Parisdə türk dünyası ilə bağlı silsilə tədbirlər keçirilib Mədəniyyət

Parisdə türk dünyası ilə bağlı silsilə tədbirlər keçirilib

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində "Türk dünyası: maarifçilik və identiklik" mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Fransadakı səfirliklərinin, UNESCO yanında daimi nümayəndəliyimizin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun və Fransanın Nis Sofia Antipolis Universitetinin dəstəyi ilə baş tutub.
Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mövzunun əhəmiyyətinə toxunaraq, türkdilli dövlətlərin mədəniyyətinin və irsinin dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bildirib. Qeyd edib ki, türkdilli dövlətlər xalq yaradıcılığına və yazılı ədəbiyyata bir çox yeniliklər gətirib, beynəlxalq aləmdə bəşəri uğurlar əldə edib. "Kitabi Dədə Qorqud", "Koroğlu", "Manas" kimi tarixi irs nümunələri bütün türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir.
Qeyd olunub ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri – mütəfəkkirləri, yazar-şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar.
Türk dünyasında qadının şərəfli yerindən, diplomatiyada onların rolundan söz açan Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həyata keçirdiyi islahatlardan və dövlət rəmzlərinin qəbul edilməsindən danışıb, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə toxunub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyətin sabitləşdiyini, iqtisadiyyatın dirçəldiyini vurğulayıb.
Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizin Qərblə əlaqələrinin və əməkdaşlığının genişləndiyi diqqətə çatdırılıb. Səfir Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafına, eləcə də mədəniyyətimizin təşviqinə töhfələrindən bəhs edib.
Qazaxıstanın Fransadakı səfiri Jan Qalıyev türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrindən, ölkəsində bu istiqamətdə görülən işlərdən danışıb. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən "Bolaşak" təqaüd, latın əlifbasına keçidlə bağlı "İctimai şüurun müasirləşdirilməsi" proqramlarından söz açıb.
Sonra çıxış edən Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ölkəsinin türkdilli dövlətlərlə münasibətlərə böyük əhəmiyyət verdiyini, bu ölkələrdə qədim türk abidələrinin bərpasına kömək göstərdiyini bildirib. Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, bu tədbirlərin türk dünyasının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığını diqqətə çatdırıb.
Konfransın ikinci hissəsində Fransanın Nis Sofia Antipolis Universitetinin siyasi elmlər və hüquq fakültəsinin dekanı Kristian Vallar, fakültənin dekan müavini Ksavye Latur, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva çıxış edərək, XIX-XX əsrlərdə Azərbaycan maarifçiliyində kimlik məsələsi, hüquq və Vətən xidmətində vətəndaş təhsili, Azərbaycandakı maarifçilik ideyaları, milli təhsil və inteqrasiya, eləcə də türkdilli ölkələr arasında əməkdaşlıq kimi mövzular ətrafında məlumat veriblər.
Konfransdan sonra Azərbaycan İncəsənət Akademiyasının professoru, rəssam Cəmilə Həşimovanın əsərlərindən ibarət "Türk dünyasının cənnət bağları" adlı sərginin açılış mərasimi olub. Sərgi çərçivəsində türkdilli ölkələrin nümayəndələri - Azərbaycandan Səddam Novruzbəyov (balaban, tütək), Qazaxıstandan Aygerim Yersainova (kobız) və Türkiyədən Sərxan Uyar (saz, kaval) milli musiqi alətlərində xalq musiqilərini səsləndiriblər.
Sonda tədbir iştirakçıları milli şirniyyatlara qonaq ediliblər.