«Sarı gəlin» kitabı təqdim olundu Mədəniyyət

«Sarı gəlin» kitabı təqdim olundu

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Qafqaz Universitetinin professoru Minəxanım Təkləli Nuriyevanın "Sarı gəlin" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının mənəvi dünyasının zənginləşdirən sənət nümunələrinin yaşadılması son dərəcə mühüm addımdır və istər media, istərsə də ictimaiyyət bu vəzifənin icrasına böyük yer verməlidir. Mövcud mənada professor Minəxanım Təkləli Nuriyevanın "Sarı gəlin. Azərbaycan xalq türküləri" kitabı müstəsna əhəmiyyət daşımaqdadır. "Təqdimatı keçirilən nəşr hamımızın yaxından tanıdığı, professor Minəxanım Nuriyevanın çoxillik elmi axtarışlarının nəticəsidir. Müəllif öz işinə son dərəcə məsuliyyətlə yanaşaraq xalq mahnılarımızdan ibarət toplu formalaşdırıb. Düşünürəm ki, bu toplu keçmişimizlə müasir həyatımızın vəhdətini yaradan dəyərli məxəzdir", - deyə o bildirib. Əflatun Amaşov professor Minəxanım Təkləliyə Azərbaycan Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.
"Kaspi" Şirkətlər Qrupunun rəhbəri, "Kaspi" qəzetinin təsisiçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva təqdimatı keçirilən kitabı türk dünyasının mənəvi zənginliyini təsdiqləyən nəşr kimi xarakterizə edib. Səpələnmiş xalq yaradıcılıq nümunələrinin bir topluda cəmləşdirilməsinin əhəmiyyətinə toxunan Sona Vəliyeva "Sarı gəlin"in konservatoriyada və digər musiqi məktəblərində tədrisinə ehtiyacın duyulduğunu önə çəkib. O, çıxışında həmçinin kitabdakı bir sıra məqamlar üzərində dayanaraq konkret nümunələrin xalq yaradıcılığı baxımından şərhini verib.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib ki, "Sarı gəlin" kitabı bütövlükdə türkçülüyün qorunmasına xidmət edən elmi, eyni zamanda bədii əhəmiyyət daşıyan topludur.
Respublikanın əməkdar jurnalisti Flora Xəlilzadə milli sənət nümunələrimizin böyük bir qisminin toplandığı nəşrin əsasən telekanallarda yayılmasının vacibliyindən söz açıb, milli musiqilərimizi ifa edən şəxslərin nəşrə xüsusilə diqqət göstərməsinin zəruriliyini dolğun faktlarla əsaslandırıb.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç rəhbərlik etdiyi təhsil ocağının dəstəyi ilə Azərbaycanın milli mənəvi irsi ilə bağlı 20-dək kitabın nəşr edildiyini diqqətə çatdırıb. Belə kitablardan birinin də "Sarı gəlin" olduğunu vurğulayan Ə.Saniç toplunun müəllifi M.Təkləliyə yeni-yeni uğurlar arzulayıb.
Filologiya elmləri namizədi Qərənfil Dünyaminqızı çıxışında geniş elmi axtarışlar tələb edən nəşrin ərsəyə gətirilməsinin məziyyətlərindən söz açaraq "Sarı gəlin" kitabını tarixi keçmişimizi xalq mahnılarımızda yaşadan yaradıcılıq nümunəsi kimi dəyərləndirib.
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təqdimatı keçirilən nəşrdə elmin və bədii yaradıcılığın vəhdətinin olduğunu vurğulayaraq bildirib ki, kitabda türkçülüyün etnik mahiyyətinin mədəniyyət nümunəsi olaraq ortaya qoyulması vacib məqamdır. O, nəşrin məhz "Sarı gəlin" adlandırılmasının da önəmli mesaj olduğunu qeyd edib.
Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli, filologiya elmləri namizədi Akif Rüstəmov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları çıxışlarında milli musiqilərimizin olduğu kimi, təhrif edilmədən xalqa çatdırılmasının zəririliyindən bəhs ediblər. Onlar mövcud sahədəki neqativ halların aradan qaldırılması üçün orijinal mətnlərin toplandığı "Sarı gəlin" kitabının geniş yayılmasının vacibliyini diqqətə çatdırıblar.
Sonda çıxış edən Minəxanım Təkləli Nuriyevə yaradıcılığına verdikləri dəyərə və xoş sözlərə toplantı iştirakçılarına təşəkkürünü bildirib.