
Tərcümə milli mədəniyyətlər arasında ən etibarlı körpüdür.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycanın Xalq şairi Ramiz Rövşənin Ukraynanın “QIRIM.Media” nəşrində dərc olunmuş ukraynalı jurnalist Marına Qonçaruka müsahibəsində yer alıb.
Xalq şairi hesab edir ki, Azərbaycanda Ukrayna dilinin, dost ölkədə isə Azərbaycan dilinin öyrənilməsi mərkəzlərinin yaradılması, həmçinin vasitəçi dildən istifadə etmədən işləyə bilən peşəkar tərcüməçilərin yetişdirilməsi vacibdir. Ramiz Rövşən Azərbaycanı daha yaxşı tanımaq istəyən ukraynalılara təkcə kitablarla kifayətlənməməyi məsləhət görür.
O deyir: “Azərbaycan dilini öyrənən gənclər, habelə Azərbaycan ədəbiyyatı üzərində işləyən tərcüməçilər mütləq Azərbaycana gəlməli, həmyaşıdları və həmkarları ilə şəxsən ünsiyyət qurmalı, ölkəni gəzməli, adi insanlarla söhbət etməli və Azərbaycan haqqında birbaşa məlumat almalıdırlar”.
Ramiz Rövşən uzun illər Ukrayna şairi, Azərbaycan ədəbiyyatının görkəmli tərcüməçisi, jurnalist və dost ölkədə poeziyamızın təbliği üzrə aparıcı mütəxəssislərdən biri olan Mıkola Miroşniçenko ilə dostluq edib. Xalq şairinin şeirlərini Ukrayna dilinə tərcümə edən də məhz bu tərcüməçi olub. Onlar Bakıda görüşüb, saatlarla ədəbiyyat haqqında müzakirələr aparıb, poeziya haqqında fikirlərini bildirib, bir-birinin əsərlərini tərcümə edib və gələcəklə bağlı planlar qurublar. Bu planların bir hissəsini həyata keçirmək mümkün olmayıb.
“Mıkola Miroşniçenko haqqında fikirlərimi bir cümlədə ifadə etməyi xahiş etsələr, düşünmədən deyərdim: o, Azərbaycanın etibarlı dostudur”, -deyə Ramiz Rövşən vurğulayıb.
Şair əlavə edib ki, insanlar şairin əsas ilham mənbəyi olaraq qalır: “Bəzən hətta adi bir insanla sadə söhbət də çox ciddi əsər üçün material təmin edə bilər. Əslində, adi insanların çox zəngin daxili dünyası var; sadəcə, onlar hisslərini sözlə necə ifadə etməyi və kəlmələrə poetik forma verməyi həmişə bilmirlər. Amma şair bunu edə bilər; poeziyanın mahiyyəti də budur - hisslərin və emosiyaların sözə çevrilməsi”.
Ramiz Rövşən gəncliyində Ukraynada yalnız bir dəfə olub. O, Kiyevdə və ətraf kəndlərdə olub. Şair deyir ki, orada insanlarla ünsiyyət ən yaddaqalan xatirələr olub: “Məhz həmin vaxt ukraynalıların nə qədər səmimi və qonaqpərvər olduqlarını gördüm. Kiyev yaxınlığındakı kiçik kəndlər mənə tanış görünürdü və bizim kəndləri xatırladırdı. Ukraynanın təbiəti insanları qədər gözəldir”.