“Bir də gəlməyəcək mənim tək qadın” Mədəniyyət

“Bir də gəlməyəcək mənim tək qadın”

Müğənni Xumar Qədimova Rəşad Məcidin sözlərinə bəstələdiyi mahnısını təqdim etdi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) müğənni Xumar Qədimovanın yeni mahnısının təqdimat mərasimi keçirilib.
BayMedia-nın məlumatına görə, "Bir də gəlməyəcək mənim tək qadın" adlı bəstənin sözləri şair, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə, musiqisi ifaçının özünə məxsusdur.
Rəşad Məcid mərasimi açıq elan edərək bəstənin ərsəyə gəlmə tarixçəsindən və Xumar Qədimovanın sənətindən bəhs edib:
"Buraya Xumar xanımın nəğmələrini, özünü sevən insanları dəvət etmişik. Xumar xanımın öz dünyası var, fərqli səviyyənin daşıyıcısıdır. Bu şeiri 2011-ci ildə yazmışdım. Fikirləşirdim ki, bu sözlərə nəğmə qoşmaq çətin alınar. Amma Xumar xanım bunu etməyi bacardı".
Xumar Qədimova hər zaman dillərdə əzbər olacaq bir nəğmə seçdiyini deyib: "Rəşad Məcid səmimi insandır. Bu səmimiyyət onun şeirlərində də öz əksini tapır. Mən onun hədiyyə etdiyi kitabdan bu şeiri seçdim, musiqi bəstələdim. Rəşad müəllim mahnıya qulaq asanda təəccübləndi. O, ağlına gətirmirdi ki, mənim seçimim bu şeir üzərində olacaq. Hər zaman dillər əzbəri olacaq nəğmələr seçirəm. İndiyədək təqdimat keçirməmişəm, bunun əleyhinə olmuşam. Məncə, elə mahnı oxumaq lazımdır ki, o, öz-özünü dinləyiciyə təqdim etsin. Bu bəstədə də hər bir insanın həyatında baş verə biləcək sevgidən bəhs edilib".
Millət vəkili Aqil Abbas çıxış edərək mahnı haqda müsbət fikirlər söyləyib: "Xumarın səsi, ifası qeyri-adidir. Onun yüksək ifaçılıq qabiliyyəti var. Mahnıya qulaq asdım və çox bəyəndim".
Millət vəkili Jalə Əliyeva qeyd edib ki, Rəşad Məcid hər zaman düzgün seçimlər edir: "Rəşad Məcid bizim əzizimizdir. O, bu dəfə də seçimində yanılmayıb və Xumar Qədimova ilə işbirliyi qurub. Bu onun zövqünün necə yüksək olduğunu bir daha sübut edir".
"Ədalət" qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay isə bəstənin zövqünü oxşadığını deyib: "Bir mahnıda ya musiqi, ya da sözlər güclü olur. Burada ikisi də eyni səviyyədədir. Bəstənin hit olacağına inanıram. Çünki mahnıda ürək döyüntüsü hiss edilir".
Şairə Sevinc Çılğın çıxış edərək "Bir də gəlməyəcək mənim tək qadın" kəlməsinin hər bir qadının ürəyincə olacağını deyib: "Hər bir qadın bu mahnıda özünü görəcək. Bizim sənətçilər həmişə eyni tərzli mahnılar seçir. Xuram Qədimovanın seçimi isə hər zaman fərqli olub. Onun səsini də, ifa etdiyi musiqiləri də bəyənirəm".
Təqdimat mərasimində həmçinin şair-publisist Elçin Mirzəbəyli, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, aparıcı Rövşanə Bektaşi, jurnalist Anar Yusifoğlu və digərləri çıxış edib.