Fərqli baxışlar və yeni ideyalar Mədəniyyət

Fərqli baxışlar və yeni ideyalar

"YARAT" Müasir İncəsənət Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamlar üçün "Müasir sərgi konsepsiyası" adlı təlim-seminar keçirilib.
15 regional mədəniyyət idarəsinin təmsil olunduğu təlimin keçirilməsində məqsəd burada çalışan gənc tərtibatçı-rəssamlarda müasir peşə səriştələrinin formalaşdırılması olub. Bu cür peşə səriştələri sırasında sərgilərin hazırlanması, ekspozisiyaların qurulması, sərgilərin texniki hazırlıq proseslərinin aparılması, praktiki hazırlıq mərhələləri və digər bu kimi məsələlər qeyd olunmalıdır. Təqdim olunan format mədəniyyət və incəsənət sahəsində çalışan gənc əməkdaşlar üçün ilk dəfə təşkil edilib.
Gündəliyi üç mərhələdən ibarət tədbirin birinci mərhələsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" adlı sərginin təqdimatı baş tutub. Sərginin kuratoru, "YARAT" Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki incəsənət əsərləri vasitəsilə müxtəlif mövzuların araşdırılması məsələsindən danışıb. Bildirib ki, müxtəlif təşkilatlarla birlikdə belə layihələr qurmaq daha faydalıdır. Sərgidə kreativ üsullarla yaradılan əsərlərə üstünlük verilir. Keçən il sərgiyə gələnlərin sayı 40 min nəfərə çatıb.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev birgə tədbirlərin əhəmiyyətindən danışaraq, gələcəkdə onların davamlı olacağına dair arzusunu bildirib.
İkinci mərhələdə ekspozisiyaların qurulması prosesində texniki hazırlıq işlərinə nəzər salınıb. Köməkçi kurator Fərəh Ələkbərli texniki hazırlıq prosesində işıq və rəng amilinin, müasir texniki avadanlıqdan istifadə qaydalarının, eksponatların estetik təqdimatının vacib məqamlarını açıqlayıb.
Üçüncü mərhələ isə qrup işi – praktiki mərhələ adlandırılıb. Burada F.Ələkbərli mətnlərin yazılmasından danışıb. Təlim iştirakçıları qruplara bölünməklə təqdim olunan sərgidən seçilmiş bir neçə əsərdən ibarət öz kiçik sərgi modelini hazırlayıblar.
Daha sonra təhsil layihələrinin rəhbəri Səyyarə Hüseynli tərəfindən "YARAT" Müasir İncəsənət Mərkəzinin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Tədbirin sonunda S.Qarayeva-Maleki regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamlara sertifikatlar təqdim edib.
Sumqayıt Rəsm Qalereyasının əməkdaşı Günel Hüseynova "YARAT" Müasir İncəsənət Mərkəzinə və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə təşəkkür edərək, tədbirin əhəmiyyətini, iştirakçıların hər birinə fərqli yanaşılmanın müvafiq sahədə çalışanlar üçün çox dəyərli olduğunu vurğulayıb.