Daşkənddə keçirilən beynəlxalq konfransda ölkəmiz də iştirak edib Mədəniyyət

Daşkənddə keçirilən beynəlxalq konfransda ölkəmiz də iştirak edib

Daşkənddə "Nəvai və 21-ci əsr" adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Özbəkistan alimləri ilə yanaşı, Azərbaycan, Türkiyə, İngiltərə, Rusiya, Fransa, Əfqanıstan, Hindistan, Qazaxıstan, Tacikistan və digər ölkələrdən gələn nəvaişünas alimlər iştirak edib.
Azərbaycanı bu konfransda ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər təmsil edib.
Konfransı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib.
Konfransda şairin yaradıcılığı, dövlət xadimi kimi fəaliyyəti ilə bağlı 30-dan artıq məruzə dinlənilib.
Samir Abbasov bildirib ki, bu konfrans Azərbaycan tərəfi üçün də çox əlamətdar hadisədir. Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixindən danışan natiq, qeyd edib ki, Əlişir Nəvai ədəbi əlaqələrimizin fövqündə duran şəxsiyyətlərdən biridir. O deyib ki, Əlişir Nəvai türk ədəbi dilinin yaradıcısı, o dövrdə ədəbi intibahın əsas sütunu, xalqın ehtiramını qazanan dövlət xadimi, filosof kimi tanınır.
Konfrans çərçivəsində Ramiz Əskərin "Azərbaycanda özbək ədəbiyyatının tədrisi və Nəvai" mövzusunda məruzəsi dinlənilib.