
AZƏRTAC mədəniyyət və incəsənət xadimləri ilə süni intellektin (AI) incəsənətdə tətbiqi ilə bağlı müsahibələr silsiləsini davam etdirir. Bu gün biz Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, “Canlı yayım”, “Əlvida, cənub şəhəri” və “Qorxu mağarası” bədii filmlərin, eləcə də “Savva Morozov”, “Növbətçi mələk-2”, “Petrovka, 38” və “Qadınlar və digər problemlər” serialların quruluşçu rejissoru Oleq Səfərəliyevlə söhbət edirik.
Müsahibimizin fikrincə, süni intellekt yaradıcı təxəyyül baxımından sənətkarı əvəz edə bilməz: “Bu mümkün deyil. Hər bir roman, simfoniya və ya film avtoportretdir. Süni intellekt yalnız ona proqramlaşdırılmış elementləri birləşdirə və tərtib edə bilər. O, orta səviyyəli bir hekayə yaza bilər, amma o heç vaxt yüksək keyfiyyətli olmayacaq. O, nə “Don Kixot”, nə “Səfillər”, nə də başqa bir dahi əsər olacaq. Bunun səbəbi də, məhz ondadır ki, burada birincisi, müəyyən bir problemə bu və ya digər fərdi baxış, ikincisi isə, hər bir əsərin dəyəri olan ehtiras olmayacaq. Məgər süni intellekt, məsələn, Bethovenin Beşinci konsertinə bənzər bir şey bəstələyə bilərmi? Əlbəttə ki, yox. Süni intellekt hətta Motsartın “Türk marşı”nı da bəstələyə bilməz. Motsartdan ona yaratmaq üçün nəyin güc verdiyi soruşulduqda, o, “Birincisi, ikincisi və üçüncüsü – sevgi” cavabını verdi.
Rejissor fərdiliyin itirilməsinin sənətin mənasının itirilməsi olduğuna əmindir: “Mən ehtimal edirəm ki, süni intellekt bir rəsm əsəri yarada bilər. Mən ehtimal edirəm ki, o, hər hansı bir detektiv hekayə bəstələyə bilər. Bu janrda yalnız yeddi süjet sxem mövcuddur. Amma düşünürəm ki, o, film çəkmək qabiliyyətinə malik deyil — ən azından, bu, çox zəif bir film olacaq, çünki orada vacib bir element çatışmayacaq: şəxsi, fərdi keyfiyyətlər”.
Sözlərinin təsdiqi olaraq sənətkar Pikasso haqqında bir hekayə danışdı: “Bir gün bir oğru Pablo Pikassonun villasına girib bir neçə rəsm əsərini oğurlamaq istəyib. Qəniməti ilə çıxarkən rəssamla qarşılaşdı və rəssam ona dedi: “Vaxtını boşa sərf etdin: bu rəsmlərin heç bir dəyəri yoxdur”. Oğru səbəbini soruşanda Pikasso cavab verdi: “Mən hələ onları imzalamamışam”. O, onları yalnız satdıqda imzalayırdı. Onun çoxlu hazır əsəri var idi, amma onlar hamısı dəyərsiz idi. Bax, istənilən dəyərli əsərin üzərinə belə bir müəllif imzası, ustadın möhürü vardır. Mən əminəm ki, süni intellekt heç vaxt insanları qəhrəmanlığa ruhlandıran şeir yazmayacaq. Süni intellekt heç vaxt “Vətəndaş Keyn” və ya “Saf ağlın əbədi nur saçması” kimi dahi ssenari yazmayacaq. Onun ssenariləri mikrodalğalı sobada bişirilən yemək qədər dadsız olacaq. Bilirsiniz, Hiçkokun sevimli lətifəsi var. Montaj otağında iki siçan quru plyonkanı gəmirir və biri digərinə deyir: “Hər halda ssenari daha dadlı idi”.
Süni intellektin kinoda həqiqətən necə faydalı ola biləcəyi barədə düşünən Oleq Səfərəliyev yaradıcı proseslərdə süni intellektdən istifadədə ehtiyacı olmadığını bir daha vurğuladı.
“Süni intellektin yaradıcı potensialına böyük ümidlər bəsləməzdim. Kinoya niyə süni intellekt lazımdır? Kino, gördüyü işə dəlicəsinə inanan və can atdıqları bir xəyalı olan yüksək təhsilli, yüksək peşəkar insanların kollektiv yaradıcılığıdır. Bu kontekstdə və bu tərkibdə böyük əsərlər ortaya çıxır. Süni intellekt, film çəkilişində uzun müddət istifadə edilən kompüterlər kimi, diqqətəlayiq xüsusi effektlər yarada, material toplamağa və planlaşdırmağa kömək edə və ikinci dərəcəli iş yerinə yetirə bilər. Lakin süni intellektdən yaradıcı şəkildə istifadə etmək və müəyyən bir vaxtdan sonra klassik olacaq bir film əldə edəcəyimizi gözləmək... Mən tamamilə əminəm ki, bu mümkün deyil”, - deyə müsahibimiz sözünü yekunlaşdırıb.