“Turkvision 2015” müsabiqəsi Türkmənistanda keçiriləcək Mədəniyyət

“Turkvision 2015” müsabiqəsi Türkmənistanda keçiriləcək

"Kazan - Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2014" proqramına yekun vurulub

Tatarıstanın paytaxtı Kazanda "Türkviziya 2014" mahnı yarışmasına yekun vurulub. Finalda 15 iştirakçı – Tatarıstan, Türkiyə, Qazaxıstan, Başqırdıstan, Moskva, Özbəkistan, Qırğızıstan, Makedoniya, İran (Təbrizin "Barış" musiqi qrupu), Krım, Bosniya, Bolqarıstan, Yakutiya, Azərbaycan və Türkmənistan təmsilçiləri mübarizə aparıb.
Müsabiqənin qalibi 225 səs toplayan Qazaxıstan təmsilçisi Janar Duqalova olub (Qalib mahnı).
İkinci yeri 201 səs toplayan tatarıstanlı ifaçı Aydar Süleyman tutub.
Başqırdıstanı təmsil edən "Zaman" etno-şou layihəsi 199 səs toplayaraq üçüncü yerə layiq görülüb.
Azərbaycanı "Divlərin yalnızlığı" mahnısı ilə təmsil edən Elvin Ordubadlı doqquzuncu yeri qazanıb.
Müsabiqənin qalibini və bütün iştirakçıları Tatarıstan Prezidenti R.Minnixanov, TÜRKSOY-un baş katibi D.Kaseinov və Türkmənistanın mədəniyyət naziri Annageldı Qaracayev təbrik ediblər.
Qeyd edək ki, türk dünyasının beynəlxalq "Turkvision" televiziya mahnı müsabiqəsi 2013-cü ildən keçirilir. Müsabiqənin təşəbbüskarı və təsisçisi TMB TV kanalıdır. Müsabiqənin əsas məqsədi müasir türk estrada musiqi sənətinin daha da tanıdılması, beynəlxalq yaradıcı əlaqələrin genişləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsidir.
ТМВ TV kanalı verilişin yayımını 24 ölkənin 40 tərəfdaş telekanalında retranslyasiya edirdi. Müsabiqənin ümumi izləyici kütləsi təxminən 300 milyon nəfər təşkil edirdi. Tatarıstan sakinləri müsabiqənin finalını "Maydan" və "TNV" kanallarında canlı izləyirdilər.
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Daimi Şurasının keçirdiyi iclas zamanı Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olması ilə bağlı qərar qəbul edilib. Beləliklə, gələn il "Turkvision 2015" müsabiqəsi məhz Türkmənistanda keçiriləcək.

Turqut