çıxışı, türk ədəbiyyatşünaslığının magistral xəttinin müəyyənləşdirilməsində uğurlu addım kimi dəyərləndirilməkdədir.
25 ildən yuxarıdır ki, Azərbaycan-qazax ədəbi-mədəni-siyasi əlaqələrinin inkişafına nə Azərbaycanda, nə də Qazaxıstanda bəlkə də Oljas Süleymenov kimi öz əməli təsirini göstərən başqa bir yazıçı, sənətkar tapmaq mümkün deyil. Belə ki, 2016-cı ildə Oljas Süleymenov Azərbaycanı iki dəfə - bir böyük forum keçirilən zaman ziyarət edib, Azərbaycan ictimaiyyəti qarşısında geniş çıxış edib. Bundan başqa 2016-cı ilin aprel ayında Oljas Süleymenov anadan olmasının 80 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülməklə Nizami ad. Ədəbiyyat İnstitununun fəxri doktoru seçilib. Bu münasibətlə Ədəbiyyat İnstitutunda O.Süleymenovla Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Beybit İsabayev və səfirliyin əməkdaşları ilə birlikdə Azərbaycan ictimaiyyətinin nümayəndələri, ali məktəb rektorları, elm xadimləri, Beynəlxalq Ataturk Mərkəzinin rəhbəri, Ədəbiyyat İnstitutunun kollektivinin geniş görüşü olub, çıxışlar edilib, fikir mübadiləsi aparılıb, onun Qazax-Azərbaycan ədəbi əlaqələrinin, həm də Qazaxıstan siyasi, ictimai, iqtisadi, mədəni əlaqələrinin inkişafında rolundan danışılıb.
2016-cı ilin mayında Astanada keçirilmiş "Böyük çöl" Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda akad. İ.Həbibbəyli, M.Nağısoylu, A.Şükürov və başqalarının çıxışları da əlaqələrə impuls verə biləcək faktor kimi ortadadır. Azərbaycan-qazax ədəbi əlaqələrinin inkişafında bu sətirlərin müəllifinin də müəyyən rolu olub. Belə ki, o, 2016-cı ildə O.Süleymenovun yaradıcılığına həsr olunmuş iki məqalə, qazax akın yaradıcılığının spesifik xüsusiyyətləri ilə bağlı bir neçə məqalə nəşr etdirib geniş oxucu ictimaiyyətinin diqqətinə təqdim edib.

Nizami Tağısoy
professor