Fransada erməni təbliğatının qarşısını necə almalı? Mədəniyyət

Fransada erməni təbliğatının qarşısını necə almalı?

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın mədəniyyət naziri Fransuaz Nissen ilə görüşüb.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
İki ölkə arasında mədəniyyət sahəsində dörd mühüm sazişin imzalandığını qeyd edən nazir Ə.Qarayev Azərbaycanın son illərdə Fransa ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı sahəsində mühüm layihələr həyata keçirdiyini, xüsusilə Heydər Əliyev Fonduilə birgə Fransanın bir çox bölgələrində mədəniyyət günlərinin təşkil edildiyini diqqətə çatdırıb. O deyib ki, mədəniyyət, kitabxana, muzey sahələrində əlaqələri daha da dərinləşdirmək lazımdır.
Ə. Qarayev fransalı həmkarına Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransada həyata keçirilmiş layihələr, ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələri və bu istiqamətdə beynəlxalq fəaliyyətləri haqqında məlumat verib. O, Azərbaycanın qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi üçün bütün layihə və təşəbbüslərə açıq olduğunu vurğulayıb.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi rəsmi Parisin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının həm işğalçı ölkə, həm də separatçı rejim tərəfindən Fransa ərazisində təbliğinin qarşısının alınması üçün ciddi addımlar atmasının zəruriliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də iştirak edib.